Məhkəmə qərarları › İş №2(011)-4323/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4323/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4323/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə və İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddia tələblərinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cavabdeh “alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün onun xeyrinə İddiaçı tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş № 2(011)-5652/2024). İddiaçı “alimentin azaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3018/2022 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3018/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək Cavabdeh xeyrinə tutulan hər ay 100 manat sabit pul məbləğində pul vəsaitini ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İş № 2(011)-5652/2024). Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5652/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan 2(011)-5652/2024 saylı mülki iş və 2(011)-4323/2024 saylı mülki işlər birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq 193 manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla uşağın müalicə olunduğu müddət ərzində sağalanadək hər ay 100 manat sabit pul məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Onun 23 dekabr 2021-ci il tarixdən Hüseynova Ruhanǝ Cəbrayıl qızı ilə rəsmi nikahı var və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı iki övladı var və o uşaqların da saxlanması xərcləri tamamilə onun üzərindədir. Ona görə məhkəmə qətnaməsi ilə artırılmış aliment məbləğini ödəyə bilmir. Ödəyəndə isə ikinci nikahdan olan iki uşağı dolandıra və onlara maddi yardım göstərə bilmir. Özü bərbər işləyir və aylıq gəliri 500 manatdır. Uşaqları saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Bundan başqa Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 müalicə olunduğu müddət ərzində sağalanadək hər ay 100 manat sabit pul məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Uşaq ötən iki il müddət ərzində müalicə alıb artıq sağalmışdır. Uşağın hazırda heç bir xəstəliyi yoxdur. Məhkəmənin qətnaməsində də pulun uşağın müalicə olunduğu müddət ərzində tutulması qət edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, uşağın xəstəliyi icbari tibbi sığorta zərfi xidmətlərinə aid olduğuna görə onun müayinəsi pulsuzdur. Valideynlərin əlavə xərclərdə iştirakının əsasını təşkil edən Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallara övladın ağır xəstə, şikəst olması halları aiddir. Övladı xx.xx.2012ci il təvəllüdlü X3 hazırkı halda nə ağır xəstəliyi, nə şikəstliyi, nə də ki, müəyyən edilmiş əlilliyi yoxdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”ndan görünür ki, əlilliyi olan şəxslər, o cümlədən uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Ata-anası da onlarla birlikdə yaşayır və onlara da o baxır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına əlavə olaraq bildirdi ki, Cavabdeh özünün təqdim etdiyi arayışda da uşağın müalicə olunduğu, xəstəliyinin olmadığı göstərilir, cavabdeh isə uşağı ildə cəmi bir-iki dəfə müayinəyə aparır və bu zaman çox böyük xərc tələb olunmur, nəzərə alınsa ki, uşağın xəstəliyi tibbi sığortanın Xidmətlər zərfinə daxildir, deməli, əslində cavabdehin uşağın müayinə üçün çəkdiyi xərclər onun dediyi məbləğdən daha azdır, yəni hazırkı vəziyyətdə uşağın müayinəsi dövlət tərəfindən qarşılanır, atası isə müalicə xərclərini özü qarşılamaq, dərmanları özü almaq istəyir, bir ata kimi o, övladının müalicəsi üçün çəkdiyi xərclərin həqiqətən də onun müalicəsinə xərcləndiyindən əmin olmaq istəyir, bu onun haqqıdır, digər tərəfdən əvvəlki qətnamə ilə müəyyən edilmiş, aliment miqdarı da yüksəkdir və iddiaçının himayəsində iki azyaşlı uşağı da vardır, cavabdeh uşaqlar üçün yaşyış minumumuna istinad edir, düzdür, qanunvericilikdə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir, lakin bu xərc təkcə ataya aid deyil, həmçinin ana da buna dair öhdəlik daşıyır. Sonda Vəkil “alimnetin azaldılması” barədə iddia tələbinin təmin edilməsi, “alimentin azaldılması” barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh “alimentin artırılması” barədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqları dünyaya gəlmişdir, cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da oğlu onun yanında qalmışdır. O, Bakı şəhər Xətai rayon məhkəməsinə cavabdehǝ qarşı alimentin artırılması tələbinə dair iddia qaldırmış, Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan oğlunun saxlanılması üçün onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment, o cümlədən övladının müalicəsi üçün hər ay 100 manat məbləğində əlavə pulun tutulması qət edilmişdir. İndi həmin miqdarda olan pulla övladını saxlamaq və onun təlabatını ödəmək çox çətindir. Çünki oğlu X7 anadan olduğu gündən “Simptomatik gicgah - payı epilepsiyası” xəstəsidir. Təqdim edilən sənədlərdən və həkimlərin diaqnozundan bəllidir ki, övladında “Epilepisiya” xəstəliyinin ən ağır və mürəkkəb növüdür. Buna görə də, oğluna ayrılmış alimetlə onun tələbatını, müalicəsini və dərmanlarının pulunu ödəməyə çətinlik çəkir. O, bir ana kimi övladının arzusunu həyata keçirə bilmir. Oğlunun saxlanmasına maddi imkanı çatmır. Odur ki, alimentin artırılmasına ehtiyacı var. İddiaçı alimenti gecikdirmələrlə ödəyir. Arada olur gecikdirəndə bir söz deyəndə deyir “yoxdur, olanda verəcəm xoşun deyil get şikayət et”, əslində isə İddiaçı imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin, atası da ona öz pensiyası ilə kömək edir, İddiaçı atasının pensiyası olduqca yüksəkdir. İddiaçı bir ata kim öz övladının qayğısına qalmaq, onun saxlanmasında iştirak etmək əvəzinə hazırda övladı üçün verdiyi alimentin də azaldılmasını istəyir, onun övladının xəstəliyi və daimi müalicə və müayinəyə ehtiyacının olması həkim sənədləri ilə də görünür, övladının müayinəsi, analizləri olduqca bahalıdır, bu xərcləri qarşılamaq onun üçün çətindir, özü işləmir, övladının hazırkı vəziyyətində işləyə də bilməz. Sonda Cavabdeh alimentin artırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “alimentin artırılması” və “alimentin azaldılması” barədə iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3018/2022 saylı Qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(011)-581/2020 saylı qətnaməsi əsasında 19 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X3 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaiti tutulması, iddia tələbi qalan hissədə rədd edilməsi, cavabdeh İddiaçı 55,16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 442986 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 506 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə “Hüseynov”, qadına “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 997611 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur, onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/6-00916 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etməmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməklə, 50 manat mediasiya xərcini ödəmişdir. Mübahisə predmeti “alimentin artırılması” olmuşdur. İş materiallarında olan 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.20230-cü il tarixli MŞB/11-2023-00303 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı (nümayəndəsi )ilkin mediasiya sessiyasında iştirak etməklə, 50 manat mediasiya xərcini ödəmişdir. Mübahisə predmeti “alimentin azaldılması” olmuşdur. İş materialarında olan doğum haqqında şəhadətnamələrdən görüür ki, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı iki uşağı da vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı övladı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək və qeyri-iş günü sayılan “Yeni il”, “Novruz”, “Qurban” və “Ramazan” bayramlarında bayramın ikinci günü eyni saatlarda, yəni 11:00-dan 18:00-dək maneə olmadan, anası Cavabdeh iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq hüququ verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 30 iyun 2020-ci il tarixdən hal-hazırkı tarixədək "xxxx" MMC-də nevropatoloq-epileptoloq tərəfindən müayinə və müalicə olunmuşdur. Onun müalicəsi davam edəcəkdir. İş materiallarında olan “Ömür” klinikasının xx.xx.2024-cü il tarixli çəkilişindən görünür ki, Əli Hüseynovun müalicəsinin nəticəsi kimi “ön aparmalardan başlayan və vaxtaşırı bütün konveksə yayılan spesifik epileptiform komplekslərdən ibarət çox yüksək indekslə, demək olar ki, permanent olaraq epileptiform bioekektrik boşalmalar qeyd edilir” göstərilmişdir. İş materiallarında olan 8 nömrəli Uşaq poliklinikası tərəfinən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 8 nömrəli uşaq poliklinikasında xx.xx.2012-ci il tarixindən qeydiyyatdadır. Doğularkən diaqnoz: "MSShipoksik zədələnməsi. Vaxtında doğulmuş oğlan uşağı" olmuşdur xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərində nevropatoloq qəbulunda olmuşdur, nevropatoloq tərəfindən qoyulmuş diaqnoz: “G40.3- Kriptogen meşeli gicgah epilepsiyası. Rolandik epilepsiya” olmuşdur. xx.xx.2023-cü il tarixində oftalmoloqun qəbulunda olmuş, diaqnoz: “H52.7 - Refraksiyanın dəqiqləşdirilməmiş pozğunluğu” qoyulmuş və tibbi xidmətə göndəriş XTMne verilmişdir. Uşağın cəlb olunduğu - EEQ ve MRT müayinələri icbari tibbi sığorta zərfinə aiddir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına ********** saylı VÖEN qeydə alınmışdır və fəaliyyət istiqaməti Bərbərxanadır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 24, mənzil 19 və “X10” markalı **-KT- *** qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ərizə əsasında mərkəzə müayinə üçün müraciə edib. Həkim psixiatr tərəfindən müayinə olunub. Diaqnoz: “Obsessiv-kompulsiv pozuntu F42.0”. Təyinat verilib. Təkrar olaraq mərkəzə müraciət etməyib. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 5,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 adlı bir uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, uşağa “gicgah epilepsiyası. Rolandik epilepsiya” diaqnozu qoyulmuşdur, uşağın müalicəsi hazırda da davam etdirilir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3018/2022 saylı Qətnaməsi ilə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 19 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X3 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaiti tutulması qət edilmişdir, İddiaçı yeni nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı iki uşağı vardır, o, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, adına bir daşınar və bir daşınmaz əmlak qeydə alınmışdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı və Cavabdeh maddi vəziyyətində müsbət dəyişiklik hallarına, uşağın səhhətində yaxşılaşmaların olması və onun sağalması hallarına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, “alimentin azaldılması” barədə iddia tələbinə baxarkən tərəflərin maddi və əmlak vəziyyətini (İddiaçı adına daşınar və daşınmaz əmlakın olması, onun vergi ödəyicisi kimi qeydə alınmaqla fərdi əməklə məşğul olması), Cavabdeh aylıq qazancının olmamasını, əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduğu dövrdə (193 manat) və hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini (235 manat), həmçinin İddiaçı “uşağın sağalması və ya səhhətində problemlərin olmaması”nı iddia etməsinə baxmayaraq, bu hala dair sübutların təqdim etməməsi, əksinə Cavabdeh təqdim etdiyi sənədlərdən uşağın müalicəsinin davam etməsinin görünməsi, İddiaçı arvadının sağlamlığı məqsədilə çəkilməli olan xərclərin ancaq İddiaçı asılı olmasına dair halların sübut olunmamasını hallarını əsas götürür. Bundan başqa məhkəmə, iddia tələbinin faktiki əsası kimi yeni nikahdan yetkinlik yaşına çatmayan iki uşağının olması barədə dəlilləri də əsaslı saymır. Belə ki, həmin uşaqların saxlanmasının bilavasitə atanın aylıq gəlirləri hesabına başa gəlməsi, aliment alanın ailə və ya maddi vəziyyətində müsbət dəyişikliklərin olması halları sübut olunmamış, belə allar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsaslı deyildir. Məhkəmə, “alimentin artırılması” barədə iddia tələblərinə münasibətdə tərəflərin ailə vəziyyətini, İddiaçı başqa nikahdan iki yetkinlik yaşına çatmayan uşağının olmasını, alimentin miqdarı müəyyən olunduqdan sonra aliment verənin maddi vəziyyətində müsbət dəyişiklik olmaması hallarını əsas götürür. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh da iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “alimentin azaldılması” və “alimentin artırılması” barədə iddia tələbləri rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə qeyd edir ki, alimentin alınması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və alimnetin artırılması barədə iddia tələbi rədd edildiyindən, həmin tələb üzrə dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməli, alimentin azaldılması barədə iddia tələbi üzrə isə azldılması istənilən məbləğin – 123 (293-170) manatın bir illik məcmusu (1476 manat) nəzərə alınmaqla, 34,76 manat dövlət rüsumu ödənilməli olduğu halda İddiaçı tərəfindən 5,20 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda, dövlət rüsumunun kəsrini təşkil edən 29,56 (34,76-5,20) manat İddiaçı tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda— ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə və İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddia tələbləri rədd edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddia ərizəsi üzrə dövlət rüsumunun kəsrini təşkil edən 29 (iyirmi doqquz) manat 56 (əlli altı) qəpik İddiaçı tutularaq Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə iddia ərizəsi üzrə dövlət rüsumu Dövlət Büdcəsi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar