Məhkəmə qərarları › İş №2(011)-4386/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4386/2025

23.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4386/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı, 3-cü şəxs: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçının müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri Üzrə Təhsil İdarəsi olmaqla Cavabdehə qarşı “əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi və həmin məktəbdə gözətçisi vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işləmişdir, iş növbəli olmuş, bir gün evdə, bir gün işdə olmuşdur, gecə növbəsində işləmişdir, işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri də işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün ona hər hansı bir ödəniş edilməmişdir, daha sonra ona təyziqlər edilərək işdən çıxarmışlar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 13 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası ƏM-ni 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilməsi, lakin son haqq-hesabın həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməməsi, eyni zamanda Azərbaycan Respublikası ƏM-nin 96-cı maddəsinin tələbləri pozularaq gündəlik iş müddətinin 12 saatdan çox olması və həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq artıq iş saatlarına görə əlavə haqqın ödənilmədiyi əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Cavid Əliyev həmin qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində çalışmış işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri də işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün ona hər hansı bir ödəniş edilmədiyi müəyyən edilmişdir. Həmin məbləğin müəyyən edilib ona ödənilməsi üçün ərizələrlə bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişdir. Həmin müraciətlərdən sonra 03 oktyabr 2024-cü il tarixdə poçt vasitəsilə ona çatdırılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 03 iyul 2024-cü il tarixli məktubundan görünür ki, həmin məsələlərlə bağlı məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur. Halbuki bu məktub ona çatdırılana qədər, yəni 03 oktyabr 2024-cü il tarixə qədər müraciətləri cavablandırılmadığına görə bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətin, həmçinin DOST Xidmətinə ərizələrə müraciət etmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2-1(112)-4196/2025 nömrəli qərardadına əsasən iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra mübahisənin mediasiya vasitəsi ilə həll olunması üçün Bakı 20 saylı Mediasiya təşkilatına müraciət etsə də, Mübariz Nəcəfov adına 86 No-li tam orta məktəbin nümayəndəsi mediasiya prosesində iştirak etməmiş və 21 aprel 2025-ci il tarixdə müvafiq arayış verilmişdir. Həmçinin bildirir ki, o, işdən öz təşəbbüsü ilə çıxmamışdır. O, 86 nömrəli məktəbdə gözətçi vəzifəsində çalışarkən, məktəb direktoru tərəfindən davamlı olaraq qanunsuz iş rejiminə cəlb olunmuşdur, belə ki, direktor tərəfindən şənbə, bazar və bayram günlərində əsaslı səbəb olmadan işə çıxmağa məcbur edilmişdir. Məktəb direktoru bu hərəkətləri ilə ağır iş şəraiti yaratmışdır. Direkror ona qarşı psixoloji təzyiq (mobbing) yaratmış və onu könülsüz olaraq işdən çıxmaq barədə ərizə yazmağa məcbur etmişdir. Hətta direktor, işdən öz ərizəsi ilə çıxmayacağı halda daha ağır maddə ilə işdən çıxaracağını bildirib onu hədələmişdir. Bütün bunlar Xətai rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarı ilə təsdiq olunur. Belə ki, direktor Cavid Əliyev məhkəmə iclasında verdiyi izahatında "işçi İddiaçı iş günü hesab edilməyən günlərdə işə cəlb edilmişdir, lakin bu barədə ondan hər hansı bir razılıq ərizəsi alınmamışdır." deyə bildirmişdir. Bundan əlavə, o, Ağdam rayonundan məcburi köçkündür. Ailəyə yeganə qazanc gətirən şəxs odur. Hal hazırda işsizdir və başqa qazanc yeri də yoxdur. Bu halda onun öz təşəbbüsü ilə işdən çıxması məntiqli deyil. İşçinin psixoloji təzyiq (mobbing) nəticəsində işdən çıxarılması həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qanunsuz hesab edilir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh direktoru Günel Səmədova xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı Ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri qanunvericiliklə müəyyən olunmuş iddia müddətləri ötürülməklə irəli sürüldüyündən təmin olunmamalıdır, belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir, lakin o, işə bərpa tələbi ilə yalnız 28 aprel 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir, bu isə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü göstərir. Bundan başqa iddiaçı öz iddia tələbində xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək əlavə iş saatlarının əməkhaqqının hesablanaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əməkhaqqının məbləğindən xəbərdar olmasına baxmayaraq, bu barədə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində heç bir etiraz və ya tələb irəli sürməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh 86 nömrəli məktəbin direktoru Günel Səmədova iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin nümayəndəsi N.Əliyeva iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı 23 avqust 2022-ci il tarixindən 01 may 2025-ci il tarixədək 86 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində çalışmışdır. İddiaçı 01 may 2024-cü il tarixində öz təşəbbüsü ilə ərizə yazaraq işdən çıxmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İddiaçı iddia ərizəsində işdən öz razılığı ilə çıxmadığını, ona təzyiq göstərildiyini qeyd etsə də, lakin bu iddianı təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarından göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 may 2024-cü il tarixində xitam verilmişdir. Lakin o, işə bərpa tələbi ilə yalnız 28 aprel 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu isə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü göstərir. Bundan başqa iddiaçı öz iddia tələbində 23 avqust 2022-ci il tarixindən 01 may 2024-cü il tarixədək əlavə iş saatlarının əməkhaqqının hesablanaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirik ki, istənilən halda iddia tələbi təmin olunmamalıdır, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. İddiaçı əməkhaqqının məbləğindən xəbərdar olmasına baxmayaraq, bu barədə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində heç bir etiraz və ya tələb irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1ci maddəsinə görə, “başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddianı rədd etməsi üçün hüquqi əsas yaradır. Həmin məcəllənin 377.1-ci maddəsinə görə, “iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, “iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarından göründüyü kimi, iddiaçının iddiası qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddəti buraxılmaqla qaldırıldığı üçün rədd olunmalıdır. Qeyd olunanlara əsasən İddiaçı 23 avqust 2022-ci il tarixindən 01 may 2025-ci il tarixədək gözətçi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi və iddiaçının işə bərpa edilməsi tələbinə dair əsassız olduğu üçün İddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə, tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-2652/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, şikayətçi X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4196/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edilməsi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiesi Nazirliyi yanında X5 Xidmətinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamış, iddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan 5 saylı DOST Mərkəzinin İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətə aidiyyəti üzrə baxılması üçün AR ƏƏSM yanında X3 göndərilmişdir. İş materiallarında olan İddiaçı ******* saylı Əmək Kitabçasının surətindən görünür ki, o, 55 saylı əmrlə xx.xx.2022-ci ildə M.Nəcəfov adına 86№-li tam orta məktəbə gözətçi vəzifəsinə təyin edilmiş, həmin məktəbin 27 saylı əmri ilə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsi ilə) xx.xx.2024-cü il tarixdən xitam verilməklə işdən azad edilmişdir. İş materiallarında olan “Kapital Bank”ın İddiaçı dair Ödəniş kartı üzrə Çıxarışından görünür ki, xx.xx.2022-xx.xx.2024-cü illər üzrə xx.xx.2022-ci il tarixinə olan ilkin qalıq: 0,00, xx.xx.2024-cü il tarixinə olan son qalıq: 0,05, dövr üzrə məxaric olunub: 7890,21, dövr üzrə mədaxil olunub: 7890,24 manat. İş materiallarında olan Bakı şəhəri 86 nömrəli tam orta məktəbin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 27 №-li əmrindən görünür ki, Bakı şəhəri 86 nömrəli tam orta məktəb/gözətçi” bölməsində “gözətçi” vəzifəsində işləyən İddiaçı Qəni oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2022 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Xətai rayonu 86 nömrəli tam orta məktəbə müraciət edərək, onu xx.xx.2024-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə müddətsiz, aylıq əmək haqqı 312 manat olmaqla Bakı şəhəri 86 nömrəli tam orta məktəbə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.16 və 4.17-ci maddələrinə görə, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saat 18:00 başlanır, saat 08:00 qurtarır. İş materiallarında olan 86 nömrəli tam orta məktəbin 01 fevral 2024-cü ilə Ştat cədvəlindən görünür ki, Gözətçi vəzifəsinin ştat sayı 2, VTC-yə əsasən aylıq tarifi (vəzifə maaşı) 359.00 manat, əlavə 149.55 manat, cəmi aylıq əmək haqqı (əlavələrlə birlikdə) 867,5 manat təşkil edir. İş materiallarında olan 86 nömrəli məktəbin məlumatından və arayışından görünür ki, İddiaçı Xətai rayonu 86 saylı tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçi vəzifəsində işləmiş və xx.xx.2024-cü il tarixdən işdən azad edilib. Ona son haqq-hesab 193.65 manat hesablanmışdır. Ələ alınacaq məbləğ 166.02 manat olmuşdur. Həmin tarixlərdə işləyən digər gözətçi X4r. İş materiallarında olan “Kapital Bank”ın Ödəniş kartı üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı kart hesabına 166.02 manat mədaxil olunub. İş materiallarında olan Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Xətai rayonu 86 nömrəli tam orta məktəb (direktor) mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir. İş materiallarında olan ƏƏSMN yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanan məktubundan görünür ki, ona müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətə çatdırılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2022ci il tarixdə 86 saylı tam orta məktəbin gözətçisi vəzifəsinə işə qəbul edilmişdir, onun əmək haqqı hər ay 312 manat müəyyən edilmişdir. Həmin müqavilədə işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş saatının saat 18:00 başlanması və 08:00-da bitməsi, nahar fasiləsinin 21:00-22:00 olması qeyd edilmişdir, işçi İddiaçı növbəli iş rejimi əsasında bir gündən bir işləmişdir, onunla yanaşı eyni qaydada gecə növbəsində işləyən başqa işçi də olmuşdur, İddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68.2 maddəsinin “a” - tərəflərdən birinin təşəbbüsü - bəndinə əsasən xx.xx.2024-ci il tarixdən xitam verilmişdir, əmrə əsasən işçinin xx.xx.2022 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-2652/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə şikayətçi X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin son haqq-hesabın həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməmiş, eyni zamanda AR ƏM-nin 96-cı maddəsinin tələbləri pozularaq gündəlik iş müddətinin 12 saatdan çox olması və həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq artıq iş saatlarına görə əlavə haqqın ödənilmədiyi müəyyən edilmişdir. Bununla da X6 AR İXM-nin 192.4 və 198.1.5- ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Hazırda tərəflər arasındakı mübahisə İddiaçının 86 saylı məktəbə gözətçi vəzifəsinə bərpa olunması və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi barədədir. Bununla belə, işdən çıxarma barədə əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsinə əsas olan, habelə cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq onun artıq iş saatlarına cəlb edilməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinin “işə bərpa olunma” tələbinə münasibətdə qeyd edir edir ki, qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur.İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə öz xahişi əsasında xitam verilmiş, ona son haqq-hesab üzrə ödəmələr həyata keçirilmişdir, iddiaçı bundan sonra hüquqlarının bərpası məqsədilə X5 Xidmətinə müraciət etmiş, onun müraciətinə xx.xx.2024-cü il tarixdə cavab verilmişdir ki, bu da iddiaçının ən geci həmin tarixdə hüququnun pozulduğunu bildiyini göstərir, bununla belə iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi “işə bərpa edilməsi” hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, iddiaçı, əmək müqaviləsi bağlamaqla növbəli iş rejimi ilə saat 18:00-dan 08:00-a qədər (21:00-22:00 nahar fasiləsi olmaqla) işləmək barədə razılaşmış, hər iş növbəsində 11 saat olmaqla, həftədə 38,5 saat işləmişdir ki, bu da qanunvericiliklə müəyyən edilmiş həftəlik normal iş vaxtının müddətindən (40 saat) azdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən, iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Həmin Məcəllənin Maddə 96-cı maddəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçının “Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi və həmin məktəbdə gözətçisi vəzifəsinə bərpa olunmağı barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı isə hazırki iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının “Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi və həmin məktəbdə gözətçisi vəzifəsinə bərpa olunmağı barədə” iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar