Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-426/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” barədə ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında və ona qızının doğulduğu gündən 3 il ərzində hər ay ödənilməli olan sabit pul məbləği formasında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 29 mart 2020-ci ildə 2 saylı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İİ N385598 nömrə ilə qeydə alınmış nikahlarının pozulması, həmçinin cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 öz himayəsində qalmaqla, onun yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay qazancının dörddə bir hissəsi miqdarında və ona qızının doğulduğu gündən 3 il ərzində hər ay ödənilməli olan sabit pul məbləği formasında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 21 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, uşağa hər ay üçün 220 manat məbləğində, özü üçün uşağın 3 yaşına çatanadək 200 manat vəsait verilməsini tələb etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul edərək izahatında bildirdi ki, qarşı tərəflə 2020-ci ilin mart ayında rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir qızları var, evləndikdən sonra bir müddət qarşı tərəfin ailəsi ilə birlikdə yaşamışdırlar, sonra İ.İsmayılov küçəsi ev 8, mənzil 84 ünvanına köçmüşdürlər, bir müddət münasibətləri normal olsa da, sonradan yoldaşının ailəsinin müdaxiləsi nəticəsində yoldaşı ilə aralarında söz-söhbətlər yaranmış, münasibətləri korlanmışdır, ailəsinin dağılmaması üçün əlindən gələn hər cür dəstəyi göstərmişdir, problem qarşı tərəfdədir, lakin yoldaşı ondan və uşağından soyumuşdur, dəfələrlə ailəsini bərpa etməyə çalışmışdır, lakin qarşı tərəf artıq evə gec – səhərə yaxın gəlməyə başlamış, qazandığı pulları restoran və kafelərdə pis vərdişlərə, spirtli içkilərə, digər qadınlara xərcləməyə başlamışdır, dəfələrlə içkili vəziyyətdə evə gələrək dava salmış, kiçik qızının atasından qorxmasına səbəb olmuşdur, sonuncu dəfə isə evə içkili gələrək onu döydüyü üçün atasının evinə getmişdir, qarşı tərəflə artıq uzun müddətdir ki – 5 sentyabr 2022-ci ildən birlikdə yaşamırlar, nikahları faktiki olaraq pozulmuşdur, aralarında ailə münasibətlərinin bərpa olması, mehriban şəraitdə ər-arvad kimi yaşamaqları mümkün deyil, bu səbəbdən hazırda nikahın pozulmasını istəyir, üç ay müddət ərzində də barışıq olmamışdır, özü və uşağı hal hazırda atasının himayəsindədir, uşaq öz yanındadır, nikah pozulduqdan sonra da övladının öz yanında qalmasını istəyir, o, azyaşlıdır, anasına ehtiyacı vardır, qarşı tərəf nə ona, nə qızına heç bir maddi dəstək göstərmir, o, rəsmi olaraq Socarın işçisidir, həmçinin fərdi bizneslə məşğuldur, qazancı yüksəkdir, lakin üzərinə düşən valideynlik vəzifəsini yerinə yetirmir, nə onunla, nə övladı ilə maraqlanmır, özü işləmir, uşağına baxır, uşağın saxlanması üçün həm uşaq üçün, həmçinin 3 yaşına çatanadək özü üçün aliment tutulmasını istəyir, özü üçün 80 manat aliment tutulmasına etiraz etmir. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı qismən qəbul edərək izahat verərək bildirdi ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir qızları var, xasiyyətlərin tutmaması səbəbindən tərəflərin ailə münasibətləri dağılmışdır, hazırda 3 ay sonra da tərəflər arasında barışıq yoxdur, aralarındakı münasibət kəskinləşmişdir, bərpa olunması mümkün deyildir, uzun müddətdir ki, birlikdə yaşamırlar, nikah formal xarakter daşıyır, barışıb ailə kimi yaşamaqları mümkün deyildir, ilkin iddia üzrə Cavabdeh 420 manat alimentə razı deyildir, iddia aliment hissədə qismən təmin olunmalıdır, cavabdeh hazırda işləmir, o, uşağa ödənilməli hər ay 220 manat məbləğlə razıdır, lakin iddiaçıya ödənilməli olan məbləğlə razı deyildir, uşağın saxlanmasına görə iddiaçıya 50 manat aliment verə bilər, uşağın ana ilə qalmasına etiraz etmir. Sonda Cavabdeh nümayəndəsi və vəkili Vəkil qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfin və vəkilin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 051145 nömrəli təkrar nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdurlar, bu barədə eyni tarixdə 625 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Rəhimli”, arvada “Rəhimli” soyadı verilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 678712 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən və AZ-T seriyalı 184792 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-cı il tarixdə 980 № ilə qeyd edilmişdir. Onun valideynləri - atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AA3762599 nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞH/5-03505 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı sessiyanın keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02274 saylı “İMS sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər, Cavabdeh sessiyanın keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir, əmək haqqı 250 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı qüvvədə olan əmək müqaviləsi məlumatları aşkar edilməmişdir. İş materiallarında olan Qəbzdən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır, hal-hazırda onlar arasında ər-arvad münasibətləri kəsilmişdir, bir ailə kimi yaşayıb, birgə ailə təsərrüfatı idarə etmirlər, ailənin bərpası mümkün deyil, tərəflərə barışıq əldə olunması üçün 3 ay vaxt verilsə də, onlar arasında barışıq əldə edilməmişdir, tərəflərin hər ikisi nikahın pozulmasında təkid edir, uşaq hazırda anası İddiaçı yanındadır, İddiaçı işləmir, cavabdeh uşağın ananın yanında saxlanmasına, uşağa görə hər ay 220 manat, uşağın saxlanmasına görə iddiaçıya 50 manat aliment ödənilməsinə etiraz etmir. Həmçinin məhkəmə tərəfindən nikahın pozulması, uşağın ananın yanında qalması, onun saxlanması üçün Cavabdeh aliment tutulmasını istisna edən hallar müəyyən olunmadı. Məhkəmə, nikahın pozulmasına münasibətdə hesab edir ki, tərəflərə barışıq üçün verilmiş 3 ay ərzində onlar arasında barışıq əldə edilmədiyindən, tərəflərin hər ikisi nikahın pozulmasında təkid etdiyindən və nikahın pozulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Məhkəmə, nikah pozulduqdan sonra uşağın valideynlərindən hansının yanında qalmasına münasibətdə uşağın onun yanında qalması barədə iddiaçının xahişini, onun yaş həddini, tərbiyəsini, sağlamlığını, psixi, fiziki, mənəvi inkişafını, hal-hazırda anasının yanında olmasını, onun uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanını, bu barədə digər valideynin – Cavabdeh etirazının, həmçinin uşağın ananın yanında saxlanmasını istisna edən halların olmamasını nəzərə alaraq, xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Məhkəmə, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulmalı aliment miqdarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, bu zaman tərəflərin ailə vəziyyəti, uşağın əvvəlki yaşayış səviyyəsi və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar, 2023-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu, aliment ödəməli şəxs Cavabdeh bu barədə razılığı, uşağın saxlanması üçün vəsait tutulmasının tələb edən İddiaçı alimentin sabit pul məbləğində tutulması barədə xahişi nəzərə alınmalı və aliment sabit pul məbləğində, miqdarı isə hər ay 220 manat həddində müəyyən edilməlidir. Məhkəmə, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulması tələbinə münasibətdə, sonuncunun hazırda heç bir yerdə işləməməsini, onun maddi və əmlak vəziyyətini, ilkin iddia üzrə cavabdehin bu barədə qismən (50 manat) razılığını nəzərə alaraq, bu məqsədlə aliment tutulmasını mümkün sayır və belə aliment miqdarının hər ay sabit pul məbləğində olmaqla 80 manat həddində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Alimentin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, ilkin iddia üzrə iddiaçının “cavabdehin rəsmi olaraq Socarın işçisi olması, fərdi bizneslə məşğul olması, qazancının yüksək olması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, İddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair mötəbər sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinəəsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin edilməli, tərəflər arasındakı nikah pozulmalı, xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanmalı, onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay 220 manat, habelə uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, aliment tələbi üzrə iddiaçılar (hazırki mülki iş üzrə İddiaçı) dövlət rüsumu ödəməkdən azad olduğundan, bir il ərzində ödənilməli aliment məbləği nəzərə alınmaqla, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməli, qiymətəndirilməyən iddia tələbləri nəzərə alınmaqla, dövlət rüsumunun kəsri olaraq 50 manat İddiaçı alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 625 saylı aktla qeydə alınmış nikah pozulsun. xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay 220 (iki yüz iyirmi) manat və xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İddiaçı 50 (əlli) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-426/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-426/2023
31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver