Məhkəmə qərarları › İş №2(011)-3837/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3837/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3837/2020 25.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki uşağı xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin xx xxxxx 2018-ci il tarixindən hesablanaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixdə Bakı Nikah Evində (Səadət Sarayı) rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxxxx 2013-cü il təvəllüdlü X7, xx xxxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı daimi işləmiş, iş yerləri əsasən neftlə əlaqəli şirkətlər olmuş və yüksək əmək haqqı almışdır. O, ailəsinə yaxşı baxmış, övladlarına layiq ata olmuşdur. Onların nikahı Cavabdeh qaldırdığı iddia ərizəsinə əsasən Xətai Rayon Məhkəməsində pozularaq xx xxx 2018-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamə əsasında onun qazancının yarısı miqdarında aliment tutularaq uşaqların saxlanması üçün cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı bir ayda üç övladına görə 3050 ABŞ dolları aliment ödəyir. Lakin cavabdeh onun övladları ilə görüşməsinə mane olur, uşaqları ondan gizlədir. Sonuncu övladları xx xxxxxxx 2017-ci il təvəllüdlü X5 onun övladı olmasına dair iddiaçının şübhəsi olmuşdur. Çünki onun doğumundan aylar öncə iddiaçı işlə bağlı xarici ölkədə olmuşdur. İddiaçı işlə bağlı xaricdə olduğu dövrdə cavabdeh evdə olan 150.000 ABŞ dolları pulu ondan gizli götürərək qardaşının adına ev almış, həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. İddiaçı X5 onun övladı olubolmaması ilə bağlı atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, cavabdeh analiz verilməsi üçün ekspertizaya gəlməmişdir, məhkəmədə iddianı qəbul edərək Canel Səfərəliyevanın onun övladı olmamasını etiraf etmişdir. Cavabdeh ailə münasibətində olarkən iddiaçıya xəyanət etmiş, neçə illər ona aid olmayan uşağı onun uşağı kimi təqdim etmiş, ona görə qazanc almışdır. Belə olan halda xx xxx 2018-ci il tarixli qətnamədə xx xxxxxxx 2017-ci il təvəllüdlü X1 üçün aliment ödənilməsi hissəsində azaldılmalıdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onların arasında nikahın pozulması və iddiaçının aylıq qazancının 50 faizinin cavabdehə verilməsi şərti ilə aliment təyin edilməsinə dair Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsi var. Lakin Murad iki ilə yaxın müddətdə müxtəlif bəhanələrlə, yalan ərizələr yazmaqla, məhkəmələrə yalan ifadə verməklə qətnaməni icra etməmiş, aliment ödəməkdən boyun qaçırmışdır. İddiaçı hər üç uşağa, o cümlədən Canelə aliment verilməsi ilə razılaşmış, Canellə bağlı mübahisə etməmiş, qətnamədən şikayət verməmişdir. Canel anadan olduğu gündən onun himayəsində olmuş, onu övladı kimi qəbul etmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubla göndərdiyi sənədlərdə təsdiq olunur ki, İddiaçı 2018-ci il ərzində və bu ilin fevral ayına kimi işləmiş, məhkəmə qətnaməsini icra etməmiş, aliment ödəməkdən yayınmışdır. Xətai rayon İcra və Probasiya şöbəsinə xx xxxx 2018-ci il tarixdə öz xətti ilə rəsmi izahat, 9 ay sonra isə xx xxxxx 2019-cu il tarixdə ərizə də yazmış, həmin qurum tərəfindən edilən rəsmi və qeyri-rəsmi xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili X13 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X11 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar ananın himayəsində saxlanmış, xx xxxxxx 2013-cü il təvəllüdlü X2, xx xxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq İddiaçı X3 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhərində Cavabdeh anadan olmuş qadın cinsli uşağın, yəni X5 atası olmaması müəyyən edilmişdir. Sözügedən qətnamə xx xxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən Məcəllənin 112.1-ci maddəsinin məzmunundan görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin müraciəti ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhərində Cavabdeh anadan olmuş qadın cinsli uşağın, yəni X5 atası olmaması müəyyən edilmişdir. Nə qədər ki, məhkəmə qətnaməsi ilə iddiaçının xx xxxxxxx 2017-ci il təvəlüdlü X5 atası olmaması müəyyən edilmişdir, belə olan halda cavabdehin həmin uşaq qarşısında valideyn kimi vəzifələri mövcud deyildir. Cavabdehin uşaq qarşısında hər hansı öhdəliyi və vəzifəsi olmadığı üçün alimentin tutulması istisna olunur. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulması nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin alimentin xx xxxxx 2018-ci il tarixdən başlayaraq tutulması hissəsinə qiymət verərək, belə hesab edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı xx xxxxxxx 2017-ci il təvəllüdlü X5 atası olmaması müəyyən edilmişdir. Sözügedən qətnamə xx xxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Odur ki, alimentin həmin tarixdən hesablanmasını məhkəmə ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxx 2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumunun ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxx 2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar