Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4819/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyan tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə görə 900.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 01.08.2010-cu il tarixindən Binəqədi rayonu QİS-nin 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləməklə, işə laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanına vaxtında (ildə 2 dəfədən az olmayaraq) baxış keçirməmiş və bu səbəbdən qaz cihazının tüstü borusunun düzgün quraşdırılmaması, qapıda dəliklərin (boşluq) olmaması kimi nöqsanlarını aşkar etməyərək qaz təchizatı dayandırmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli "Qazdan istifadə qaydaları”nın 3.1-ci bəndinin SSRİ Dövləttexnəzarəti tərəfindən 26.06.1979-cu il tarixdə təsdiq edilmiş "Qaz təsərrüfatında təhlükəsizlik qaydalararının 3.81-çi bəndinin, 21.12.2005-ci il tarixli “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.8.5, 3.8.8, 3.8.12-ci bəndlərinin tələblərini pozmuş, nəticədə 09.11.2014-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X10 hamam otağında dəm qazından zəhərlənərək ölmüşdür. Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 1(001)- 193/2015 saylı, 07.07.2015-ci il tarixli hökmünə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh orqanın əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəv i ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının faciəvi surətdə ölməsi ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi mübahisəsizdir. Bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında cinayət işi üzrə "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olan X8 cinayət məsuliyyətinə cəlb edildiyini və məhkəmənin müvafiq hökırıi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, iddia Azəriqaz İB-yə deyil, X6 yönəlməli olduğunu göstərdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İş materiallarında olan Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 1(001)- 193/2015 saylı, 07.07.2015-ci il tarixli hökmünün surətindən görünür ki, X9 01.08.2010cu il tarixindən Binəqədi rayonu QİS-nin 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləməklə, işə laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanına vaxtında (ildə 2 dəfədən az olmayaraq) baxış keçirməmiş və bu səbəbdən qaz cihazının tüstü borusunun düzgün quraşdırılmaması, qapıda dəliklərin (boşluq) olmaması kimi nöqsanlarını aşkar etməyərək qaz təchizatı dayandırmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli "Qazdan istifadə qaydaları”nın 3.1-ci bəndinin SSRİ Dövlət-texnəzarəti tərəfindən 26.06.1979-cu il tarixdə təsdiq edilmiş "Qaz təsərrüfatında təhlükəsizlik qaydalararının 3.81-çi bəndinin, 21.12.2005-ci il tarixli “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.8.5, 3.8.8, 3.8.12-ci bəndlərinin tələblərini pozmuş, nəticədə 09.11.2014-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X10 hamam otağında dəm qazından zəhərlənərək ölmüşdür. Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2015 saylı, 07.07.2015-ci il tarixli hökmünə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı zərərçəkmiş X3 hüquqi varisi qismində tanınmışdır. Beləliklə, İddiaçı qardaşı X3 ölümünün cavabdeh Azəriqaz” X1 rayonu QİS-nin 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləyən X4 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində baş verməsiı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24.04.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı baş vermiş hadisədə qardaşı X7 itirmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh işçisi X4 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının ailə üzvünün ölməsi nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq məsələ üzrə formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin həcmi 10.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində kompensasiya və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev