Məhkəmə qərarları › İş №2(011)-4955/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4955/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4955/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin tutulması tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, o, və cavabdeh X4 2005-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahdan 28 avqust 2006-cı il tarixdə oğulları X13 və 17 iyun 2008-ci il tarixdə isə digər oğulları X8 doğulmuşdur. Aralarında faktiki nikah münasibətləri də pozulmuşdur. Belə ki, cavabdeh uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayır və uşaqların saxlanması tamamilə onun tərəfindən təmin olunur. Onların geyim, qidalanma, təhsil, sağlamlıq və gündəlik xərclərini o, qarşılayır. Bununla əlaqədar olaraq o, hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmasa da, onun aylıq gəliri kifayət qədər yüksəkdir. Lakin cavabdeh xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olduğuna görə bu hal tərəfindən təsdiq oluna bilmir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh X1 28 avqust 2006-cı il tarixdə doğulmuş X9 və 17 iyun 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh X3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 306016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 iyun 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X4, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 969717 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 avqust 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X4, anası isə İddiaçıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğun olduğundan iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh X1 17 iyun 2008-ci il təvəllüdlü X2 və 28 avqust 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh X1 17 iyun 2008-ci il təvəllüdlü X2 və 28 avqust 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Cavabdeh X1 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar