Məhkəmə qərarları › İş №2(011)-4730/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4730/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4730/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı – “alimentin tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – birgə nikahdan anadan olmuş övladları - 02 avqust 2010-cu il təvəllüdlü X3 və 10 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,75 misli (300 manat aliment/ 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0,75) həddində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 28 aprel 2010-cu il tarixdə nikaha daxil olmuşdur və nikahları Culfa rayon Qeydiyyat şöbəsində 52 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından iki övladları - 02 avqust 2010-cu il təvəllüdlü X7 və 10 aprel 2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə iddiaçı arasında olan nikah pozulmuş, birgə nikahdan olan övladları onun himayəsində saxlanılmış, həmçinin birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra cavabdehlə aralarında alimentin ödənilməsi barədə razılıq olduğundan o, notarial qaydada ərizə yazaraq icraata xitam vermişdir. Lakin hazırda cavabdeh razılığı pozaraq ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Bu səbəbdən o, yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu səbəbdən hesab edir ki, uşaqlarının saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Həmçinin qeyd edir ki, mediasiyaya müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə 14 aprel 2025-ci il tarixli Arayış təqdim edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahatında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdeh əldən ələ 300-350 manat verirdi. Qızı 11-ci sinifə keçir, əlavə hazırlıqlara gedir. Ortaq məbləğə razılaşa bilər. Yüksək məbləğdə aliment tələb etmir. Əgər vaxtında ödəyəcəksə, aşağı məbləğdə alimentə razıdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, əvvəllər uşaqların saxlanılmasına kömək etmişdir. Hazırda işləmir. Uşaqlar öz uşaqlarıdır. Sağlamlığı ilə bağlı aktiv iş rejimində işləyə bilmir. Çalışır ki, daimi iş tapıb alimenti ödəsin. İş materiallarına əlavə edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 16(011)-286/2022saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, 16 noyabr 2022-ci il tarixdən hesablanmaqla 02 avqust 2010-cu il təvəllüdlü X3 və 10 aprel 2014-cü il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-286/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Culfa rayonu Qeydiyyat Şöbəsində 52 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uçaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-594/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 59 saylı arayışından görünür ki, X5 N.Tusi küçəsi 16, 16 ünvanında qeydiyyatsız yaşayır. AZ seriyalı 314697 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 ana adı qrafasında İddiaçı, ata adı qrafasında Cavabdeh qeyd olunmuşdur. AZ seriyalı 506262 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı satıcı vəzifəsində işləyir və 345 manat məbləğində əmək haqqı alır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh işləmir, gəliri yoxdur. Bu səbəbdən məhkəmə, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 300 manat, ümumilikdə 600 manat sabit pul məbləğdə aliment tutularaq iddiaçıya verilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli (400x0,5=200 manat) həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 400x12=4800 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 68 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 68 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə işə baxılmasına dair xərclərə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, mediasiya təşkilatına 50 manat məbləğində rüsum ödənilmişdir. İddiaçının bununla bağlı tələbi olmadığından mediasiya təşkilatına ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh üçün Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Alimentin tutulması müddəti xx.xx.2025-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar