Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4690/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər ünvan 4t ofisinə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh3 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər ünvan 4t ofisinə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh3 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4t Ofisinin notariusu X1 tərəfindən xx.xx.2018-ci il tarixdə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 544 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4t ofisinin notariusu X1 tərəfindən xx.xx.2019-cu il tarixində “İpoteka predmetnə tutmanın yönəldilməsi haqqında” 544 nömrəli icra qeydi verilmişdir. Həmin İcra qeydində xx.xx.2016-cı il tarixli 3M-77 reyestrli kredit müqaviləsinə əsasən borclu Musfatayev Yaşar Ağavəkil oğlundan tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat tutulmalı, borclu Musfatayev Yaşar Ağavəkil oğlundan tələbkar Cavabdeh3 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 211.010 manat pulun tutulması, tutmanın girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən əmlaka yönəldilməsi və hərracdan satılması qeyd edilmişdir. Sözügedən icra qeydi verilməmişdən əvvəl iddiaçıya bildiriş və ya xəbərdarlıq təqdim edilmədiyinə görə onun məlumatı olmamışdır. ünvan 4t ofisi, notarius X1 tərəfindən 22 iyun 2019-cu il tarixində “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 544 nömrəli icra qeydi - icra sənədi üzrə xx.xx.2019-cu il tarixində Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir və icraata başlanılmışdır. ünvan 4t ofisinin notariusu X1 tərəfindən xx.xx.2019-cu il tarixində “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 544 nömrəli icra qeydində borc məbləğinin 211.000 manat göstərilməsi qanunsuz olmuşdur. Çünki kredit müqaviləsini bağlayandan sonra şəxsən Cavabdeh3 xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat, xx.xx.2016-cı il tarixində 6.800 manat məbləğlərini ödəmişdir. Hər dəfə ödənişdən sonra borc verən, yəni tələbkar Cavabdeh3 pulu qəbul edərək, kredit müqaviləsinə şəxsən imza etməklə təsdiq etmişdir. Bu barədə qeydlər tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3M-77 reyestrli kredit müqaviləsində və xx.xx.2016-cı il tarixli 3M-431 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli 3M-77 reyestrli kredit müqaviləsinə Əlavədə qeyd edilmiş və imzalanmaqla təsdiq edilmişdir. İcra qeydində göstərilmiş səhv məbləğ sonrakı icra hərəkətlərində öz əksini tapmışdır. Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tutma yönəldilmiş ipoteka predmeti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirilmiş və "xxxx" tərəfindən açıq hərrac təşkil edilmişdir. İcra qeydində yol verilmiş yanlış məbləğə görə ləğv edilməsi tələb edilməsinə baxmayaraq nəticə verməmişdir. Bununla bağlı cavabdeh ünvan 4t ofisinə və nəzarət qaydasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Baş İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi, Notariat idarəsinin rəisi - baş idarə rəisinin müavini vəzifəsini icra edən Mirağa Abbasov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/2-M-249-6/2023 nömrəli məktubla “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydinin məhkəmə qaydasında mübahisələndirilməsi tövsiyə olunmuşdur. Cavabdeh3 ünvan 4t ofisinin notariusu X1 tərəfindən 22 iyun 2019-cu il tarixində “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 544 ncmrəli icra qeydi verilən zaman borc məbləği barədə məlumatı olmasına baxmayaraq bu barədə bildirməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılması üçün notariusa müraciət etməzdən əvvəl cavabdeh iddiaçıya xəbərdarlıq bildirişi göndərməli idi. Lakin iddiaçıya belə bildiriş göndərilməmişdir. Bundan savayı üzərində tutma yönləndirilmiş əmlak – ipoteka predmeti deyildir. Mübahisəli əmlaka dair ipoteka müqaviləsi deyil, dövlət qeydiyyatına alınmamış girov müqaviləsi bağlanılmışdır. Göstərdiklərinə əsasən o, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, tərəflər arasında uzun müddətdir ki, hazırkı mübahisə davam edir. İddiaçının icranın bütün mərhələlərindən xəbəri olmuşdur. O, işi suni uzatmaq üçün iddia vermişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər ünvan 4t Ofisinə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhhkəməyə çağırılsalar da, ünvan 4t Ofisi məhkəməyə məktubla müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirdir. Məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh3 211.000 manat məbləğində pul vəsaitini xx.xx.2016-cı il tarixədək qaytarılması şərtilə borc alan İddiaçı vermişdir. Kredit faizsiz verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, borc verən Cavabdeh3 41.000 manat məbləğində pul vəsaitini xx.xx.2016-cı il tarixdən 6 ay müddətinə İddiaçı vermişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli girov müqaviləsinin surətindən görünür ki, girov qoyan İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzili xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün girov saxlayan Cavabdeh3 qarşısında girovla yüklü etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 3M-78 reyestrli girov müqaviləsinə əlavənin surətindən görünür ki, birinci tərəf Cavabdeh3 ilə ikinci tərəf İddiaçı girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzilin dəyərinin 245.000 manat olması barədə razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4t Ofisinin 544 nömrəli xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən xx.xx.2016-cı il tarixli 3M-77 reyestrli kredit müqaviləsinə əsasən borclu İddiaçı tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat tutulmalıdır. Borclu İddiaçı tələbkar Cavabdeh3 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 211.010 manat pul tutulmalıdır. Tutma girov predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməlidir və hərracdan satılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4t ofisinin D-22/11 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, notariat ofisində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Notariat ofisində yanğınla əlaqədar çox sayda sənədlər, o cümlədən xx.xx.2019-cu il tarixli 544 nömrəli icra qeydi və icra qeydi rəsmiləşdirilməsi üçün əlavə edilmiş müvafiq sənədlər yanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Cavabdeh2 3M-77 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 3M-77 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nə ünvanlanmış məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzili açıq hərracdan satılmalı və mənzilin hərracda ilkin satış qiyməti 400.000 manat məbləğində müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 94, 25 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2011- ci il tarixli 5 nömrəli protokolundan çıxarışa, xx.xx.2011-ci il tarixli 40 nömrəli maliyyə arayışına, xx.xx.2011-ci il tarixli 41 və 39 saylı forma 2 arayışlarına əsasən ilkin olaraq xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir; Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 48/02 nömrəli protokoluna, xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, Nərimanov rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli **********/2019-15-2В nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzil İddiaçı tərəfindən "xxxx" MTKdan alınmış və dəyəri ödənildikdən sonra İddiaçı rəsmi reyestrdən xx.xx.2011-ci il tarixdə çıxarış verilmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə sözügedən mənzil İddiaçı Cavabdeh3 qarşısında borc öhdəliyi üzrə açıq hərracda sonuncuya satılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 mənzilin onun xüsusi mülkiyyətində olmasına dair rəsmi reyestrdən çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında kredit münasibətləri olmuşdur, cavabdeh tərəfindən 2016-cı ildə iki dəfə olmaqla, ümumilikdə 245.000 manat borc pul vəsaiti iddiaçıya verilmişdir. Həmçinin, tərəflər aralarında borcun qaytarılmasının təminatı olaraq girov müqaviləsi bağlanılmışdır. Bağlanmış girov müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, mənzilin ipoteka ilə yüklü edilməsinə dair reyestrdə heç bir qeydiyyat aparılmamışdır. Daha sonra ünvan 4t ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə “ipoteka predmetinə tutma yönəldilməsi haqqında” icra qeydi verilərək, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən xx.xx.2016-cı il tarixli 3M-77 reyestrli kredit müqaviləsinə əsasən borclu İddiaçı tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş 211.000 manatın tutulması, borclu İddiaçı tələbkar Cavabdeh3 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 211.010 manat pulun tutulması, tutmanın girov predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməsi və mənzilin hərracdan satılması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə sözügedən mənzil açıq hərracdan Cavabdeh3 satılmışdır. Hazırda iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş əqdlərdə icra qeydinin aparılması üçün notariusa notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunmalıdır. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Həmin siyahının qeyd hissəsində göstərilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 26.1.7-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır. 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallar; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: - müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; - icra olunmalı öhdəlik barədə məlumat; - ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; - bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. 37.1-ci maddəsinə görə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, Cavabdeh3 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət edəcəyinə dair bildiriş göndərməli idi. Məhkəmə göstərilən halın müəyyən edilməsi üçün ünvan 4t Ofisinə sorğu ilə müraciət edərək, İddiaçı Ağavəli oğlundan Cavabdeh3 xeyrinə pul məbləğinin tutulması, tutmanın girov predmeti olan ünvan 3 ünvanda yerləşən əmlaka yönəldilməsi və hərracdan satılması barədə ünvan 4t ofisinin xx.xx.2019-cu il tarixli, 544 saylı icra qeydinin rəsmiləşdirilməsi üzrə müvafiq notariat işinin təsdiq olunmuş surətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmiş, notariat ofisi tərəfindən verilmiş cavabda isə notariat ofisində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş verdiyi, yanğınla əlaqədar çox sayda sənədlər, o cümlədən xx.xx.2019-cu il tarixli 544 nömrəli icra qeydi və icra qeydinin rəsmiləşdirilməsi üçün əlavə edilmiş müvafiq sənədlərin yandığı bildirilmişdir. Cavabdeh3 tərəfindən isə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin əvvəlcədən İddiaçı göndərilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, Cavabdeh3 tələbinin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə borcluya bildiriş göndərməsi iş materialları ilə müəyyən edilmir. İcra qeydinin məhkəmədə mübahisələndirilməsi imkanı bilavasitə həmin bildirişin alınması ilə əlaqəlidir. Belə ki, maraqlı şəxs icra qeydinə əsasən əmlaka tutmanın yönəldilməsi barədə bildirişi aldığı gündən 21 gün müddətində məhkəməyə müraciət edə bilər. Sözügedən bildirişin iddiaçıya çatıb-çatmadığını müəyyən etmək mümkün olmadığından, icra qeydinin verilməsi qanuni hesab edilə bilməz. Bundan başqa qanunun tələbindən göründüyü kimi əmlaka tutmanın yönəldilməsi barədə icra qeydi notarius tərəfindən ipoteka saxlayanın ipoteka müqaviləsi, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə icra qeydi əsasında həyata keçirilir. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, bununla bağlı rəsmi reyestrdə hər hansı qeydiyyat aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 303.1-ci maddəsinə görə hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 303.4-cü maddəsinə görə dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 329.1.-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. İşdən görünür ki, xx.xx.2019-cu il tarixdə “ipoteka predmetinə tutma yönəldilməsi haqqında 544 saylı icra qeydi”nin verilməsinə baxmayaraq, notariat orqanı tərəfindən ipotekanın dövlət qeydiyyatı yoxlanılmamışdır. Nəticədə, girov müqaviləsinin predmeti olan tələbetmə hüququnun mövcud olmasını təsdiq edən mötəbər sübutlar olmadığı halda, notariat orqanı tərəfindən “ipoteka predmetinə tutma yönəldilməsi” barədə icra qeydi verilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ünvan 4t ofisi tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 544 nömrəli icra qeydinin verilməsi qanunvericiliyin tələblərinin pozulması ilə icra edildiyindən, mübahisələndirilən icra qeydi ləğv olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 4t ofisinin notariusu X1 tərəfindən xx.xx.2018-ci il tarixdə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” verilmiş 544 nömrəli icra qeydi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4690/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4690/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver