Məhkəmə qərarları › İş №2(011)-4033/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4033/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4033/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul və dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən ona borclu olduğu 2900 manat pulun alınaraq ona verilməsi, əlavə olaraq 92 manat notariat rüsumunu, həmçinin 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh iddiaçıdan 2 ay müddətinə 3000 manat məbləğində borc pul istəmişdir. İddiaçı Cavabdeh həmin borcu vaxtında qaytara biləcəyinə inanmışdır. Bu səbəbdən də iddiaçı həmin borcu Notariat Ofisində müqavilə əsasında verə biləcəyini bildirmişdir. Həmin zaman iddiaçıda pul olmadığı üçün başqa bir şəxsdən 3000 manat məbləğində pul borc alaraq xx.xx.2021-ci il tarixində 4 Saylı Bakı Asan Xidmət Mərkəzindəki Notariat ofisində Cavabdeh 2900 manat məbləğində borc vermiş və orada aralarında “Kredit Müqaviləsi” bağlanmışdır. Həmin vaxtı Cavabdeh pul olmadığı üçün Notariat Ofisində “Kredit Müqaviləsi”nin bağlanılması üçün 92 manat notariat xərclərini də iddiaçı özü ödəmişdir. Həmin “Kredit Müqaviləsi”nə əsasən Cavabdeh həmin borcu xx.xx.2021-ci il tarixinədək ödəməli idi. Lakin Cavabdeh həmin borcdan indiyə kimi 1 manat da olsa qaytarmamışdır. İddiaçı cavabdehdən verdiyi pulları geri tələb edəndə cavabdeh pullarını geri qaytaracağını demiş, lakin hal-hazırda pulu olmadığını bildirmişdir. Artıq uzun müddətdir Cavabdeh iddiaçıya olan 2900 manat borcunu ödəməməsi ucbatından iddiaçıya mənəvi ziyan dəymişdir, çünki iddiaçı həmin pulu başqa adamdan borc alıb ona borc vermişdir. Halhazırda cavabdeh iddiaçıya olan borcunu qaytarmaması səbəbindən iddiaçının maddi vəziyyəti çətinləşmişdir. Cavabdeh isə nə vaxt pulu olsa, o zaman borcunu qaytaracağını bildirmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehin təqdim etdiyi 1700 manat məbləğində qəbz, bu kredit müqaviləsindən əvvəl olan borc üzrə ödəmənin qəbzidir. Belə ki, ümumi borc məbləği 3000 manat olmuşdur, həmin puldan 92 manat müqavilənin rəsmiləşdirilməsi üçün tutulduğu üçün kredit müqaviləsi 2900 manat məbləğində bağlanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında 1700 manat ödəniş etdiyini və qəbzinin olduğunu bildirərək, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi və izahatında həmçinin göstərdi ki, müqavilənin təsdiq edilməsi üçün haqq da iddiaçı tərəfindən ödənilmiş, borcun ümumi məbləği əslində 3000 manat olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərti ilə 2900 manat məbləğində pul vəsaiti vermişdir. Müqavilənin notarial qaydada təsdiq edilməsi üçün 92 manat haqq tutulmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Cavabdeh 1700 manat məbləğində pul almış və qəbzi imzalamışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, 2900 manat məbləğində borc pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Cavabdeh həmin borcdan 1700 manat məbləğində hissəsini iddiaçıya ödəmişdir. Məhkəmə iddiaçı tərəfin verdiyi “1700 manat məbləğində pul vəsaitinin alınmasına dair qəbzin həqiqətən İddiaçı tərəfindən yazılmasına və imzalanmasına baxmayaraq, bu daha əvvəl tərəflər arasında olan digər borc münasibətindən irəli gələn öhdəlik üzrə ödənilmiş pul vəsaiti olması” barədə izahatına hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfin əsaslandığı hal həqiqəti əks etdirmir. Belə ki, iddiaçı iddia ərizəsində də tərəflər arasında əvvəllər borc münasibətlərinin olması barədə heç bir məlumat qeyd etməmiş və ya tərəflər arasında daha əvvəl də borc münasibətlərinin olmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında olan borc münasibətlərinin məbləği əslində 3000 manat olmuş, kredit müqaviləsi təsdiq edilərkən 92 manat haqq iddiaçıdan tutulmuş, ona görə də müqavilə 2900 manata məbləğində bağlanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə verdiyi borc pul vəsaiti üzrə ödənilməmiş qalan borcu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. (maddə 739.2). Yenə həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 1292 manat (2900- 1700+92=1292) məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehdən tərəfindən iddiaçıya ümumilikdə 3000 manat məbləğində pulun verilməsi etiraf edilsə də, lakin iddiaçı tələbində kredit müqaviləsi üzrə cəmi 2900 manat və müqavilənin təsdiq edilməsi üçün ödədiyi 92 manatı tələb etdiyindən, 3000 manatdan yerdə qalan 8 manat iddiaçı tərəfindən tələb edilmədiyindən, məhkəmə tərəfindən 8 manat pul məbləğinə qiymət verilmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin iddianın 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1292 (min iki yüz doxsan iki) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar