Məhkəmə qərarları › İş №2(011)-4803/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4803/2020

17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4803/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həbsxanada olduğu müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikahın ləğv edilməsi, xx xxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxx 2014-cü il təvəllüdlü X1 üçün kəsilmiş alimentin həbsdə olduğu müddətdə yığılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx xxxxx 2009-cu il təvəllüdlü Fərid və xx xxxxx 2014-cü il təvəllüdlü Əli adlı iki övladları vardır. Tərəflərin xx xxxxxx 2008-ci il tarixli nikahları ləğv edilmiş və iki azyaşlı uşaqları anasının himayəsində saxlanmaqla aliment müəyyən edilmişdir. Aliment kəsilməsinə baxmayaraq o, alimenti xx xxxxxx 2019-cu ilə qədər vaxtlı-vaxtında ödəmişdir, lakin qarşı tərəf məni şərləyərək haqsız yerə həbs etdirmişdir. xx xxxxxx 2019-cu il tarixdən etibarən həbsdə olduğu üçün alimenti ödəyə bilməmişdir. O, cəzaçəkmə müəssisəsində heç bir işlə təmin olunmamışdır, gəlir yeri olmamış, yenidən ailə qurmuşdur. Onun bir azyaşlı övladı da vardır. Maddi vəziyyəti çox çətindir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tələb olunan aliment öhdəliyi ilə bağlı yığılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(011)-5406/2017 saylı qətnaməsi ilə İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı X3 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2020-ci ilədək cəza çəkmiş və xx xxxxxx 2020-ci ildə cəza müddətinin qurtarması ilə əlaqədar olaraq cəzadan azad olunmuşdur. İddiaçı xx xxxx 2018-ci il tarixdə yenidən ailə həyatı qurmuş, həmin nikahdan xx xxxx 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən Məcəllənin 112.1-ci maddəsinin məzmunundan görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə yol verilir. Qanun tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Əvvəla, iddiaçının iddia tələbində göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşaqların saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Onun göstərdiyi dəlillər, yəni həbsxanada olması və yeni nikahdan da bir övladının olması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu əvvəlki nikahından olan uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan, onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İddiaçının yenidən başqa şəxslə nikah bağlaması onun vəzifəsi deyil, hüququ olmuşdur. İddiaçı hüququndan istifadə etməyi bacarırsa, əvvəlki nikahdan olan azyaşlı uşaqlarına da məhkəmə qaydasında müəyyən edilmiş, qanunla müəyyən edilmiş qaydada və miqdarda aliment ödəmək vəzifəsini də icra etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tələb olunan aliment öhdəliyi ilə bağlı yığılmış borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar