Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4737/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı orderin və ona əsas olmuş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə “Ulduz” X7 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21A, mənzil 105-ə verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderin və ona əsas olmuş sənədin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq iddiaçıya məxsus olan 105 saylı mənzildə qeydiyyatdadır. Cavabdehə 48,02 kv.metr, iddiaçıya isə 18 kv.metr mənzil ayrılmışdır. Bununla da mənzillərin tamamilə ayrı olması görünməkdədir. Cavabdehə məxsus olan orderdə 105 əvəzinə 106 yazılması üçün departamentə müraciət edir, cvabadeh isə səhvin aradan qaldırılması əvəzinə ona qarşı çıxış edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı bildirmişdir ki, onun və cavabdehin mənzilləri müxtəlifdir, sadəcə olaraq, cavabdehin mənzilinin nömrəsi də onun mənzili kimi 105 qeyd edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, əslində ona mənzil iddiaçıdan daha əvvəl verilmişdir. Sonradan iddiaçıya da orderlə başqa məzil verilmiş və hər iki orderdə mənzil nömrəsi 105 qeyd edilmişdir. Onda olan məlumata görə binada 106 saylı mənzil yoxdur. Hər iki mənzilin nömrəsi 105 olduğu üçün qarışıqlığı aradan qaldırmaq üçün bəzi sənədlərdə onun mənzilinin nömrəsini 106, bəzən isə 105-105a kimi qeyd etmişlər. Lakin orderlərdə hər iki mənzilin nömrəsi 105-dir və hər iki tərəf 105 saylı mənzildə qeydiyyatdadır. Mənzillərin nömrəsinin eyni olması, yəqin ki, texniki səhv olmuşdur, bu səhvin aradan qaldırılmasına etiraz etməsə də, ona verilmiş orderin etibarsız hesab edilməsinə etiraz edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: “Ulduz” X4 65 saylı, xx.xx.2003-cü il tarixli orderindən görünür ki, Cavanşir küçəsindəki 21a saylı evin sahəsi 49,02 kv.metr olan 105 saylı mənzili Cavabdeh verilmişdir. “Ulduz” X4 68 saylı, xx.xx.2003-cü il tarixli orderindən görünür ki, Cavanşir küçəsindəki 21a saylı evin sahəsi 18 kv.metr olan 105 saylı mənzili İddiaçı verilmişdir. “Ulduz” X4 xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, 19 saylı protokola əsasən xx.xx.2003-cü il tarixdə 68 saylı order həqiqətən də “Ulduz” X7 tərəfindən verilmişdir. 118 saylı MKİS-nin şəxsi hesab vərəqəsindən görünür ki, Cavanşir küçəsindəki 21a saylı evin 106 saylı mənzilinin sahibi Cavabdehdır. 118 saylı MKİS-nin arayışından görünür ki, X6, X9, X10, Qasımova X1 21a saylı evin 105 yox, 106 saylı mənzilində yaşayırlar. Kommunal ödəniş qəbzlərindən görünür ki, İddiaçı adına olan ödəniş qəbzlərində mənzil nömrəsi 105, Cavabdeh adına olan ödəniş qəbzlərində mənzil nömrəsi 106 və ya 105-105a kimi qeyd edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, xətai rayonu, Cavanşir küçəsi, ev 21a, 105 saylı mənzildə Cavabdeh, X6, X3, İddiaçı, X9, X10 qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6, X9, X10, Cavabdeh) qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):
49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, mülki iş üzrə mübahisə edilən cavabdehin adına olan order xx.xx.2003-cü il tarixində verilmişdir. Odur ki, hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 49-cu maddəsinə əsasən yaşayış sahəsinə verilən orderin məhkəmə qaydasında etibarsız hesab olunması mümkün olsa da, bunun üçün 3 illik kəsici müddət müəyyən edilmişdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxslər orderi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Hazırki halda da iş materialları ilə təqsid olunur ki, iddiaçı tərəfindən orderin mübahisələndirilməsi üçün 3 illik müddət ötürülmüşdür. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ulduz” X7 tərəfindən həm iddiaçıya, həm cavabdehə verilmiş mənzillərə dair orderlərdə hər iki mənzilin nömrəsi eyni göstərilsə də, faktiki olaraq iddiaçı və cavabdehə müxtəlif mənzillər verilmişdir. Lakin, texniki səhv olaraq hər iki orderdə mənzilin nömrəsi 105 qeyd edilmişdir. Yəni, iddiaçı və cavabdeh arasındakı hazırki mübahisə faktiki olaraq istifadələrində olan mənzillərlə bağlı deyil, mənzillərin hər ikisinin nömrəsinin eyni olması ilə bağlıdır. Odur ki, məhkəmə qeyd edir ki, orderlərdə yol verilmiş texniki yalnışlıq cavabdehə verilmiş orderin etibarsız hesab edilməsi ilə aradan qaldırıla bilməz. Belə ki, etibarsızlıq ümumiyyətlə, həmin sənəddən irəli gələn bütün hüquqi nəticələrin aradan qaldırılması deməkdir. Lakin, hazırki halda iddiaçının istəyi cavabdehin mənzildən məhrum edilməsi deyil, orderlərdəki texniki yalnışlığın aradan qaldırılmasıdır. Belə olan halda, iddaçının orderi etibarsız hesab etmək və ya orderdə dəyişiklik etmək hüququ olmayan hazırki cavabdehə qarşı orderin etibarsızlığı ilə bağlı iddia qaldırması deyil, orderi vermiş “Ulduz” X5 orderlərdəki yalnışlığın aradan qaldırılması ilə bağlı müraciət etməsi daha məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli