Məhkəmə qərarları › İş №2(011)-400/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-400/2022

17.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-400/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı işdən azad edilməyiylə əlaqədar olaraq işəgötürənin son haqq-hesabının, yəni 2021-ci ilin , fevral, mart və aprel ayları üçün əmək haqqının, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, xx.xx.2020 - xx.xx.2021 iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın, eləcə də dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə mürciət edərək, işdən azad edilməyi ilə əlaqədar olaraq işəgötürənin son haqq-hesabının, yəni 2021-ci ilin , fevral, mart və aprel ayları üçün 2052 (iki min əlli iki) manat məbləğində əmək haqqının, qətnamə çıxanlan tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi -8 (səkkiz) manat məbləğində ödəncin, xx.xx.2020 - xx.xx.2021 iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə 552 (beş yüz əlli iki) manat məbləğində kompensasiyanın, eləcə də dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixində 800 (səkkiz yüz) manat məbləğində aylıq əmək haqqı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxbir vəzifəsində. işə qəbul olunmuş və faktiki olaraq 2021-ci ilin aprel ayının 19-na qədər hətta qanunvericiliklə işçilər üçün müəyyən edilmiş əmək məzuniyyəti hüququndan istifadə etmədən orada çalışmışdır. 2021-ci ilin mart ayında şirkətin təsisçisi Anar Əskərov maliyyə cəhətdən vəziyyətin yaxşı olmadığını, bu səbəbdən əmək haqlarının ödənilməsində gecikmələr ola biləcəyini bildirdi. İşçilər əvvəlcə müvəqqəti olaraq işə gəlməyəcəklərini desələr də, sonra ofisə çağırılmış və işləməyə davam etmişlər. Aprel ayının əvvəlində isə ofis meneceri Nigar xanım öz xahişləri ilə işdən azad edilmək barədə əvvəlcədən yazılmış hazır ərizələri imzalamağı tələb etmişdir. Bunun səbəbini soruşduqda isə cavabında bildirmişdir ki, müəssisənin Dövlət Sosial Müdafiə Fonduna borcunun yaranmaması üçün belə bir addım atılıb. Həmçinin ərizənin heç bir problem yaratmayacağını və sadəcə olaraq formal xarakter daşıdığını bildirmişdir. Həmin dövrdə müəssisədə rəhbərliklə problem yaşanmaması üçün məcburiyyət qarşısında qalaraq ərizələrə qol çəkmişlər, lakin yenə də adi qaydada çalışmağa davam etmişlər. Bu faktları ofisin nəzarət kameralarının görüntüləri də sübut edə bilər. İddiaçı qeyd edir ki, faktiki olaraq 19 aprel 2021-ci il tarixinədək "xxxx" MMC-də işləsə də, fevral, mart və aprel ayları üçün ona bir manat da olsa əmək haqqı ödənilməmişdir. Bunlara aydınlıq gətirilməsi üçün aprelin 19-da "xxxx" MMC-yə müraciət etdikdə rəhbərlik iddiaçıyla kobud davranmışdır. Həmin gün ona məlum olmuşdur ki, iddiaçıdan xəbərsiz xx.xx.2021-ci il tarixli ***-**** saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək münasibətlərinə xitam verilmişdir. Hal-hazırda "xxxx" MMC-dən iddiaçının adına olan əmək kitabçasını almışdır, lakin işəgötürənin son haqq-hesabı ona ödənilməmişdir. Bunlarla bağlı olaraq xx.xx.2021 tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar **********9 №-li xx.xx.2021-ci il tarixli müraciətə dair cavab məktubunda bildirilir ki, "xxxx" MMC-nin işəgötürəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq iddiaçıya son haqq-hesabı ödəmədiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021- ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, son haqq-hesabın iddiaçıya ödənilməsinə dair "xxxx" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Həmin məktubda qeyd olunan tarixdən də artıq 3 (üç) ay keçməsinə baxmayaraq, işəgötürənin son haqq-hesabı bu günə qədər hələ də ona ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə “Mediapost" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04 saylı əmək müqaviləsidən görünür ki, İddiaçı “Mediapost" MMC-də müxbir vəzifəsində işə başlamışdır. Əmək müqaviləsi müqaviləsi müddətsiz bağlanmışdır. İşçiyə 767.00 (yeddi yüz almış yeddi) manat ümumi aylıq əmək haqqı ödənilir. İşçi aşağıdakı funksiyalarının icrasını öhdəsinə götürür: - Şəhərin və ölkənin həyatına aid məlumatların toplanması, təhlili və emaili; - Xüsusi mövzuların yaradılması və mütəmadi yenilənməsi; - Digər mümkün tapşırıqları yerinə yetirmək. İş materiallarında olan İddiaçı “Mediapost" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı “Mediapost" MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ***-**** saylı əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək pscəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən öz xahişi ilə xx.xx.2021-ci il tarixdən tutduğu Müxbir vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edimişdir. İş materiallarında olan X3 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyinin X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı məktubunda İddiaçı ərizəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixli ***-**** saylı əmrlə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi, lakin son haqq hesabın əmək haqqı kart hesabına köçürülmədiyi məlum olmuşdur. “Mediapost" MMC-nin işəgötürəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq İddiaçı son haqq-hesabı ödənmədiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, son haqq-hesabın İddiaçı ödənilməsinə dair "xxxx" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı , xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında Protokoldan görünür ki, X2 və İddiaçı “Mediapost" MMC-də əmək müqaviləsinə xitam verilərkən əmək haqqı və məzuniyyət haqqı ödənilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və “Mediapost" MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubu ilə təsdiq edilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X2 və İddiaçı “Mediapost" MMC-də əmək müqaviləsinə xitam verilərkən əmək haqqı və məzuniyyət haqqı ödənilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 900 (doqquz) yüz manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan “Mediapost" MMC-nin direkoru X4 tərəfindən X3 Xidmətinə ünvanlanmış məktubun surətindən görünür ki, fevral ayından etibarən yaşanan maliyyə çətinlikləri ilə bağlı komanda üzvlərini məlumatlandırmışlar, problemlər həll edilən kimi fevral ayının əmək haqlarının ödənəcəyi bildirilmişdir, eyni zamanda öz xahişi ilə işdən azad edilən əməkdaşlara da maliyyə problemləri ilə səbəbilə ödəyə bilmədikləri əmək haqlarının ödənilməsi prosessinə başlandığı bildirilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Bakı şəhəri X5 Üzrə Baş İdarəsinin “Mediapost" MMC-yə ünvanladığı məkubdan görünür ki, “Mediapost" MMC-nin fəailiyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək dayandırılmışdır. İş materiallarında olan “Expressbank" ASC-nin “Mediapost" MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, “Expressbank" ASC-də mövcud olan hesablaşma hesabları üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi heç bir əməliyyat olmayıb və hesablar üzrə qalıq yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş xəbər saytlarında yerləşdirilmiş məqalələrin fotoşəkillərindən görünür ki, İddiaçı 2021-ci ilin mart və aprel aylarında “Mediapost" MMCnin müxbiri olaraq saytda müxtəlif məqalələr yerləşdirmişdir. İş materiallarına əlavə edilmiş flaşkartda olan hiperlinklərdən görünür ki, İddiaçı 2021-ci ilin mart və aprel aylarında “Mediapost" MMC-nin müxbiri olaraq saytda müxtəlif məqalələr yerləşdirmişdir. İş materiallarında olan “Expressbank" ASC tərəfindən İddiaçı əmək haqqı hesabından çıxarışdan görünür ki, İddiaçı “Mediapost" MMC tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə əmək haqqı üzrə ödəniş edilmişdir. Həmin tarixdən sonra xx.xx.2021-ci il tarixədək əmək haqqı üzrə hər hansı ödəniş aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərlmişdir ki, o, iddiaçının iş yoldaşı olub. Onlar “Mediapost" MMC-də biryerdə çalışmışlar. İddiaçıın başına gələnlər onun da başına gəlib. “Mediapost" MMC-nin rəhbərliyi hazır yazılmış ərizələri işçilərə imzalatmışlar, onlar da iş yerləri olduğu üçün güvənib imzalamışlar, sonradan xəbər tutmuşlar ki, işdən çıxarılıblar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-400/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə vəsatətlər verilmişdir. Vəsatətlərin təmin edilməsi məqsədilə “Mediapost" MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tələb edilən materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 2052 manat məblğində əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə 552 manat məbləğində kompensasiya məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Mediapost" MMC-də müxbir vəzifəsində işə başlamışdır, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdən işdən azad edilməyi ilə bağlı “Mediapost" MMC-yə ərizə ilə müraciət etmişdir və xx.xx.2021-ci il tarixdən müxbir vəzifəsindən azad edilməsinə baxmayaraq mart və aprel aylarında da əmək fünksiyalarını icra etməyə davam etmişdir. Buna baxmayaraq işçiyə nə əmək müqaviləsinin qüvvədə olduğu fevral ayının, nə də əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq işçinin əmək funksiyalarını faktiki icra etdiyi mart və aprel aylarının əmək haqqı ödənilməmşdir. Bu hal tərəflərin izahatları, təqdim edilmiş sübutlar əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Eyni zamanda İddiaçı “Mediapost" MMC-də müxbir vəzifəsində işlədiyi müddət ərzində qanunvericiliklə məyyən edilmiş məzuniyyət hüququndan istifadə etməmişdir. Belə olan halda məhkəmə belə qənətə gəlir ki, iddia bu hissədə də təmin edilərək İddiaçı istifadə etmədiyi məzuniyyət haqqının əvəzi ödənməlidir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Həmin Məcəlləyə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir (Maddə 140). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-ci maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsində təmin edilərək 2052 manat məblğində əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə 552 manat məbləğində kompensasiya cavabdeh “Mediapost" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın qətnamə çıxarılan tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi -8 (səkkiz) manat məbləğində pul vəsaitini ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi -8 (səkkiz) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etsədə həmin məbləği əsaslandıran hər hansı bir dəlil təqdim etmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı işdən azad edilməyi ilə əlaqədar olaraq işəgötürənin son haqq-hesabının, yəni 2021-ci ilin , fevral, mart və aprel ayları üçün 2052 (iki min əlli iki) manat məbləğində əmək haqqının, qətnamə çıxanlan tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi -8 (səkkiz) manat məbləğində ödəncin, xx.xx.2020 - xx.xx.2021 iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə 552 (beş yüz əlli iki) manat məbləğində kompensasiyanın, eləcə də dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası qismən əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Mediapost" MMC-dən ödənilməmiş əmək haqqına görə 2052 (iki min əlli iki) manat, istifadə edilməmiş məzuniyyətə görə 552 (beş yüz əlli iki) manat məbləğində kompensasiya və ödənilmiş dövlət rüsmuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar