Məhkəmə qərarları › İş №2(011)-43/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-43/2023

08.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-43/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, katib Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Vəkil3 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı X16 Masoudun cavabdeh "xxxx" MMC-yə qarşı son haqq-hesabın ödənilməsi tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı artıq ödənilmiş əmək haqqının geri ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin və qarşılıqlı iddia tələbləri İlkin iddia üzrə iddiaçı X16 Masoud cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən "xxxx" MMC-dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 1948 manat olmaqla, cəmi 5844 manat, 2021-ci ilin yanvar, ferval və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla hər ay üçün 2448 manat olmaqla, cəmi 7344 manat və 2020 və 2021-ci illər üzrə ödənilməmiş məzuniyyət haqqı olaraq 4448 manat olmaqla, cəmi 17636 manat məbləğin və həmin məbləğin ödənilməməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cərimə hesablanmaqla 6084 manatın və mediasiya xərci olaraq ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq iddiaçı X17-a ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddianın dəlilləri ondan ibarət olmuşdur ki, X16 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən xx.xx.2019-ci il tarixdən etibarən işçi şirkətin keyfiyyət təminatı üzrə menecer vəzifəsində işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi üzrə əmək haqqı (vergi və ödənişlər çıxmaqla) 2448,00 manat təyin edilmişdir. 2019-cu ilin iyul ayından 2020-ci ilin sentyabr ayınadək aylıq əmək haqqı müqaviləyə uyğun olaraq işçinin hesabına köçürülmüşdür. İşçinin əmək haqqında hər hansı bir dəyişiklik baş vermədiyi halda ərizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan da göründüyü kimi xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində işçinin hesabına əmək haqqı təyinatı ilə hər dəfə 500 manat köçürülmüşdür. Daha sonra isə 2021-ci ilin yanvar ayından etibarən əmək müqaviləsinə xitam verilənədək -xx.xx.2021-ci il tarixinədək işçiyə ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Tərəflər arasında əmək müqaviləsinə xitam verildikdən sonra işçi ilə son haqq-hesab aparılmamışdır. Qeyd edilən hallarla əlaqədar Azərbaycan Respiblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət olunmuşdur. Müraciətlə bağlı X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulduğu müəyyən edilmiş və şirkətin baş direktoru Nicat Cəbiyev barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin bundan sonra da şirkət tərəfindən işçiyə ödənilməmiş əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC cavabdeh X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən 18499,15 manat məbləğində pul vəsaitinin X16 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddianın dəlilləri ondan ibarət olmuşdur ki, X3 ilə "xxxx" MMC arasında xx.xx.2019-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən MMC-nin keyfiyyət təminatı üzrə meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsi üzrə əmək haqqı 2448 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində isə öz xahişi əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdehə işlədiyi iş vaxtına əsasən 22141,95 manat ödənilməli olduğu halda, 40647,10 manat ödəniş edilmişdir. Belə olan halda cavabdehə 18499,15 manat artıq ödəniş edilmişdir. Tərəflərin izahatları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianı müdafiə etdi və məhkəmədən ilkin iddianın təmin ediməsini, qarşılıqlı iddiaya dair etirazını bildirərək isə qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddiaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək məhkəmədən qarşılıqlı iddianın təmin ediməsini, ilkin iddiaya isə etiraz edərək ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçını nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ilkin iddiaya etiraz ərizəsində qeyd edilmişdir ki, X13 ödənilməmiş əmək haqqı ödənilməsi tələbi əsassızdır, əksinə ona 3743,00 manat artıq əmək haqqı ödənilmişdir. X17 2019-2020-ci illər üçün məzuniyyət hüququndan istifadə etmiş, 2020-2021-ci illər üçün isə onun 8 aylıq məzuniyyət hüququ yaranmışdır ki, buna görə hesablanmış məbləğ 893,32 manat təşkil edir. X14 MMC-yə qarşı cərimə tələbi həm MMC-nin ona gecikdirilmiş pul ödənişinin mövcud olmaması, həm də tərəflər arasında fərdi əmək mübahisəsinin mövcud olduğu üçün əsassızdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçını nümayəndəsi və vəkili məhkəməyə ilkin iddiaya etiraz ilə müraciət edərək bildirmişdir ki, X14 ödənilməmiş əmək haqqı ödənilməsi tələbi əsassızdır, əksinə ona 18499,15 manat artıq əmək haqqı ödənilmişdir. X17 2019-2020-ci illər üçün məzuniyyət hüququndan istifadə etmiş, 2020-2021-ci illər üçün isə onun 8 aylıq məzuniyyət hüququ yaranmışdır ki, buna görə hesablanmış məbləğ 893,32 manat təşkil edir. X14 MMC-yə qarşı cərimə tələbi həm MMC-nin ona gecikdirilmiş pul ödənişinin mövcud olmaması, həm də tərəflər arasında fərdi əmək mübahisəsinin mövcud olduğu üçün əsassızdır. İşin halları: X16 Masoud ilə "xxxx" MMC arasında 12 iyun 2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə əsasən X17 "xxxx" MMC-yə keyfiyyət üzrə menecer vəzifəsində işə qəbul edilmişdir. Müqaviləyə əsasən tərəflər aşağıda şərtlər barəsində razılaşmışdırlar: - işçinin aylıq əmək haqqı məbləği 2720 manat təşkil edir; - iş saat 08:30 başlanır, saat 17:50-də bitir; - nahar vaxtı 12:30-dan saat 13:30-dəkdir; - istirahət günləri şənbə və bazar günləridir; - işçinin iş ili xx.xx.2019-xx.xx.2019 aylardan ibarət dövrü əhatə edir; - əsas məzuniyyətin müddətin 30 gündür. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin öz xahişi ilə, xitam verilmişdir. X16 Masoud "xxxx" MMC tərəfindən hüquqlarının pozulması haqqında Maraqlı şəxsnə müraciət etmiş, aparılmış araşdırma nəticəsində tərəflər arasında əmək müqaviləsinə xitam verildiyi zaman X16 Masouda son haqq-hesabın ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Maraqlı şəxs tərəfindən cəmiyyətin Baş direktoru X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyeva ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun sürətindən görünür ki, "xxxx" MMC-nin direktoru X12 tərəfindən məktubda X15 şirkət əmlakını, çalışmaq üçün ona verilən telefon, kompüter olan əsas vəsaitləri şirkətə qaytarılmasa, ona son haqq-hesabın verilməcəyəyini bildirildiyi bəyan edilib. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli 9/8930 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan bank hesabından çıxarış, tabel-uçot vərəqəsi, əmrlərə və ərizələrə əsasən X14 xx.xx.2020-xx.xx.2020-ci illər üzə əmək məzuniyyətinə çıxması və məzuniyyət haqqının ödəniləsi müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan bank hesabından çıxarış, tabel uçot vərəqəsi və digər sənədlərə əsasən iddiaçı X17 ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 2020-ci ilin oktyabr ayı üzrə 465,36 manat, noyabr ayı üzrə 480,40 manat, dekabr ayı üzrə 147,07 manat, həmçinin 2021-ci ilin yanvar ayı üzrə 249,67 manat, fevral ayı üzrə 239,68 manat, mart ayı üzrə 35,76 manat məbləğində əmək haqqının hesablanaraq ödənilməsi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli 9/5031 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan bank hesabından çıxarış, tabel-uçot vərəqəsi və digər sənədlərə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X15 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlər arasında 25270,36 manat məbləğində müəyyən edilir. Həmin sənədlərə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X15 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlərdə 37932,17 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan sənədlərə əsasən 12661,81 manat məbləğində artıq ödəniş müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan bank hesabından çıxarış, tabel uçot vərəqəsi və digər sənədlər əsasən iddiaçı "xxxx" MMC-nin X15 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlər arasında 12661,81 manat məbləğində artıq ödəniş müəyyən edildiyindən son haqq-hesab məbləği hesablanmadı. Tədqiqat zamanı iş materiallarında olan bank hesabından çıxarış, tabel-uçot vərəqəsi, əmrlərə və ərizələrə əsasən iddiaçı "xxxx" MMCnin cavabdeh X15 2020-ci ilin aprel ayında əmək məzuniyyətinə çıxması və 2448,40 manat məbləğində məzuniyyət haqqının ödənilməsi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Mühasibatlıq Ekspertizası haqqında rəy”dən görünür ki, X18 ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək 24037,54 manat məbləğində əmək haqqı ödənilməli idi. X17 ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilmiş əmək haqqı 37932,17 manat məbləği təşkil etmişdir. X17 ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş əmək haqqı məbləği 13894,63 manat müəyyən edilir. X15 son haqq-hesab ödənilməmişdir. X15 hesablanaraq ödənilməli olan son haqq-hesab məbləği 244,90 manat təşkil edir. X17 2020-2021-ci iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın məbləği 244,90 manat təşkil etməlidir. X17 ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 2020-ci ilin oktyabr ayı üzrə 470,45 manat ödənilməli olan halda 2447,00 manat, noyabr ayı üzrə 485,67 manat ödənilməli olan halda, 1000,00 manat, dekabr ayı üzrə 164,99 manat ödənilməli olan halda, 533,38 manat ödənilmiş, 2021-ci ilin yanvar ayı üzrə 263,65 manat, fevral ayı üzrə 237,13 manat, mart ayı üzrə isə 38,08 manat ödənilməli olduğu halda, sonuncu aylar üzrə ödənişlər edilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Maddə 94. Natamam iş vaxtı

1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.

4. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

5. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Maddə 110. İşçilərin məzuniyyət hüququ

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili

1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər.

Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi

1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Maddə 171. Natamam iş vaxtında əməyin ödənilməsi

Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir

Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası

1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; [234] c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. [235]

3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 Aprel 2023-cü il tarixli Qərarı

1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi

119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 36. Mediasiya xərcləri 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə ilkin iddiaya "xxxx" -dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 1948 manat olmaqla, cəmi 5844 manat, 2021-ci ilin yanvar, fevral və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla hər ay üçün 2448 manat olmaqla, cəmi 7344 manat məbləğində ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə aşağıda göstərilənlərə əsasən qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ildə ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı tərəflər arasında əmək münasibətləri prosesində natamam iş vaxtı rejimi tətbiq edilmişdir. Bununla bağlı məhkəməyə tərəflər arasında əldə edilmiş razılaşmaya dair yazılı sübut təqdim edilməsə də, işin faktiki halları buna dəlalət edir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən müddət üçün əməyin ödənilməsi əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib hesablanmalıdır. Belə olan halda, 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə X16 Masouda "xxxx" MMC tərəfindən faktiki işlədiyi vaxtda görə hesablanmalı olan əmək haqqından artıq məbləğdə əmək haqqı ödənildiyinə görə, həmin ayları üzrə 5844 manat məbləğində əmək haqqının ödənilməsi tələbi əsassızdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar, fevral və mart ayları üzrə X16 Masouda ümumilikdə 540,62 manat (xx.xx.2023-cü il tarixli 9/5031 nömrəli rəydən ekspert rəyi) məbləğində əmək haqqı ödənilməli olduğu halda, hər hansı məbləğdə ödəniş edilməmişdir. Belə olan halda, iddia qeyd edilən müddətə görə ödənilməmiş əmək haqqına görə 7344,00 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq X16 Masouda ödənilməsi hissədə qismən təmin edilməli, "xxxx" MMC-dən 540,62 manat məbləğində pul vəsaiti tutularaq X16 Masouda ödənilməlidir. Məhkəmə ilkin iddiaya 2020 və 2021-ci illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə 4448 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə aşağıda göstərilənlərə görə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X16 Masoud 2019- 2020-ci illər üçün məzuniyyət hüququndan istifadə etmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə görə isə sonuncunun 2020-2021-ci iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın məbləği 244,90 manat təşkil etməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizələrində X16 Masoudun 2020-2021-ci illər üçün isə onun 8 aylıq məzuniyyət hüququ yarandığı, buna görə hesablanmış məbləğin 893,32 manat təşkil etdiyi etiraf edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, işçi X16 Masoud tərəfindən 2020-2021-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ yaranmışdır və, kompensasiyanın məbləği isə "xxxx" MMC-nin etiraf etdiyi məbləğdə, yəni 893,32 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia işçi tərəfindən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC-dən 893,32 manat məbləğində pul vəsaiti tutularaq X16 Masouda ödənilməlidir. Məhkəmə iddiaya 17636 manat məbləğin ödənilməməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cərimə hesablanmaqla 6084 manatın "xxxx" MMC-dən tutularaq X16 Maosuda ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməldir. Belə ki, yuxarıda göstərinlənlərə əsasən işçiyə faktiki olaraq ödənilməli olan, lakin ödənilməyən son haqq-hesabın məbləği 17636,00 manat deyil, 1433,94 manat təşkil edir. Belə olan halda, kompensasiyanın məbləği də 1433,94 manat məbləğə görə hesablanaraq, 494,7 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməməsinə görə 6084 manat məbləğində cərimənin "xxxx" MMC-dən tutularaq X16 Masouda ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC-dən 494,7 manat cərimə məbləği tutularaq X16 Masouda ödənilməlidir. Məhkəmə ilkin iddiaya mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq iddiaçı X16 Masoud-a ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddia həmin hissədə tam təmin edilməlidir. Məhkəmə 18499,15 manat məbləğində pul vəsaitinin X1 tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, işçinin əmək haqqından işəgötürən tərəfindən ödənişlərin tutulması hallarının qəti siyahısı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsində qeyd edilmişdir. Həmin hallardan başqa, həmçinin hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən 2020-ci ildə artıq ödənilməmiş əmək haqqının X16 Masouddan tutularaq cəmiyyətə geri ödənilməsi tələbinə dair qarşılıqlı iddia əsassızdır və rədd edilməliidr. Məhkəmə X16 Masoudun nümayəndəsi və vəkili tərəfindən məhkəmə təqdim edilmiş qarşılıqlı iddiaya münasibətdə iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə qiymət verərək, qeyd edir ki, qarşılıqlı iddia iddia müddəti tətbiq edilməli, iddia rədd edilməlidir. Belə ki, işin hallarından görünür ki, "xxxx" MMC tərəfindən X16 Masoud arasında əmək müqaviləsinə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğuna görə "xxxx" MMC-nin artıq ödənilmiş əmək haqqının geri ödənilməsi tələbi ilə bağlı iddia müddəti qeyd edilən tarixdən hesablanmalıdır. Mülki iş materiallarında göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC 18499,15 manat məbləğində pul vəsaitinin X1 tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı artıq ödənilmiş əmək haqqının geri qaytarılması ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Odur ki, "xxxx" MMC 18499,15 manat məbləğində pul vəsaitinin X1 tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddiasına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5ci hissəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Məhkəmə iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsi məsələsinə qiymət verərək, hesab edir ki, ilkin iddia üzrə iddiaçı iddianın məhkəməyə verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olduğu, məhkəmə xərcləri isə iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və buna görə də 39,78 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məhkəmə xərcinə daxil olan 200 manat məbləğində ekspertiza xərclərinin ödənilməsi ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edildiyi, qarşılıqlı iddianın isə rədd edildiyi nəzərə alınmaqla, ekspertiza xərci ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, ilkin iddia qismən əsaslıdır, buna görə də iddia qismən, qarşılıqlı iddia isə rədd edilməldir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İlkin iddia qismən təmin edilsin. "xxxx" MMC-dən X16 Masoudun xeyrinə 540,62 (beş yüz qırx manat altmış iki qəpik) manat ödənilməmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə 893,32 (səkkiz yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində kompensasiya, əmək haqqının gecikdirildiyinə görə 494,70 (dörd yüz doxsan dörd manat yetmiş qəpik) manat cərimə, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat, ümumilikdə 1978,64 (bir min doqquz yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən 18499,15 manat məbləğində pul vəsaitinin X1 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsində ödənilsin. İlkin iddianın məhkəməyə verilməsinə görə 39,78 (otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh, qarşılılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsində ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar