Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-46/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin vəkili və nümayəndələri, Vəkil1 və Vəkil2 və iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə artıq ödənilmiş məbləğin qaytarılması, mənəvi zərərin ödənilməsi və müqavilə şərtlərinin öhdəliyə uyğun dəyişdirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlə bağlanmış 160 saylı, 09.11.2018-ci il tarixli müqavilənin 1.1.2-ci bəndində “70,83 kv.m-dən ibarət olan yaşayış sahəsinin” sözlərinin “60.5 kv.m-dən ibarət olan yaşayış sahəsinin” sözləri ilə əvəz edilməsi, müqavilədə nəzərdə tutulmuş 70,83 kv.m göstərilən, lakin 60,5 kv.m təhvil verilən yaşayış sahəsinin 10,33 kv.m olan hissəsinin hər bir kv.m görə 2350 manat olmaqla 24275,50 manat pulun və mənəvi zərərin əvəzi kimi 5000 manat, cəmi 29275,50 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, 04.07.2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Nərimanov rayonu, Xətai küçəsində yerləşən 14 kv ibarət 1 otaqlı 21 saylı evin 9 saylı mənzil (bundan sonra – Mənzil) İddiaçı Məhəmməd qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İddiaçı ilə cavabdeh arasında 09.11.2018-ci il tarixdə 160 saylı müqavilə bağlanmış, müqaviləyə görə cavabdeh iddiaçının mülkiyyətində olmuş Mənzili sökərək iddiaçıya ünvan 2nvanında yerləşən çoxmənzilli binanın 16-cı mərtəbəsində yerləşən 2 otaqdan, 70,83 kv.m olmaqla təmirli mənzilli iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən Mənzil iddiaçıya təhvil verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/4577 saylı, 17.12.2021-ci il tarixli rəyi ilə Mənzilin ümumi sahəsinin oxdan-oxa hesablanmaqla 70,83 kv.m olması müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, onunla cavabdeh arasında 160 saylı 09.11.2018-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçının mülkiyyətində olmuş Mənzili sökərək ona ünvan 2nvanında yerləşən çoxmənzilli binanın 16-cı mərtəbəsində yerləşən 2 otaqdan, 70,83 kv.m olmaqla təmirli mənzilli verməyi öhdəsinə götürsə də, həmin müqavilənin 1.1.2-ci maddəsinin tələblərini pozaraq 70,83 kv.m əvəzinə 60,65 kv.m faktiki sahəsi olan mənzil təhvil vermişdir. Cavabdeh tərəfindən inşa edilən binada təmirsiz mənzillərin ilkin satış qiyməti 2000 manat təşkil edir. Müqaviləyə əsasən ona təmirli mənzil verilməli idi. Hal-hazırda mənzilin 1 kv.m sahəsinin təmiri üçün tələb olunan məbləğ 350-400 manat təşkil edir. Müstəqil mütəxəssis tərəfindən 19 may 2020-ci il tarixli “Mənzilin planı”dan görünür ki, ünvan 2nvanında yerləşən çoxmənzilli binanın 16-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzilin faktiki sahəsi 60,5 kv.m-dir. Yəni, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan sahədən 10,33 kv.m. azdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək orada qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış 09.11.2018-ci il tarixli müqaviləyə əsasən Mənzili sökülmək üçün MMC-yə təhvil verilməli, MMC isə əvəzində ona mənzil tikilənədək kirayə haqqı ilə yanaşı oxdan-oxa olan ölçülərə əsasən 70,83 kv.m sahəsi olan mənzil verməlidir. Cəmiyyət tam olaraq öhdəliyini yerinə yetirmiş və 70,83 kv.m olan mənzili iddiaçıya təhvil vermişdir. Müqavilə bağlanarkən və mənzil təhvil verilərkən 70,83 kv.m sahənin oxdan-oxa ölçülər əsasında olduğu iddiaçıya izah edilmişdir. Belə ki, MMC tərəfindən bütün sakinlərə eyni qaydada yanaşılaraq mənzillər oxdan-oxa olan ölçülərə əsasən verilmişdir. Binada mənzil verilmiş bütün sakinlərə məxsus müqavilələrdə mənzillərin sahələrinin oxdan-oxa olduğu qeyd edilsə də, iddiaçının müqaviləsində texniki səhvə yol verilərək bu hal qeyd edilməmişdir. Sonuncu bu vəziyyətdən sui-istifadə edərək MMC-dən əlavə vəsait tələb etmişdir. İddiaçının Mənzilinin sahəsi az olmasına baxmayaraq ona güzəşt edilərək heç bir ödəniş alınmadan əlavə mənzil sahəsi verilmişdir. Həmçinin iddiaçı tərəfindən ona verilmiş mənzilin daxilində konstruktiv dəyişikliklər edilmiş, mənzilin layihə sənədlərində sanitar qovşağı kimi qeyd edilən tikilinin təyinatı dəyişdirilərək arakəsmə divarları sökülərək dəhliz tikilisinin daxilinə salınaraq dəhliz-mətbəx tikilisi, mətbəx tikilisinin təyinatı isə yaşayış otağına dəyişdirilmişdir. İddiaçı qeyd edilən ərazidə mənzilin 1 kv.m-nin 2350 manat olmasına istinad etsə də, öz tələblərinin əsası kimi heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mütəxəssis rəyi ilə təsdiq edilir ki, 2018-ci il tarixdə qeyd edilən ərazidə mənzilin 1 kv.m-nin qiyməti 650-700 manat aralığında olmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddiaya etirazın dəlillərini, ekspert rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iddia ərizəsindən göründüyü iddiaçı üç tələblə məhkəməyə müraciət etmişdir. 1) Mənzilə görə cavabdehlə bağlanmış 160 saylı 09.11.2018-ci il tarixli müqavilənin 1.1.2-ci bəndində “70,83 kv.m-dən ibarət olan yaşayış sahəsinin” sözlərinin “60.5 kv.m-dən ibarət olan yaşayış sahəsinin” sözləri ilə əvəz edilməsini 2) müqavilədə nəzərdə tutulmuş 70,83 kv.m göstərilən, lakin 60,5 kv.m təhvil verilən yaşayış sahəsinin 10,33 kv.m olan hissəsinin hər bir kv.m görə 2350 manat olmaqla 24275,50 manat və 3) mənəvi zərərin əvəzi kimi 5000 manat, cəmi 29275,50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. Məhkəmə hesab edir ki, əvvəlcə cavabdehlə bağlanmış 160 saylı 09.11.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 70,83 kv.m-dən ibarət olan yaşayış sahəsinin iddiaçıya verilməsi ilə bağlı öhdəliyin yerinə yetirilib-yetirilmədiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (MMnin 390.1-ci maddəsi). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (MM-nin 390.5-ci maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MMnin 404.1-ci maddəsi). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (MM-nin 405.1-ci maddəsi). Sadalanan müddəalardan da görünür ki, qanunvericilik şəxslərə öz fəaliyyətlərini yerinə yetirmək üçün digər şəxlərlə quracaqları münasibətlərdə azad seçim və iradə ifadəsinin üstün olması imkanının yaratmış, yalnız Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallardan başqa, bütün digər hallarda müqavilə bağlamaq vəzifəsini qadağan etmişdir. Çünki mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunverciliyin təməl prinsiplərindən biri kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 09.11.2018-ci il tarixli müqavilədə iddiaçının mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilin sökülərək ünvan 2nvanında tikilmiş çoxmənzilli binanın 16-cı mərtəbəsində yerləşən 2 otaqdan, 70,83 kv.m olmaqla təmirli mənzilli iddiaçıya verilməsi barədə razılığa gələrkən mənzilin sahəsinin (70,83 kv.m) daxili divarlar arası ölçülərlə (içdən-içə), yaxud xarici divarlar nəzərə alınmaqla (oxdan-oxa) hesablanması qaydası nəzərdə tutulmamışdır. Bu halda, iddiaçı müqavilənin müstəqil tərəfi kimi ona veriləcək mənzilin içdən-içə yaxud oxdan-oxa hesablanmasını dəqiqləşdirmək imkanına malik olmuşdur. Tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrüb\, işgüzar adətlər onu göstərir ki, hazırki vəziyyətdə cavabehlə bağlanan mənzil alqı-satqı müqavilələrində mənzil sahələri oxdan-oxa hesablanmaqla alıcıların mülkiyyətinə verilir. İş materiallarına əlavə edilmiş eyni binada yerləşən mənzillərə dair digər alıcılarla bağlanmış müqavilələrdən də göründüyü kimi, cavabdeh onlarla bağladığı müqavilələrdə də mənzillərin ölçüsünü xarici divarlar daxil olmaqla hesablamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/4577 saylı, 17.12.2021-ci il tarixli rəyi ilə də Mənzilin ümumi sahəsinin oxdan-oxa hesablanmaqla 70,83 kv.m olması müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlə bağlanmış 160 saylı 09.11.2018-ci il tarixli müqavilənin 1.1.2-ci bəndində nəzərdə 70,83 kv.m-dən ibarət olan yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin Mənzilin sahəsinin az ölçüdə verilməsinə görə 24275,50 manat pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda şərh edildiyi kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək razılaşdırılmış ölçüdə mənzili iddiaçıya təhvil verdiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz və iddia tələbinin həmin hissəsi ilə bağlı hər hansı araşdırmanın aparılmasına zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tələb edilməsi hissəsində əsassızdır. Belə ki, iddiaçı mənəvi zərəri cavabdeh tərəfindən mənzilin səhəsinin müqavilədə nəzərdə tutulduğundan az verilməsinin onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmasına görə ona mənəvi zərər dəydiyini iddia edir. Məhkəmə qeyd edir ki, əvvəla, işin şərh edilən hallarından da göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyini pozmamış, müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzili iddiaçıya vermişdir. Digər bir tərəfdən, iddiaçı ona mənəvi zərər dəydiyini, bununla bağlı iztirab, sarsıntı və s. keçirməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində pul iddiaçıdann tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-46/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-46/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver