Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4332/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Daşınmaz Əmlakın AN-1 № ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvi edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, əvvəla, məhkəmə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə satdığı torpaq sahəsinin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşdiyi üçün, yəni iddianın müstəsna aidiyyət qaydasında verilməsini əsas tutaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-nin 39-cu maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddianın mahiyyətindən aydın şəkildə görünür ki, irəli sürülmüş tələb MPM-nin 39-cu maddəsində göstərilən şərtlərin heç birinə cavab vermir. Çünki, iddiaçı qanuni şəkildə bağlanmış torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin ləğv edilimsini tələb edir. Bu tələb isə nə mülkiyyət hüququnun tanınması, nə torpaq sahəsinin qanunsuz sahiblikdın geri qaytarılması (torpaq sahəsinə dair alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmışdır), nə də iddiaçının torpaq sahəsinə dair sair hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı deyil. Məhkəmənin qənaətinə görə bu halda, iddiaçı iddia ərizəsi ilə cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə müraciət etməlidir. İddia ərizəsindən, eləcə də cavabdehlə bağlı elektron məlumat əsasında müəyyən edilir ki, cavabdehin yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 1, ev 33-dür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən, onun iddiasına həmin məhkəmədə baxıla bilməz. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət edənədək cavabdehə xəbərdarlıq göndərməsi barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehlə aralarında bağlanmış müqavilənin, konkret müddət göstərilməklə, ləğv edilməsi barədə ona xəbərdarlıq göndərilməli, cavabdeh tərəfindən müqavilənin ləğvindən imtina barədə bildiriş aldıqdan sonra, yaxud xəbərdarlığında göstərdiyi müddət ərzində məlumat almadıqda, iddia ərizəsi ilə (pretenziyaya dair sənədlər iddia ərizəsinə əlavə edilməklə) məhkəməyə iddia ərizəsi ilə mürciət etməli idi. Məhkəmənin qeyd etdiyi bu imperativ qayda Mülki Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulmuşdur. Belə ki, həmin müddəaya əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.1 və 423.2-ci maddələri). Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı oğluna qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-4332/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4332/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver