Məhkəmə qərarları › İş №2(011)-4454/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4454/2021

09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4454/2021 09.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş vəsaitin bölünməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 120000 manat sığorta məbləğinin ½ paylara bölünərək onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, H.Cavadxanla 21.09.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur, həmin nikahdan 08.09.2014-cü il təvəllüdlü X1 və 22.02.2017-ci il təvəllüdlü X2 adlı 2 övladları dünyaya gəlmişdir, ilk vaxtlar ailə münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında tez-tez mübahisələr yaranmışdır, bu səbəbdən nikahın pozulması ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, tərəflərin birgə nikahı dövründə cavabdeh 29.06.2018-ci il tarixdə “Paşa Həyat”la sığorta müqaviləsi imzalamışdır, müqavilənin müddəti 30.06.2021-ci il tarixdə bitir, həmin sığorta müqaviləsinə əsasən, “Paşa Həyat” tərəfindən onlara 120 min manat ödənilməlidir, sığorta pulu onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan həmin məbləğin bölünərək payına düşən ½ hissənin ona ödənilməsini istəyir. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, birgə nikah dövründə əldə olunmuş “Paşa Həyat” depozitindəki gəlir 92 min manat təşkil edir, bu səbəbdən Cavabdeh adına olan “Paşa Həyat” Sığortadakı 92 min manatın 46 min manatının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, belə ki, İddiaçı ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 08.09.2014-cü il təvəllüdlü X1 və 22.02.2017-ci il təvəllüdlü X2 adlı 2 övladları dünyaya gəlmişdir, iddiaçı ilə xasiyyətləri uyuşmadığından boşanmaq üçün məhkəməyə müraciət etmişlər, iddia tələbi isə onların birgə nikah dövründə əldə etdikləri 92 min manat sığorta məbləğinin ½ hissədə bölünürək iddiaçıya ödənilməsi barədədir, belə ki, "xxxx" ASC ilə 29.06.2018-ci il tarixdə həyatın yaşam sığortası müqaviləsi bağlamış, həmin müqavilə 30.06.2021-ci il tarixdə başa çatmışdır, həmin müqavilə əsasında ona 92 min manat sığorta məbləği ödənilmişdir, qeyd olunan məbləğ tərəflərin birgə nikahı dövründə əldə edilmişdir, bu səbəbdən həmin məbləğin yarıya bölünərək 46 min manatının İddiaçı ödənilməsinə razıdır. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Paşa Həyat” tərəfindən vəkil sorğusunun cavablandırılması barədə Vəkil ünvanlanmış 11.06.2021-ci il tarixli məktubdan görünür ki, Vəkil "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsinin təqdim edilməsini xahiş etmişdir, həmin sığorta müqaviləsinin məzmununda sığorta sirri hesab edilən məlumatlar göstərildiyindən müqavilənin verilməsi sığorta sirrinin açıqlanması mənasına gəlir, həmin məlumatlar yalnız sığorta sirrinin aid olduğu şəxsin yazılı razılığı ilə və ya məhkəmənin qərarı əsasında onun icraatında olan işlər üzrə həmin məhkəməyə, həmçinin Qanundan göstərilən hallar mövcud olduqda digər şəxslərə açıqlaya bilər. Odur ki, sorğuda qaldırılan məsələnin həlli Qanunla nəzərdə tutulan müvafiq sənədlər təqdim olunduğu təqdirdə mümkün olacaqdır. İş materiallarında olan “Paşa Həyat” tərəfindən məhkəmə sorğusunun cavablandırılması barədə Xətai Rayon Məhkəməsinə ünvanlanmış 08.07.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ilə bağlanmış HYS-02744/18 №li həyatın yaşam sığortası şəhadətnaməsi üzrə sığorta hadisəsi baş verdiyindən Cəmiyyət tərəfindən 07.07.2021-ci il tarixdə 62 419,7 manat və 37 576,02 manat, ümumilikdə isə 99995,72 (doxsan doqquz min doqquz yüz doxsan beş manat, yetmiş iki qəpik) məbləğində sığorta ödənişi faydalanan şəxs Cavabdeh hesabına köçürülmüşdür. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" arasında həyatın yaşam sığortası müqaviləsi bağlanmışdır, müqavilənin müddəti 30.06.2021-ci il tarixdə başa çatmışdır, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyindən faydalananın hesabına 99995 (doxsan doqquz min doqquz yüz doxsan beş) manat 72 (yetmiş iki) qəpik köçürülmüşdür, cavabdeh iddia tələbini qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin həcmi nəzərə alınmaqla, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında faydalanan şəxsə ödənilmiş məbləğ üzərində tərəflərin payları bərabər müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli südüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh adına "xxxx" ASC-də olan 92 000 manat məbləğin 46 000 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 46 000 (qırx altı min) manat alınaraq İddiaçı verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar