Məhkəmə qərarları › İş №2(011)-4380/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4380/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4380/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 04 mart 2022-ci il təvəllüdlü X1 üçün hər ay aylıq əmək haqqının (bütün gəlirlərinin) ¼ məbləğində alimentin tutulması, əvvəlki 9 aylıq (avqust 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) dövr üçün aliment və çəkilmiş 2031,40 manat xərclərin yarısının – 1015 manat pulun tutulması, gələcək xərclərdə iştiraka və uşağa 3 yaşınadək baxmağa görə hər ay 150 manat əlavə xərclərə cəlb edilməsi və ondan tutulan mediasiya xərcləri üçün 50 manat rüsumun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ilə olan nikahları 02 may 2021-ci il tarixdə 2 saylı Asan xidmət mərkəzində qeydə alınmışdır, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur, 21 avqustda cavabdeh evdən getmişdir, lakin o ailəni bərpa etmək üçün qalmışdır, lakin daha sonra qaynanasının təkidli tələblərindən sonra 31 avqust 2021-ci il tarixdə evdən çıxarılmış, atası gəlib onu aparmışdır, artıq 9 aydır ki, ər arvad münasibətləri pozulmuşdur, evdən çıxarılan zaman artıq bir aydır ki, hamilə olmuşdur, bunu cavabdeh və onun ailə üzvləri bilmişdir, buna baxmayaraq cavabdeh heç bir əhəmiyyət vermədən onu evdən çıxartmışdır, hamiləlik müddətində cavabdeh nikah pozulması barədə 6 sentyabrda mediasiyaya müraciət etmişdir, lakin əlbəttə ki, məhkəmədə mülki işə baxılmamışdır, bundan sonra 10 yanvar 2022-ci il tarixdə mediasiya ilə bağlı təklifləri cavabdehə göndərmişdir, lakin cavabdeh onun təklifinə cavab verməmişdir, keçirdiyi ağır stresslər, iztirablar, hamiləliyi vaxtında əvvəl doğuşla nəticələnmişdir, cavabdeh uşağın doğulmasından sonra onun sağlamlığı ilə maraqlamır, hamiləlik dövründə yalnız o çağırdıqda gəlmişdir, hamiləlik dövründə ona zəng etmiş, ilk analiz üçün pul lazım olduğunu bildirmişdir, lakin cavabdeh onu bloka atmışdır, ilk analizi 6 sentyabrda vermişdir, analizin dəyəri 227 manat olmuşdur, uşaq 7 aylıq ikən doğulmuş, 56 gün küvezdə saxlanmışdır, küvezdən çıxdıqdan sonra uşaq üçün yalnız yemək və pampers almışdır, hazırda cavabdeh heç bir maddi yardım göstərmir, hamiləliyi dövründə və uşağın doğulmasına qədər onun sağlamlığı üçün 2031,40 manat məbləğində vəsait xərcləmişdir, cavabdeh həmin xərclərin ödənilməsindən boyun qaçırmışdır, cavabdeh bir valideyn kimi uşağa qayğı göstərməli, onu alimentlə təmin olunması üçün tədbirlər görməli idi, mediasiya prosesinin başlanmasına dair təkliflər verilən müddətdə də buna münasibət bildirməmişdir, ona görə cavabdehdən 9 ay müddətində qanunla müəyyən edilmiş qaydada aliment tutulmalıdır, hazırda işləmir, analıq məzuniyyətindədir, cavabdeh Dövlət Gömrük Komitəsində işləyir və aylıq əmək haqqı 1500-2000 manat civarındadır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı evdən çıxdıqdan uşaq doğulanadək, yəni 31 avqust – 4 martadək cavabdeh heç bir yardım göstərməmişdir, 56 gün ərzində - 29 aprelədək, uşaq küvezdə olarkən pul ödəmişdir, hazırda pul 2 ay üçün – mart, aprel ayları üçün istənilmir, 1015 manat pul qarşı tərəfdən ananın çəkdiyi xərclərə görə istənilir. Sonda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə münasibətləri pozulmuşdur, evdən o yox, iddiaçı özü çıxıb getmişdir, hamiləlik dövründə boşanmaq üçün məhkəməyə müraciət etmişdir, lakin uşaq 1 yaşına çatmadığından işinə baxılmamış, işə xitam verilmişdir, hazırda 1800-2000 manat maaş alır, uşaq dövlət xəstəxanasında – 6 saylı doğum evində dünyaya gəlmişdir, yəni onun hər hansı əlavə xərci çıxa bilməz, uşaq 56 gün küvezdə qalmışdır, xəstəxanadan çıxandan – 29 aprelden sonra 2 ay aliment ödəməyə razıdır, maaşından ¼ hissədə aliment tutulmasına razıdır, lakin hamiləlik dövründə aliment üçün ona müraciət olunmamışdır, bu dövr üçün aliment ödəməyə razı deyildir, yalnız həkimlə bağlı müraciət olunmuşdur, həmin xərclərin hamısını qarşılamışdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 385696 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X4 arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır, nikahdan sonra ərə Nəzərov, arvada Nəzərova soyadı verilmişdir. İş materiallarında olan 6 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 739358 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-8209/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardaddan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 339 saylı Arayışdan görünür ki, X2 prospekti 54-də məcburi köçkün kimi qeydiyyatdadır. İş materiallarında olan Qəbzlərdən görünür ki, İddiaçı tərəfindən analiz və dərmanlar üçün cəmi 2031 manat pul ödənilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin böyük inspektoru vəzifəsində çalışır və aylıq əmək haqqı (karta köçürülən) 726,63 manat, aylıq vəzifə maaşına əlavə (son 6 ay ərzində orta rəqəm, karta köçürülən) 1606,99 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan 18 fevral 2020-ci il tarixli MŞB/2-00198 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, onlar arasındakı münasibət 31 avqust 2021-ci il tarixdə pozulmuşdur, həmin tarixdən birlikdə yaşamırlar, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 adlı bir uşaqları var, hamiləlik dövründə iddiaçı tərəfindən sağlamlığı ilə bağlı (dərman, analiz və s.) 2031 manat xərc çəkilmişdir, uşaq 7 aylıq olarkən anadan olmuş, 56 gün ərzində, yəni xx.xx.2022 – xx.xx.2022-ci il tarixədək küvezdə qalmışdır, bu müddət ərzində cavabdeh uşağın xərclərini qarşılamışdır, uşaq hazırda ananın himayəsindədir, iddiaçı işləmir, analıq məzuniyyətindədir, cavabdehin aylıq əmək haqqı 726,63 manat, aylıq vəzifə maaşına əlavə 1606,99 manatdır, cavabdeh iddia tələbini qismən qəbul edir, uşağın saxlanması üçün əmək haqqından ¼ hissədə aliment tutulmasına razıdır. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən aliment tutulmasını istisna edən, habelə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsinə baxayarq cavabdehin aliment verməkdən boyun qaçırmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, uşağa görə cavabdehdən tutulması olan aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, onun hazırda işləməməsini, aliment ödəməli olan şəxsin aylıq qazancını, onun müntəzəm gəlirinin olmasını, uşağın yaşını və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları, habelə cavabdehin aliment ödəmək barədə razılığını, nəzərə alaraq, alimentin iddiaçının aylıq əmək haqqının (gəlirlərinin) ¼ hissəsi məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması tələbinə münasibətdə iddiaçının hazırda heç bir yerdə işləməməsini, onun maddi vəziyyətini, habelə cavabdehin aylıq gəlirini, onun zəruri vəsaitə malik olmasını nəzərə alaraq bu məqsədlə aliment tutulmasını mümkün sayır və belə aliment miqdarının hər ay sabit pul məbləğində olmaqla 150 manat həddində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin “əvvəlki 9 aylıq (avqust 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) dövr üçün çəkilmiş 2031,40 manat xərclərin yarısının – 1015 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməli olduğundan, İddiaçı tərəfindən hamiləlik dövründə çəkilmiş əlavə xərclərdə (dərmanlar, analizlər və s.) tərəflərin iştirakı bərabər hesablanmalı, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sübutlar (qəbzlər) nəzərə alınmaqla, həmin məbləğin (2031 manat) yarısını təşkil edən 1015 manat İddiaçı aid edilməli, digər yarısı isə Cavabdeh aid edilməklə, ondan alınaraq iddiaı İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “əvvəlki 9 aylıq (avqust 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) dövr üçün aliment tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qanunvericilik, əvvəlki dövr üçün aliment tutulmasını, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan şəxsin – cavabdehin onu verməkdən boyun qaçırması kimi hallardan asılı etmişdir ki, hazırki iş üzrə də buna dair sübutlar məhkəməyə təqdim edilməmiş və iş materialları əsasında məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil və ona görə də təmin edilməməlidir. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti də iddia ərizəsinin verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 04 mart 2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay onun əmək haqqının ¼ hissəsi miqdarında aliment, uşağın 3 yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay 150 manat aliment, hamiləlik dövründə çəkilmiş xərclərə görə 1015 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddiaçı aliment alınması iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, caavbdehin dövlət rüsumundan azad olmas halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddianın qiyməti (bir il ərzində ödəniləcək alimentin məbləği və 1015 manat xərc), nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 96,15 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 mart 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun əmək haqqının (gəlirlərinin) ¼ hissəsi miqdarında aliment və 04 mart 2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh hamiləlik dövründə çəkilmiş xərclərin əvəzi qismində 1015 (min on beş) manat alınaraq İddiaçı ödənilsin. İlkin mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 96 (doxsan altı) manat 15 (on beş) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə aliment hissədə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar