Məhkəmə qərarları › İş №2(011)-4868/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4868/2021

12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4868/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2020-cii il tarixli 2(011)-5719/20 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqları Elmin və Şəmsinurun saxlanılması üçün sabit pul məbləğində kəsilmiş 340 manat alimentin miqdarının azaldılaraq 200 manat miqdarında müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2013-cü ildə faktiki olaraq ailə qurmuşdurlar, 02.11.2014-cü il tarixdə isə tərəflərin nikahı rəsmiləşdirilmişdir. Ailə kimi tərəflər 2020-ci ilin sonlarına kimi birgə yaşamışdırlar. Tərəflərin rəsmi nikahından iki övladı anadan olmuşdur – 27.07.2015-ci il təvəllüdlü X4 və 06.02.2017-ci il təvəllüdlü X2. Cavabdeh ilə iddiaçı arasında olan narazılıqlara görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixi qətnaməsinə əsasən azyaşlı uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşaq üçün 170 manat, cəmi 340 manat miqdarında aliment təyin edilmişdir. Həmin aliment məbləğini iddiaçı ödəyə bilmir. Bu səbəblə də məhkəmə tərəfindən təyin edilmiş aliment miqdarının azaldılması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə uşağı saxlamaq hər iki valideynin borcudur. Belə olan halda iddiaçının qanuna uyğun olaraq hər uşaq üçün 100 manat miqdarında aliment ödəmək imkanı var. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri Xətai Rayon MƏhkəməsinin 29.10.2020-ci il tarixli qətnaməsinə dəyişiklik edilməli və kəsilmiş 340 manat miqdarında aliment azaldılaraq 200 manat miqdarında müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 06.02.2017-ci il tarixində, X4 isə 27.07.2015-ci il tarixində Bakı şəhərində anadan olmuşlar, onların atası İddiaçı, anası Cavabdehdır (AZ-Y seriyalı, 151629 nömrəli və AZ-T seriyalı, 151630 nömrəli “Doğum haqqında Şəhadətnamə”lərı). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5719/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 27.07.2015-ci il təvəllüdlü X3 və 06.02.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 29.09.2020ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2599/2021 nömrəli, 18.02.2021-ci il tarixli Qətnaməsinə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5719/2020 saylı iş üzrə 29.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının X6 ərazi dairəsi üzrə nümayəndəliyinin 09.03.2021-ci il tarixli, 24 nömrəli arayışından görünür ki, Gədəbəy rayon İnəkboğan kənd sakini İddiaçı o, qeydiyyadadır və hal-hazırda ərazidə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılması üçün alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmalıdır və bu hallar məhkəmə prosesi zamanı əsaslandırılmalıdır. Baxılan iş üzrə uşaq üçün alimentin tutulması barədə qətnamə 29.10.2020-ci il tarixdə qəbul edilmiş, daha sonra həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır, hazırkı iddia ərizəsi isə məhkəməyə 16.03.2021-ci il tarixdə verilmişdir. İddiaçı 2021-ci ilin fevral ayında hazırkı dövrədək olan müddət ərzində özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayil oğlunun Cavabdeh qarşı Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli 2(011)-5719/2020 saylı qətnaməsinə əsasən birgə nikahdan olan uşaqları Elmin və Şəmsinurun saxlanılıb tərbiyyə edilməsi üçün sabit pul məbləğində kəsilmiş 340 manat alimentin miqdarının azaldılaraq 200 manat miqdarında müəyyən edilməsi barədə tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar