Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-418/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10472.29 manat məbləğində sığorta ödənişinin 5700.14 manat hissəsini, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti daxil olmaqla, ümumilikdə 5731.14 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi G.A.Musayeva 03.09.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 5731.14 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi G.A.Musayeva 17.05.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbinin yalnız Cavabdeh1 tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsini müdafiə etdiyini və digər Cavabdeh2 qarşı isə iddia tələbini müdafiə etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.A.Musayeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 26.08.2019-ci il tarixində "xxxx" ASC ilə X4 arasında PMİ- 014553 nömrəli şəhadətnamə üzrə ** UE *** dövlət qeydiyyat nişanlı, “Nissan Kicks” markalı avtomobil 34400 manat məbləğində 2 il müddətinə sığortalanmışdır, həmin avtomobil 04 yanvar 2020-ci il tarixində Bakı şəhər, Xətai rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan və etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil ilə toqquşmuş, nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermiş, hadisə yerinə gələn DYPİ əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı inzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 göstərilmişdir, sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, "xxxx" MMC-in servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən NL_1476 saylı 28.02.2020-ci il tarixli “Qüsur aktı”-na əsasən, avtomobilə dəymiş zərər 10972,29 manat məbləğində hesablanmış, sığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən azadolmaya görə 500 manat çıxılaraq qalan 10472,29 manat həcmində sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" MMC-ə ödənilmiş, bu 20.05.2020-ci il tarixli, 529 nömrəli ödəniş tapşırığında da öz əksini tapmışdır, həmçinin etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PXA ********** saylı şəhadətnamə əsasında "xxxx" ASC tərəfindən sığortalandığından "xxxx" ASC-ə 4772,15 manat məbləğində ödəniş edilmişdir. G.A.Musayeva həmçinin izahatında bildirdi ki, əvvəlcə iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olsa da, sonradan iddia tələbini dəqiqləşdirərək cavabdeh kimi ancaq Cavabdeh1 münasibətdə iddia tələbini müdafiə etdiyini, digər cavabdehə qarşı isə müdafiə etmədiyini bildirdi. Sonda G.A.Musayeva iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdır. Məhkəmə iclasında Cavabdeh1 ərizə verərək və ərizəsinə uyğun izahat verərək izahatında bildirdi ki, 2020-ci ilin yanvar ayında yol-nəqliyyat hadisəsi baş vermiş, o, etibarnamə əsasında Cavabdeh2 məxsus avtomobili idarə etdiyi zaman nəqliyyat vasitəsi başqa bir maşınla toqquşmuşdur, nəticədə inzibati xəta protokolu tərtib edilmişdir, iddia tələbini qismən qəbul edir, hesab edir ki, tələb olunan məbləğ şişirdilmişdir, bu səbəbdən Cavabdeh1 8000 manat məbləğində pulu ödəməyə razıdır və həmçinin Cavabdeh2 isə bu hadisəndə heç bir təqsiri yoxdur. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 ilə mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün 10 iş günü müddətində Bakı şəhəri, X7 40 ünvanında yerləşən ofisə dəvət edilmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ Yol patrul xidmətinin İXP 302473 saylı, 04.01.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 04.01.2020-ci il tarixində “Opel Astra” minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 450189 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. İş materiallarında olan 597045 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Kicks” minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında olan ƏN-İV № 851800 saylı, 28.01.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 məxsus olan “Opel Astra” markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün 10 il müddətinə yəni, 28.01.2025-ci il tarixinədək Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan PMİ 014553 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, X1 mülkiyyətində olan “Nissan Kicks” minik markalı nəqliyyat vasitəsi 26.08.2019-cu il tarixdən 25.08.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. İş materiallarında olan 529 saylı, 20.05.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, PMİ 014553 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 10472.29 manat pul ödənilmişdir. İş materiallarında olan KSN 2606/20 nömrəli 28.02.2020-ci il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 10472,29 manat məbləğində sığorta ödənişi 20.05.2020-ci il tarixdə köçürmə yolu ilə 529 nömrəli sənədlə ödənilmişdir, barəsində reqres tələb sürülməli olan şəxslər kimi Cavabdeh1, Cavabdeh2 göstərilmişdir. İş materiallarında olan 10.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Nissan Kicks” markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin məbləği 10972,29 manat təşkil edir. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə ekspertiza rəyini sübut kimi qəbul edərək X3 məxsus ** UE *** dövlət qeydiyyat nişanlı “Nissan Kicks” markalı nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin 10972,29 manat həddində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X3 məxsus ** UE *** dövlət qeydiyyat nişanlı “Nissan Kicks” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, sonuncuya 04.01.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 məxsus olan və etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunan ** KH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobili ilə zərər vurulmuşdur, zərər vurulmuş həmin avtomobilin təmir-bərpa xərci 10972.29 manat təşkil edir, sığorta ödənişi sığortaçı tərəfindən sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödənilmişdir, cavabdehə məxsus avtomobil "xxxx" Sığorta ASC tərəfindən sığortalanmışdır, Rəvan” Sığorta ASC tərəfindən sığorta ödənişinin 10.472.29 manatı ödənilmişdir, cavabdeh iddia tələbini qismən qəbul edir və 8000 manat məbləğində pulu iddiaçıya ödəməyə razıdır. Bununla belə, cavadbehin etirafının işin həqiqi hallarının gizlədilməsinə yönəlməsi, belə etirafın aldatma, zor, hədə təsiri altında və ya yanılma təsiri nəticəsində baş verməsi və cavabdehin məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 5700.14 manat məbləğində pul Cavabdeh1 alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat və bank xidməti üçün ödənilmiş 1 manat Cavabdeh1 aid edilməli, ondan 31 manat alınaraq iddiaçıya, 200 manat isə alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 ödənilmiş sığorta məbləği kimi 5700,14 manat, dövlət rüsumunun əvəzi qismində 30 manat və bank xidməti kimi 1 manat, ümumilikdə 5731 (beş min yeddi yüz otuz bir) manat 14 (on dörd) qəpik pul məbləği alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 ( iki yüz) manat Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-418/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-418/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver