Məhkəmə qərarları › İş №2(011)-3995/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3995/2023

16.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3995/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi təzminatın ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi təzminatın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1erləşir. Göründüyü kimi, nə iddiaçı, nə də cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Digər tərəfdən, iş materiallarından görünür ki, hazırki mübahisə tərəflər arasında əmək hüquq münasibətlərindən yarandığından iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etəlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd edilən müddəalardan da göründüyü kimi, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi təzminatın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar