Məhkəmə qərarları › İş №2(011)-5029/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5029/2020

16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5029/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh birgə nikahdan xx xxxx 2020-ci il tarixdə doğulmuş X1 üçün cavabdehin əmək haqqının dörddə bir hissəsi, həmçinin 100 manat olmaqla sabit pul məbləğində alimentin uşaq yetkinlik yaşına çatanadək hər ay, həmçinin iddiaçının saxlanılması üçün cavabdehdən 190 manat olmaqla sabit pul məbləğində alimentin uşaq üç yaşına çatanadək hər ay İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə qurulduqdan bir müddət sonra nikahları formal xarakter daşımışdır. Bütün zaman ərzində cavabdeh ailəsi haqqında düşünməmişdir. Ailənin saxlanılması artıq mümkün deyildir. Cavabdehlə bu barədə söhbətlər heç bir nəticə verməmişdir. Cavabdeh ailəsi ilə maraqlanmamaqda davam etmiş, ailənin faktiki olaraq dağılmasına səbəb olan vərdişlərdən əl çəkməmişdir. İddiaçı cavabdehdən ayrı yaşamaqda və övladını böyütməkdədir. Cavabdeh öz uşağını saxlamaqdan imtina edir. Hazırda hər hansı bir sabit gəliri və qazancı olmayan iddiaçı çətin maddi vəziyyətdədir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsində işləyir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən 170 manat sabit pul məbləğində, iddiaçının saxlanılması cavabdehdən 190 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş etiraz ərizəsindən görünür ki, o, əmək haqqının ¼ hissəsi miqdarında alimentin ondan tutulmasına etiraz etməmişdir. İşə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh xx xxxx 2019-cu il tarixdə nikahlarını bağlamışlar. Birgə nikah münasibətlərindən xx xxxx 2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilməsini və cavabdehdən hər ay 170 manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddianın xx xxxx 2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 190 manat alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməli,xx xxxx 2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 70 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçı cavabdehdən özü üçün hər ay 190 manat məbləğində aliment tələb etsə də, cavabdehin həmin məbləği ödəmək iqtidarında olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx xxxxxxxx 2020-ci il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçına ödənilməli,həmçininxx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 70 manat aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan (ödəmənin bir il ərzində həyata keçirilməsi ilə hesablandıqda) cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğlumuş xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabitpulməbləğindəaliment tutularaq İddiaçı verilsin. xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 70 (yetmiş) manat aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar