Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4299/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı X3 Cavabdeh qarşı xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatanadək ana üçün 100 manat, vəkilə hüquqi yardım göstərdiyi üçün 150 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat, mediasiya üçün ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən iclası iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah haqqında xx.xx.2022-ci il tarixdə 143 nömrəli akt qeydi tərtib edilmişdir. X7 xx.xx.2023-cü il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. - İş materiallarında olan 13289 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı vəkilə 150 manat ödəniş etmişdir. - İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, 50 manat məbləğində mediasiya xərci Cavabdeh tərəfindən ödənilmişdir. - “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, nə X2, nə də Cavabdeh rəsmi iş yeri yoxdur. Cavabdeh Vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində müavinət alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Maddə 234. Qətnamənin icra edilməsi 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin vəkillərinin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqlarının maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay üçün 235 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaya uşaq 3 yaşına çatanadək ana üçün 100 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən aliment tələb etmək hüququ olsa da, bu hüquq buna zəruri vəsaitə malik olan şəxsə qarşı yönəldilə bilər. Lakin mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh rəsmi iş yeri yoxdur, onun adına VOEN qeydiyyata alınmayıb. Cavabdehə hər ay 80 manat məbləğində müavinət ödənilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının saxlanılması üçün alimenti ödəməyə yetərli maddi imkanı yoxdur. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddiaya ilkin mediasiya sessiyasının xərcinə görə ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək qeyd edir ki, mülki iş materiallarında olan arayışdan məlum olur ki, həmin xərc iddiaçı tərəfindən deyil, Cavabdeh tərəfindən ödənilmişdir. Odur ki, iddia bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın məhkəməyə verilməsi üçün göstərilən hüquqi yardıma görə 150 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh uşaqların saxlanılması üçün qanunvericilikdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar vəkilə etibarnamənin verilməsi və hüquqi yardıma görə ödənilmiş xidmət haqqının ödənilməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçı həmin məsrəflərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2987,25 manat (235 manat x 12 ay+150+17,25) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 49,87 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanılmaqla cavabdeh X4 hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş haqqın əvəzi olaraq 150 (yüz əlli) manat, etibarnamənin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 49,87 (qırx doqquz manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4299/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4299/2024
05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver