Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4087/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı “Kia Ceed” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə həmin avtomobillə Mərdəkan- Bakı yolunun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisindən keçən 3-cü kilometrliyində, “Socar” yanacaq doldurma məntəqəsinin paralelində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən maksimum hərəkət sürəti 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə edərək, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş iddiaçıya daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qaraciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirmişdir.
2. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-180/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Həmin cinayət iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır, onun müayinə və müalicəsi hal-hazırda da davam edir.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
5. İddia ərizəsinin dəlilləri:
6. İddiaçı sağlamlığına vurulan zərərə görə 13 000 manat, mənəvi zərərlə bağlı 5000 manat, əldən çıxmış fayda üçün 12 000 manat, ümumilikdə, 30 000 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 15 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər dəymişdir. Aparılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hadisə nəticəsində həyati əhəmiyyət daşıyan bütün orqanlarında zədələr yaranmışdır. Yaranan xəsarətlərlə bağlı müxtəlif tarixlərdə 3 saylı Şəhər Klinik xəstəxanasında, DİN Hospitalda və DTX HTBİ-də müalicə almış, 26 noyabr 2021-ci il tarixdə sağ bud sümüyünün fiksasiyası və sağ qamış sümüyünün osteosintezi, 25 yanvar 2022-ci il tarixdə sağ bud sümüyü üzərində intramedulyar osteosintez əməliyyatı, 29 mart 2022-ci il tarixdə isə postoperasıon orta ventral yırtığın ləğvi üzrə əməliyyat icra olunmuşdur. Hadisədən aylar keçməsinə baxmayaraq müalicəsi hələ də davam edir. Dəymiş zərər nəticəsində əmək qabiliyyətini tamamilə itirdiyi üçün 1 ilə yaxındır işləmir. Buna görə də heç bir gəlir əldə etmir. Himayəsində 2 azyaşlı uşağın olması, müalicəsinin xeyli xərc tələb etməsi maddi vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Təkcə indiyə qədər müalicəsi üçün 10.000 manata yaxın xərc çəkilmiş, bundan əlavə növbəti əməliyyatı üçün də xeyli xərc çəkiləcəkdir. İş üzrə təqsirləndirilən şəxsin göstərdiyi müəyyən məbləğdə maddi yardım isə müalicə xərclərinin yalnız cüzi bır hissəsini qarşılamışdır. İş üzrə 20 aprel 2022-ci il tarixdə 1(003)-180/2022 nömrəli məhkəmə hökmü çıxarılmışdır ki, bu da vurulmuş zərərə münasibətdə preyudisial əhəmiyyət daşıyır.
8. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
12. Cavabdeh məhkəmə baxışı zamanı iddia tələbini qismən qəbul edərək bildirdi ki, AR DTX Hərbi Tibb Baş İdarəsində iddiaçı müalicə olunan zaman 2500 manat, Daxili İşlər Nazirliyinin hospitalında müalicə alan zaman isə 4000 manat ödəniş etmişdir.
13. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
20. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.
21. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
22. Maddə 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
26. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
27. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
28. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün cavabdehin təqsirliliyi və iddiaçıya mənəvi və maddi zərərin dəyməsinin müəyyən edilməsi vacibdir.
29. Yuxarıda qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. (§16)
30. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli ilə iddiaçıya zərər dəyməsi iş materialları öz təsdiqini tapır.
31. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuşdur. Cavabdeh ona görə təqsirləndərilmişdir ki, “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə anası X3 məxsus, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mərdəkan-Bakı yolunun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisindən keçən 3-cü kilometrliyində, “SOCAR” yanacaq doldurma məntəqəsinin paralelində, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməmiş, habelə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırlması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə edərək avtomobilin ön hissəsi ilə yolun sağ tərəfində dayanmış “Şinkar” inşaat şirkətinə məxsus “Liebherr LTM 1160-5” markalı **-JZ- *** dövlət qeydiyyat nişanlı Xüsusi avtokranın arxasına çırpıldıqdan sonra, zərbənin təsirindən avtomobil fırlanaraq arxa hissəsi ilə 1-ci zolaqda hərəkətdə olan X2 məxsus X4 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən deformasiyaya uğrayaraq avtomobildən qopan ön fara kənarda dayanmış piyada X5 dəymiş və nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş İddiaçı daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qaraciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirmiş, yolun kənarında dayanmış Vasif Babayevə isə ağrı sindromu və hərəkət məhdudluğu, sağ ayaq pəncəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vumaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir.
32. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına ziyan vurulmasında cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən, iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır.
33. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, o baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər vurulmuş, bədənin müxtəlif hissələrindən xəsarətlər almış, stasionar və ambulator müalicələr almışdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1501 nömrəli rəyinə əsasən iddiaçının bədəni üzərində daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qara ciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər 15 noyabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur.
34. Göründüyü kimi, cavabdehin təqsiri nəticəsində iddiaçının sağlamlığına zərər vurulması, buna görə onun müxtəlif tibb müəssisələrində aldığı xəsarətlərlə bağlı əməliyyatlar keçirməsi və müalicə alması iş materialları əsasında öz təsdiqini tapır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
35. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya dəymiş maddi zərərin məbləği ilə bağlı hissədə qismən təmin edilməlidir.
36. İddiaçı sağlamlığına dəymiş zərər nəticəsində müayinə və müalicəsinə 13000 manat məbləğində pul vəsaiti xərclədiyini iddia edir.
37. Maddi zərərin anlayışını verən MM-nin 21-ci maddəsində zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növü müəyyən edilmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Bu halda, iddiaçı müayinə və müalicəsinə 13000 manat məbləğində vəsait xərclədiyini, sübut etmək vəzifəsini daşıyır.
38. Sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət etdiyi halda (MPM-nin 5.1-ci maddəsi), işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil.
39. İddiaçı sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün bir neçə dəfə cərrahi əməliyyatlar keçirməsi, habelə müayinə və müalicələrinə çəkdiyi xərclərlə bağlı qəbzlər təqdim etmişdir. lakin həmin qəbzlərlə xərcin 12607,87 manat olması müəyyən edilir. Digər çəkdiyi xərclərlə bağlı isə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.
40. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbini əsaslı hesab edir.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
42. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
43. İşin mübahisəsiz halıdır ki, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər vurulmuş, bunun nəticəsində o, bir neçə dəfə cərrahi əməliyyatlar keçirmiş və hələ də müalicə müayinələri davam etməkdədir. Bütün bunlar nəticəsində iddiaçının iztirab keçirməsi mübahisəsizdir.
44. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutuması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
45. Məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın tələb edilməsi hissəsində təmin edilməməlidir.
46. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı əldən çıxmış faydanı cavabdehin təqsiri nəticəsində sağlamlığının pozulduğu və əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün itirilmiş qazanc formasında tələb edir.
47. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancının müəyyən edilməsinin əsasları yuxarıda qeyd edilən normalarda göstərilmişdir. Həmin müddəalarda sağlamlığın pozulmasına görə itirilmiş qazancın (gəlirin) hesablanmasının 2 qaydası müəyyən edilmişdir: 1) itirilmiş qazancın zərər çəkmiş şəxsin qazancı (gəliri) nisbətində hesablanması; 2) zərərin vurulduğu an işləmədikdə, həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı həcmində hesablanması.
48. İddiaçı əvvəllər iştirak etdiyi (xx.xx.2022-ci il) məhkəmə iclasında sağlamlığına zərər vurulan vaxt və ya ondan əvvəl rəsmi iş yerinin olmamasını, yalnız mebel ustası kimi fəaliyyət göstərdiyini bildirsə də, həmin peşəyə sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir (§ 38).
49. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Maddi ziyana görə 12 607,87 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 17607,87 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 142,82 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı