Məhkəmə qərarları › İş №2(011)-5002/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5002/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5002/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, uşağın 3 yaşına qədər hər ay 300 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü ildə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan övladları xx.xx.2024cü ildə X3 anadan olmuşdur. Nikahları Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində nikahın bağlanması haqqında akt qeydiyatı kitabında 666 nömrə ilə qeydə alınmışdır. Evləndikdən sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri korlanmışdır, xarakterləri uyğun gəlməmişdir, bir-birilərini başa düşə bilməmişdilər. Aralarında tez-tez anlaşılmazlıq baş vermiş, bu da öz növbəsində ailədə mübahisənin və söz-söhbətin yaranmasına gətirib çıxarmışdır. Ümumiyyətlə cavabdehlə ailə şəraitində yaşamaq mümkün deyil, eyni zamanda heç bir səbəb olmadan ona nalayiq sözlərlə söyür, təhqir edir və iddiaçı bütün bunlara dözməyib ata evinə qayıtmaq məcburiyyətində qalmışdır. Hazırda ata evində övladı ilə birlikdə yaşayır. Cavabdeh uşağa baxmır, doğulduğu gündən bir dəfə də olsun onu görmək istəməyib, uşağın doğulmasına, gündəlik tələbatına lazım olan xərclərdə iştirak etmir, köməklik göstərmir. Bütün bunlara dözməyib aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və ayrılmaq qərarına gəlmişdir. Məsələ ilə bağlı Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-ci il tarixdə ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsinin mənası olmadığı qənaətinə gələrək, prosesi sona çatdırmaq barədə qərar verilmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Cavabdeh xx.xx.2024-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, uşağın 3 yaşınadək hər ay 300 manat alimentin ödənilməsi, iddiaçının anasının himayəsinə gəldiyi gündən alimentlə bağlı məhkəməyə müraciət etdiyi müddətə qədər olan dövr ərzində olan 11 ay müddəti üçün alimentin və uşağın doğumu ərəfəsində sərf edilmiş 600 manat vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hamiləlik dövrünün 3-cü ayında, yəni 2023-cü ilin iyun ayında cavabdehlə aralarında olan mübahisədən sonra evdən getmiş və o vaxtdan anasının himayəsində yaşayır. O, evdən getdiyi gündən bu günə qədər olan bir il maddətində cavabdeh uşaqla bağlı çəkilən xərclərdə iştirak etməmişdir, uşaq doğulduqdan sonrakı dövr ərzində uşağa baxmır, doğulduğu gündən bir dəfə də olsun onu görmək istəməyib, uşağın doğulmasına, gündəlik təlabatına lazım olan xərclərdə iştirak etmir, köməklik göstərmir. Məsələ ilə bağlı cavabdehin iş yerinə şikayətlə müraciət etdikdən sonra o, uşağın dünyaya gəlmə ərəfəsində çəkilmiş 1.200 manat vəsaitin 600 manatını ödəmişdir, lakin qalan hissəni ödəməkdən imtina etmişdir. O, hesab edir ki, cavabdeh iddiaçının anasının himayəsinə gəldiyi gündən, yəni 2023-cü il tarixdən alimentlə bağlı məhkəməyə müraciət etdiyi müddətə qədər, yəni xx.xx.2024-cü ilə qədər dövr ərzində 11 aya görə də alimenti və uşağın doğumu ərəfəsində sərf edilmiş 600 manat qalıq vəsaiti də ödəməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasını müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir və bildirmişdir ki, o, 2023-cü ilin iyun ayında ailəvi münaqişələri səbəbindən evi tərk edib. İddiaçı hamiləlik dövründə bütün xərcləri özü çəkib. Əlavə sual-cavab zamanı İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh uşağın doğumu ərəfəsində doğuşla əlaqədar 1.200 manat xərc məbləğindən 600 manat məbləğini ödəmişdir. Tərəflərin nikahı rəsmi pozulmayıb. İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddianı xx.xx.2024-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması hissəsində qəbul edir. Qalan hissədə iddianı qəbul etmir. Tərəflərin nikahı rəsmi pozulmayıb. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianın qismən, X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması hissəsində qəbul etmişdir. Qalan hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X1 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçusu Cavabdeh aylıq pul təminatı 1.236,55 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı ilə Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər və mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materialalrında olan qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixində 600 manat, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində isə hər ay 300 manat məbləğində pul vəsaiti İddiaçı köçürülmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iş materialları ilə cavabdehin gəlirləri qismində əmək haqqının mövcud olduğunu, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Cavabdeh tutulacaq alimentin məbləği hər ay onun qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməlidir. Məhkəməyə müraciət olunan müddətə qədər 11 aylıq dövr üçün (xx.xx.2023xx.xx.2024-cü il) alimentin ödənilməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, xx.xx.2023-cü il tarixdən uşağın doğulduğu xx.xx.2024cü il tarixinədək olan müddət və xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddətlər fərqləndirilməlidir. xx.xx.2023-cü il tarixdən uşağın doğulduğu xx.xx.2024-cü il tarixinədək olan müddət iddiaçının hamiləlik dövrünü əhatə etdiyindən, həmin dövr və uşağının doğulduğu gündən üç il ərzindəki dövr üçün aliment tələbinə birgə hüquqi qiymət verilməlidir. Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının hamiləliyi dövründə və uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər (arvad) zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin (arvadın) ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır. Hazırki iş üzrə cavabdehin zəruri vəsaitlərə malik olması iş materialları ilə təsdiq edilmədiyindən, iddia tələbləri iddiaçının hamiləliyi dövrü və uşaq 3 yaşına çatanadək alimentin tutulması hissəsində təmin edilməməlidir. xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət üçün alimentin tutulması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan cavabdehin onu verməkdən boyun qaçırması ilə bağlı hallar iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbləri məhkəməyə müraciət edilənədək olan dövr üçün alimentin tutulması hissəsində təmin edilməməlidir. Cavabdehin çəkilmiş xərclərə cəlb edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, uşağın doğulması ilə bağlı çəkilmiş xərclərin 1.200 manat məbləğində olması, tərəflərdən hər birinin həmin xərcin yarısını ödəməsi - işin mübahisəsiz halıdır. Cavabdehin çəkilmiş xərclərdə iştirakı iş materialları ilə təsdiq olunduğundan, sair xərclərin mövcudluğuna dair isə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından – qeyd olunan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iki ay üçün (may və iyun ayları) cavabdeh tərəfindən iddiaçıya uşağın saxlanılması üçün hər ay 300 manat olmaqla, cəmi 600 manat aliment ödənilmişdir. Buna görə də alimentin tutulması qeyd edilmiş iki ay nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, 57,10 (əlli yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 57,10 (əlli yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar