Məhkəmə qərarları › İş №2(011)-4704/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4704/2022

23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4704/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı – X5 2022-ci ilin mart ayından aylıq hesablanmaqla yetkinlik yaşına çatana qədər yaşayış xərclərinin təmin olunması üçün aylıq qanunvericilikdə nəzərdə tutulmuş 193 manat alimentin və X5 müalicə xərcləri üçün aylıq 200 manat pul məbləğinin pulun Cavabdeh tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin yanvar ayında cavabdeh Azərbaycan Balakən rayonu Qullar kənd sakini Cavabdeh ilə el adəti ilə gəlin köçərək ailə həyatı qurmuşdur. Birlikdə vətəndaş nikahı dövründə nikahlarının dövlət qeydiyyatına alınmasını Cavabdeh dəfələrlə xatırlatsa da, cavabdeh əhəmiyyət verməmişdir. Birlikdə ailə həyatı boyu cavabdeh məsuliyyətsiz davranmış, müntəzəm şəkildə işləməmiş, ailəni iddiaçı tək başına işləyərək dolandırmışdır. Ona işləmək, ailəyə baxmaq lazım olduğunu söylədikdə laqeyd davranmış və iddiaçıya dəfələrlə əl qaldırmışdır. 2011-ci ilin yanvar ayında ailə həyatları birlikdə yaşanılmaz həddə çatmış və ayrılmışlar. Birlikdə vətəndaş nikahlarından övladları Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2007-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir və ona Azərbaycan Respublikası Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İİ 984897 nömrəli doğum şəhadətnaməsi verilmişdir. 2011-ci ildən bu günə qədər uşaq iddiaçının yanında qalmış və uşağın yaşamasına aid bütün xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Atası Cavabdeh heç bir köməklik göstərməmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, övladı X6 uşaq yaşlarından 3-cü dərəcəli skolioz xəstəsidir və bununla bağlı gələcəkdə həyatına təhlükə yaranmaması və gələcəkdə ana ola bilməsi üçün hər ay davamlı müalicə görməsi həkim tərəfindən təsdiqlənmişdir və uzun müddətdir ki həkim qeydiyyatındadır. İddiaçı pandemiya dövründə işsiz qaldığı zamanlarda atasından telefon danışığında uşağın müalicəsinə kömək etməsini istəsə də o, heç bir köməklik göstərməmişdir. İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2007-ci ildə anadan olmuşdur və “ata” qrafasında X8 qeyd olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 193 manat məbləğində alimentin tutulması hissəsində təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 193 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən uşağın müalicə xərcləri üçün 200 manat miqdarında alimentin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göründüyü kimi, valideyn ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər bu kimi xərclərə məhkəmə qaydasında cəlb edilə bilər. Lakin hazırkı iş üzrə iddiaçı cavabdehin əlavə xərclərdə iştirak etməsi üçün hər hansı maddi vəsaitə malik olmasını məhkəmə araşdırılması zamanı sübut etməmişdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13 noyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 29 iyun 2022-ci il tarixdən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq, X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar