Məhkəmə qərarları › İş №2(011)-4298/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4298/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4298/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 340 manat sabit pul məbləği miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Z.Paşayeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki uşaq doğulmuşdur, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehə hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, lakin uşaqları tək başına saxlamaq ona çətindir, uşaqların gündəlik tələbatlarını ödəyə bilmir, uşaqların xərcləri əvvələ münasibətdə xeyli artmışdır, həmçinin 2020-ci il üçün uşaqlara görə yaşayış minimumunun da miqdarı artaraq 170 manat kimi müəyyən edilmişdir, ona görə də hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Sonda Z.Paşayeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.Paşayeva ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 160057 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 35 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Nurəliyev, qadına Paşayeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 959520 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə X1. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 432451 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə X1. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-137/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuş, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaqlar iddiaçının himayəsindədir, məhkəmə qətnaməsi ilə uşaqlar üçün müəyyən edilmiş aliment miqdarı hazırda bu məqsədlə yetərli deyil. Bununla belə, cavabdehdən aliment tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-сi il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasıüçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 (beş yüz) manatdan az olduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, cavabdehdən dövlət mədaxilinə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatadək olduqda, 20 manat dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar