Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4229/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Şamaxı rayonu Çarhan kəndində 27 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Onların birgə nikahından övladları olmamışdır.
2. Tərəflər xx.xx.2013-cü il tarixdə xx.xx.2010-cu il təvəllüdlü X3 övladlığa götürmüşlər və bu barədə Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə övladlığa götürmə haqqında 007274 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə uşağın soyadı - Atamalılı, adı - Türkan, ata adı - Qüdrət qeyd edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə Şamaxı rayon Çarhan KİN tərəfindən verilmiş 123638 saylı doğum haqqında şəhadətnamədə də uşağın atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir.
3. Tərəflərin nikahları cavabdehin iddiası ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)- 127/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə müəyyən edilir ki, həmin iş üzrə cavabdeh olmuş İddiaçı Cavabdeh aliment tələb etməmişdir. İddiaçı "xxxx" ASC-də xadimə vəzifəsində işləyir.
4. X4 hazırda Bakı şəhəri, Xətai rayonu, Bakı dairəvi küçəsi, 26 nömrəli evdə iddiaçı ilə birlikdə qeydiyyatsız yaşayır (AR Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsi 9 nömrəli MİS-nin xx.xx.2024-cü il tarixli, 65 saylı arayışı).
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə rəsmi qaydada ailə qurmuşlar. Birgə nikah dövründə uşaqları olmamışdır. xx.xx.2013-cü ildə cavabdehlə o övladlığa bir qız götürmüşlər. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmağını sübut etmişdir. Onların ayrılmaqlarının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmaqlarıdır. O, ailənin dağılmasını istəmirdi ancaq bir yerdə yaşamaqları da qeyri mümkün idi. Halhazırda da ayrılmışlar, cavabdehlə heç bir əlaqəsi qalmamışdır. İddiaçı cavabdeh olaraq ona qarşı Şamaxı rayon Məhkəməsinə nikahın ləğvinə dair iddia ərizəsi ilə müraciət etmişdir İddiaçı Cavabdeh tələbi Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-127/2020 saylı qətnaməsi ilə təmin edilərək aralarında olan nikah pozulmuşdur. Cavabdehlə nikahları pozulandan qızı onun yanında qalmışdır. Hal-hazırda qızının maddi cəhətdən təmin edilməsində çətinlik çəkir. Azyaşlı qızının yetkinlik yaşına çatana qədər gündəlik təlabatını, sağlamlığını və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin, onun maddi imkanı buna yol vermir. Bütün öhdəliklər onun üzərinə düşür. Halbuki qızının saxlanılması üçün onun tələbatını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. O, bir valideyn kimi uşağının saxlanılması üçün aliment ödəməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, ayrı yaşamaqlarına baxmayaraq o, daima qızı ilə maraqlanır, ona maddi imkanı çatdığı qədər qulluq etməyə çalışır. Onun hər ay 235 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. O, övladına qulluq edir, lakin bu miqdarda alimentin ödənilməsi onun üçün mümkünsüzdür. O, hər ay 120 manat məbləğində aliment ödəyə bilər.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməmələrini bildirmiş və iddia tələbinin qismən təmin edilərək hər ay 120 manat məbləğində alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
8. Maddə 17.İİ Uşaqın qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
9. Maddə 75.1. Valideynlər uşaqını saxlamağa borcludurlar.
10. Maddə 75.4 Valideynlər uşaqı saxlamadıqda uşaqın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
12. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
13. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
18. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.
19. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
20. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqa görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqın sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-iddiaçının rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olunduğundan ikinci qayda tətbiq ediləcəkdir
21. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqın tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. Lakin, məhkəmə uşağın saxlanması üçün cavabdehdən alimentin tutulması qənaətinə gəlsə də, hesab edir ki, cavabdehin də maddi vəziyyəti nəzərə alınmalıdır. Belə ki, cavabdehin gəlir məlumatları barədə “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilir ki, cavabdehin rəsmi iş yeri yoxdur.
24. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi imkanı göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin qazancı, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin hər ay 200 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
25. Alimentin tutulmasının hansı vaxtdan hesablanması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır.
26. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 2400 manatdır (200 manat x 12 ay = 2400 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq 44 manat təşkil edi.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 44 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı