Məhkəmə qərarları › İş №2(011)-5002/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5002/2021

30.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5002/2021 30.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baraxaraq müəyyən etdi İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən işdən çıxarıldığına görə Cavabdeh MMC tərəfindən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək ödənilməmiş 3000 manat məbləğində əmək haqqının iddiaçıya ödənilməsi, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq işdən çıxarıldığına görə 15000 manat məbləğində kompensasiyanın ödənilməsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayından başlayaraq 2020-ci ilin mart ayı tarixinədək Cavabdeh MMC-də usta vəzifəsi üzrə çalışıb. İşlədiyi illər ərzində daim işinə məsuliyyətlə yanaşmış və öz vəzifəsini lazımı qaydada icra etmişdir. Qeyd edilən müddət ərzində iddiaçı ustalıq vəzifəsi üzrə çalışsa da, çalışdığı dörd ay müddətində yalnız bir ayına görə əmək haqqı ala bilmişdir. Yerdə qalan 3 aylıq əmək haqqını isə cavabdeh tərəfindən ona ödənilməmişdir. Eyni zamanda, cavabdeh iddiaçını qanunsuz olaraq işdən çıxartmışdır. Belə ki, cavabdeh iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsində müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş xəbərdarlıq müddətini gözləmədən iddiaçını işdən çıxartmış və iddiaçıya işdən çıxarıldığına dair bildirişi ona təqdim etməmişdir. İddiaçının adına açılmış “X14 Salary” növlü maaş kartına ümumilikdə 504,28 manat məbləğində pul mədaxil edilmiş, həmin məbləğdən 504 manat isə hissə-hissə məxaric edilmişdir. Lakin, iddiaçının adına açılmış kart hesabına köçürülmüş məbləğin kim tərəfindən məxaric edilməsi isə məlum deyildir. Bank tərəfindən verilmiş 18.12.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, iddiaçının hesabına açılmış kart növü üzrə iddiaçıdan xəbərsiz əməliyyatlar aparılmışdır. İddiaçının hesabına açılmış kart üzrə qanunsuz olaraq əməliyyatların aparılması hüquqlarının pozulmasının bariz nümunəsidir. İddiaçı səhhəti ilə əlaqədar daimi olaraq həkim müayinəsindən keçməlidir. Belə ki, iddiaçı nitq qüsurludur, bu da davamlı olaraq müalicə tələb edir. Bundan savayı övladı X6 epilepsiya xəstəliyindən əziyyət çəkir. Tez-tez təkrarlanan qıcolma ilə müşayiət olunan bu xəstəliyin müalicəsi olduqca çox maddi vəsait tələb edir. İddiaçının sözü gedən pula ehtiyacı olduğu halda, cavabdeh tərəfindən iddiaçıya əmək haqqının ödənilməməsi iddiaçıya olduqca mənfi təsir göstərərək mənəvi zərər vurmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində 15000 manat məbləğində kompensasiya da cavabdeh tərəfindən ödənilməlidir. 2019-cu ilin dekabrından 2020-ci ilin mart ayınadək olan iş dövrü kifayət qədər uzun müddətdir və həmin dövr üçün ödənilməli olan 3 aylıq əmək haqqı kifayət qədər böyük məbləğdə pul edir. İddiaçı işlədiyi 3 ay ərzində maaşının iddiaçıya ödənilməməsi iddiaçının maddi vəziyyətini xeyli çətinləşdirmiş, ailəsinin dolaşığını təmin etməyi ilə əlaqədar bir sıra problemlərin yaranmasına səbəb olmuşdur. Belə olduğu halda, pozulmuş hüquqların qanun çərçivəsində bərpa edilməsi, hüquqlarının reəlizəsi üçün iddiaçının bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalır.. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh MMC tərəfindən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək ödənilməmiş 3000 (üç min) manat məbləğində əmək haqqının, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq işdən çıxarıldığına görə 15000 manat məbləğində kompensasiyanın, vəkilə hüquqi xidməti üçün ödənilmiş 500 manat, eyni zamanda yol xərcinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin əməkdaşları iddiaçını aldadaraq ona işdən azad edilməsi ilə bağlı ərizəni imzalatdırıblar. İddiaçının bundan məlumatı olmayıbCavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə məhkəməyə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ambulator kitabçadan çıxarışdan görünür ki, X6 generalizə olunmuş epilepsiya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan 1343 nömrəli 11.07.2016-cı il tarixli xəstəlik tarixindən görünür ki, X6 ambulator müalicə alır. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 37 Polis Şöbəsinin 21.08.2020ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş X1 müraciəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, A.M.Nağıyeva və İddiaçıa qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X3 polis şöbəsinə müraciət edərək, bildirmişdir ki, X15 İsmayılov ilə birlikdə “İsbo Group şirkətini yaradıb Xətai rayonu, Ağ şəhərdə “X11” layihəsi çərçivəsində tikinti quraşdırma işlərini həyata keçirmişdi. Onur Bola tərəfindən layihə çərçivəsində iş icrasının müəyyən hissəsini ona həvalə edilmişdir. 2019cu ilin ortalarında Ağ Şəhər istiqamətində Aqil 38 nəfər işçi qrupu ilə birlikdə orada tikinti işlərinə başlamışdılar. Aralarında olan razılaşmaya əsasən Cavabdeh MMC görülən işlərə görə onlara 32,702 manat məbləğində pul ödəməli idi, lakin indiyə kimi onlar tərəfindən 23867 manat məbləğində pul vəsaiti ödənilmiş, qalan 10835 manat pul isə müxtəlif bəhanələr ilə ödənilməmişdir. X4 izahatında göstərmişdir ki, “X12” layihəsi çərçivəsində Ağ şəhərdə aparılan tikinti işlərinin həyata keçirilməsi barədə X3 ilə razılığa gəlinmişdir. Aqilin işçi qrupu tərəfindən görülən işlərə görə ümumilikdə 23867 manat məbləğində pul ödənilmişdir. X13 həmin pulları öz işçilərinə çatdımadığı üçün işçilər arasında narazılıq artmışdır. Olan narazılığı aradan qaldırmaq üçün şirkət tərəfindən işçilərə əlavə olaraq 3077 manat məbləğində pul ödənilmiş və Nağıyev Aqil həmin zaman şirkətin onlara borcun olmadığını təsdiq etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarış sürətindən görünür ki, İddiaçı əmək haqqı kartına 05.03.2020-ci il tarixində 453,62 manat pul mədaxil olmuş, 06.03.2020-ci il tarixində isə həmin pul kartdan çıxarılmış, 22.10.2020-ci il tarixində isə 50.66 manat pul mədaxil edilmiş, 22.10.2022-ci il tarixində isə kartdan çıxarılmışdır. İş materiallarına olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin 26.08.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı "xxxx" MMC-də əmək haqqı borcunun və son haqq-hesabın ödənilməməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində araşdırılmışdır. Araşdırma zamanı vətəndaş Nazirliyə müraciət edərək bundan əvvəl etdiyi müraciətlərin araşdırılmamasının dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən də vətəndaşın müraciəti baxılmadan saxlanılmışdır. Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış 07.09.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də çalışan İddiaçı özünün 05.01.2020-ci il tarixli ərizəsinə əsasən 05.02.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə usta vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ünvan ünvanlanmış 15.07.2021-ci il tarixli məktubu və məktubun qoşmasında görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 16.12.2019-cu il tarixində müddətli əmək müqaviləsi imzalanmışdır. Həmin əmək müqaviləsinə 05.02.2020-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında 16.12.2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanılmışdır. İddiaçı aylıq əmək haqqı məbləği 250 manat olmaqla usta vəzifəsində qəbul edilmişdir. İş materiallarında olan İddiaçı 09.01.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh MMC-nin direktoruna onun işdən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 05.02.2020-ci il tarixli 116 əmrinin surətindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə 05.02.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaəsn xitam verilmişdir. 16.12.2019-cu il tarixdən 05.02.2020-ci il tarixinidək düşən 3 təqvim günü üçün ödəniş edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02.11.2021-ci il tarixli 4/1257-9/6428 nömrəli rəyindən görünür ki, mülki işin 37-ci vərəqisində olan 09.01.2020-ci il tarixli ərizədə “imza” qrafasın “İddiaçı” yazıları önündəki imza – İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 13.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına əmək haqqı kartı 05.02.2020-ci il tarixində Cavabdeh MMC tərəfindən sifariş verilmişdir. Məktuba əlavədən görünür, ki, karta 05.03.2020-ci il tarixdə 453,62 manat, 22.10.2020-ci il tarixdə isə 50,66 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfinədn təqdim edilmiş 2020-ci ilin fevral ayı üçün işçilərin işə davamiyyət tabelindən görünür ki, İddiaçı fevral ayında 3 iş günü işləmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ var. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci hissəsinə əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia Cavabdeh MMC tərəfindən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək ödənilməmiş 3000 (üç min) manat məbləğində əmək haqqının iddiaçıya ödənilməsi tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olur ki, İddiaçı 16.12.2019-cu il tarixində Cavabdeh MMC-yə işə götürülmüş və onunla bağlanılmış əmək müqaviləsinə 05.02.2020-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əmək haqqı məbləği 250 manat təşkil edirdi. İddiaçı 2019-cu ilin dekabr ayında 10 iş günü, 2020-ci ilin yanvar ayı üzrə 18 iş günü, fevral ayı üzrə 3 iş günü işləmiş və həmin iş günləri üzrə iddiaçıya əmək haqqı məbləği ödənilmişdir. İddiaçı əmək haqqı kartının onda olmadığını və ona hesablanmış əmək haqqı üçüncü şəxs tərəfindən mənimsənildiyini iddia etsə də, bununla bağlı məhkəməyə yetərli sübut təqdim etməmişdir. Odur ki, iddia bu hissədə əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə iddianın Cavabdeh MMC tərəfindən qanunsuz olaraq işdən çıxarıldığına görə 15000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair, ödənilmiş vəkilə kömək üçün 500 manat məbləğində xərcin, eyni zamanda yol xərci qismində 200 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında da qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Bundan əlavə olaraq, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır: Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı, 02.08.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, işdən azad edilməsi ilə bağlı ərizə İddiaçı tərəfindən imzalanmamış, həmin ərizədən iddiaçının xəbəri olmamışdır. Lakin iddiaçının bu dəlili məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası nəticəsində təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02.11.2021-ci il tarixli 4/1257-9/6428 nömrəli rəyindən görünür ki, mülki işin 37-ci vərəqisində olan 09.01.2020-ci il tarixli ərizədə “imza” qrafasın “İddiaçı” yazıları önündəki imza – İddiaçı tərəfindən icra olunmuşdur. Bunda sonra iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmış, oxumağı bacarmadığına görə sözügedən ərizənin məzmunundan məlumatsız olmuşdur. İddiaçının istinad etdiyi bu halla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyinə görə, məhkəmə iddiaçının daha əvvəl verdiyi izahatları da nəzərə alaraq hesab edir ki, iddiaçının bu dəlilini əsassızdır. Belə olan halda, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verildiyi zaman qanun pozuntusuna yol verildiyi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddiaçının maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək ödənilməmiş 3000 (üç min) manat məbləğində əmək haqqının, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq işdən çıxarıldığına görə 15000 manat məbləğində kompensasiyanın, ödənilmiş vəkilə kömək üçün 500 manat məbləğində xərcin, eyni zamanda yol xərci qismində 200 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar