Məhkəmə qərarları › İş №2(011)-4409/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4409/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4409/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – xx.xx.2001-ci il təvəllüdlü Güliyev Ömər ilqar oğlu və xx.xx.2008-ci il təvəllüdlü X3 doğulmuşdur.

2. Tərəflərin nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(011)-2142/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediasiya prossesi gedişində barışıq sazişi imzalanmış, sazişin şərtlərinə əsasən tərəflər yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması, uşağın saxlanılması üçün iddiaçının cavabdehdən aliment tələb etməməsi və uşaqla ünsiyyət hüququnun təmin edilməsinə iddiaçı tərəfindən maneə yaradılmaması barədə tərəflər razılığa gəlmişlər.

3. İddiaçı “Mühasibatlıq kurslarının fəaliyyəti” istiqaməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Bir müddət sonra ailə münasibətlərində problemlər yarandığından Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulmuşdur. Cavabdehlə nikah pozulan zaman uşaqların saxlanması üçün onun tərəfindən aliment tələbi olmamışdır. Məhz bu səbəbdən cavabdehlə sadəcə nikahları pozulmuşdur. Uşaqları böyüdüyündən onların qayğıları da artır. Onların qidalanması, geyimi, istirahəti, təhsil xərcləri və s. artıq pul tələb edir. Cavabdehlə birgə nikahdan olan övladının saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirərək, aliment ödəməlidir. Cavabdeh hal-hazırda öz övladının müqəddəratına tam məsuliyyətsiz yanaşır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

8. Maddə 17.İİ Uşaqın qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.1. Valideynlər uşaqını saxlamağa borcludurlar.

10. Maddə 75.4 Valideynlər uşaqı saxlamadıqda uşaqın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

12. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

13. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

18. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.

19. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

20. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqa görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqın sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-iddiaçının rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olunduğundan ikinci qayda tətbiq ediləcəkdir

21. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqın tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

22. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin də iddia tələbini qəbul etdiyini, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 235 manat məbləğində müəyyən edilməlidir.

23. Məhkəmə qeyd edir ki, cavabdehin rəsmi iş yeri və əmək haqqı olsa da, məhkəmə alimentin cavabdehin gəlirinin və qazancının ¼ hissəsi miqdarında tutulmasını uşağın qanunla qorunan mənafelərinə zidd hesab edir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş cavabdehin gəlir məlumatlarından da göründüyü kimi cavabdeh "xxxx" MMC-nin sürücüsü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 400 manat təşkil edir. Həmçinin, cavabdeh taksi fəaliyyəti üzrə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs kimi qeydiyyata alınsa da, yenə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlar əsasında müəyyən olunur ki, cavabdeh sahibkarlıq fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Belə olan halda, alimentin cavabdehin gəlirinin və qazancının ¼ hissəsi miqdarında tutulması tərəflərin birgə nikahlarında doğulmuş uşağın saxlanılması üçün kifayət etməyəcəkdir.

24. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü tarixdən başlanılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-633/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilir ki, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında cavabdehdən 235 manat aliment tutulmuşdur.

25. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 2820 manatdır (235 manat x 12 ay = 2820 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq 48,20 manat təşkil edi.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 48,20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar