Məhkəmə qərarları › İş №2(011)-4668/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4668/2021

23.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4668/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvəqqəti istifadələrinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən F bloku, 892 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərfcaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun vaşayış sahələrinin verilməsi qaydaları” məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi, fondun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15.01.2018-ci il tarixli 892 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Xətai rayonuda məcburi köçkünlər üçün inşa edilmiş Telnov küçəsində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən F blok 892 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 892 nömrəli mənzildə uzun müddətdir yaşamadığı müəyyən edilmişdir. Cavabdeh1 və ailə üzvləri Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə yerləşən 417 nömrəli 2 otaqlı evlə təmin edilərək hazırda həmin evdə yaşayırlar. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin yerilməsi Qaydası”nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri aşağıdakı kimi müəyyən edilmişdir: 3.2.Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Xüsusi təyinatlı kirayə müqaviləsinin 5.7-ci maddəsinə əsasən Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə. 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin tələbinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Məcəllənin 98-ci maddəsinin tələbinə əsasən,ayrı- ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış '’’’.Sahələrinin kirayə müqavilələri əsasında verilir. 100-cü maddəsinin tələbinə görə isə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Odur ki, Cavabdeh1 və ailə üzvləri tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan Komitənin Mənzil İstismar Departamenti ilə onlar arasında bağlanılmış 15.01.2018-ci il tarixli 892 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, əvvəl Biləsuvar rayonu ərazisində salınmış qəsəbədə yaşasalar da, həmin mənzil təhil verilmiş və hal- hazırda valideynləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Telnov küçəsində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən F blok 892 nömrəli 2 otaqlı mənzildə yaşayırlar. Bu halı təsdiq edən, Biləsuvar rayon MKİS-nin rəisi tərəfindən veilmiş arayışı da vardır. Həmçinin təqdim edilmiş kommunal xidmətlərin ödənilməsi barədə qəbzlərdən müəyyən olunur ki, müntəzəm olaraq ödənişlər edilməkdədir. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, eyni məzmunda izahat verdilər və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 17.10.2011-ci il tarixli 417 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 və ailə üzvləri Biləsuvar rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması üçün tikilmiş 4 saylı qəsəbədə yerləşən 417 nömrəli 2 otaqlı evdə müvəqqəti məskunlaşdırılır. İş materiallarında olan kirayə verən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış 15.01.2018-ci il tarixli 892 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində məcburi köçkünlər üçün inşa edilmiş hündütmərtəbəli yaşayış kompleksində F blokunda yerləşən 892 nömrəli 2 otaqlı mənzil 2 nəfər ailə üzvü ilə birlikdə kirayəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan 02.11.2020, 01.12.2020, 08.01.2021 və 01.02.2021-ci il tarixli aktların surətindən görünür ki, Sabunçu rayon MKİS-in rəisi V.Hacıyev, mühəndis A.Kərimov və sahə nəzarətçisi Ə.Hüseynov ünvan 1 ünvanda məskunlaşmış məcburi köçkünlər tərəfindən kirayə müqaviləsinin şərtlərinin yerinə yetirilməsi vəziyyətini araşdırmaq məqsədi ilə mənzillərə baxış keçirərkən ünvan 1, mənzil 892-də kirayəçi Cavabdeh1 və onun ailə üzvlərinin uzun müddətdir yaşamadığı müəyyən edilmişdir. Hal-hazırda həmin 2 otaqlı mənzildə heç kim yaşamır. Xətai rayonu Telnov küçəsi 892 saylı mənzildə kirayə müqaviləsinə əsasən Cavabdeh1lə birlikdə ailə üzvləri qeydiyyatdadır. İş materiallarında olan Xətai rayon Sukanal İdarəsinin **********78920 saylı abonentin saldosundan görünür ki, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində məcburi köçkünlər üçün inşa edilmiş hündütmərtəbəli yaşayış kompleksində E blokunda yerləşən 892 nömrəli 2 otaqlı mənzildə yaşayan Cavabdeh1 2018-2021ci illər ərzində 224 manat su pulu ödəmişdir. İş materiallarında olan **********70892 saylı abonentin saldosundan görünür ki, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində məcburi köçkünlər üçün inşa edilmiş hündütmərtəbəli yaşayış kompleksində E blokunda yerləşən 892 nömrəli 2 otaqlı mənzildə yaşayan Cavabdeh1 2020-2021ci illər ərzində 307 manat işıq pulu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Biləsuvar rayon MKİS-nin 23.11.2017-ci il tarixli, 8810 saylı arayışından görünür ki, Cəbrayıl rayon Çərəkən kənd sakini Əliyev X2 rayon ərazisində salınmış qəsəbələrdə yaşamır, adına ev, torpaq sahəsi yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon MKİS-nin 28.07.2020-ci il tarixli, 833 saylı arayışından görünür ki, Cavabdeh1 həqiqətən də hazırda Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən yüksəkmərtəbəli yaşayış binasının 892 saylı mənzilində yaşayır. İş materiallarına əlavə olunmuş SOCAR-ın 12.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 01.09.2010-cu il tarixdən SOCAR-ın İnformasiya texnologiyaları və Rabitə İdarəsinin Səbail-Xətai informasiya-kommunikasiya texnologiyalarına xidmət mərkəzində rəis müavini vəzifəsində işləyir. İş materiallarına əlavə olunmuş İş materiallarında olan 20.07.2021-ci il tarixli aktdan surətindən görünür ki, X1, X5 və X4 həmin aktı tərtib etməklə, Cavabdeh1 və ailə üzvlərinin həqiqətən də hazırda Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən yüksəkmərtəbəli yaşayış binasının 892 saylı mənzilində yaşadıqlarını təsdiq edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə isə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən onun müvəqqəti istifadələrinə verilmiş mənzildə yaşanmamalarını, cavabdehlərin Biləsuvar rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması üçün tikilmiş 4 saylı qəsəbədə yerləşən 417 nömrəli 2 otaqlı evdə məskunlaşdırıldığını iddia etsə də, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, qeyd edilən kirayə müqaviləsinin ləğv edilməsinə hazırda hər hansı qanuni əsas olmadığından hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir . Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Xətai rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Telnov küçəsi ərazisində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yeriəşən F blok 892 nömrəli 2 otaqlı mənzilinin cavabdehin müvəqqəti istifadəsinə verilməsinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar