Məhkəmə qərarları › İş №2(011)-5036/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5036/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5036/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının qazanca görə tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının qazanca görə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 avqust 2014-cü il təvəllüdlü X2 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi qədər alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 12 sentyabr 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 06 avqust 2014-cü ildə Aişa, 09 noyabr 2019-cu ildə anadan olmuş Fateh adlı iki övladları vardır. Cavabdehin iddiasına əsasən Ağdam Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar ananın himayəsində qalmaqla, hər uşaq üçün 193 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2024cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış və hər uşaq üçün 235 manat alimentin tutulması qət edilmişdir. Bu qətnamə qəbul edilərkən cavabdehin iş yeri və qazancı barədə iddiaçının məlumatı olmamışdır. Hazırda isə iddiaçıya məlum olmuşdur ki, cavabdeh "xxxx" MMC, Neptun birgə "xxxx" MMC-nin direktoru işləyir və aylıq qazancı 2845 manatdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, o, İddiaçı tərəfindən verilmiş alimentin artırılması ilə bağlı 23 may 2025-ci il tarixli iddia ərizəsi ilə tanış olmuşdur. İddia ərizəsində qeyd edilən "xxxx" MMC, Neptun birgə "xxxx" MMC ilə 3 aylıq müddətli əmək müqaviləsinə 30 aprel 2025-ci ildə xitam verilmişdir və hal-hazırda işsizdir. Aylıq 470 manat aliment ödəyir. Bu məbləğ qanuna uyğun olaraq müəyyən edilmiş və cavabdehin maliyyə imkanlarına əsaslanmışdır. İddiaçının təqdim etdiyi əsaslar həqiqətə uyğun deyil və alimentin artırılması üçün yetərli hüquqi və iqtisadi əsaslar mövcud deyildir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Ağdam Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 428392 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 iyul 2022-ci il tarixdə 75 № ilə qeyd edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 450741 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 avqust 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 379927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09 noyabr 2019-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6870/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 06 avqust 2014-cü il təvəllüdlü X2 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 50 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh ilə "xxxx" MMC, Neptun birgə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi 30 aprel 2025-ci tarixdə qüvvədən düşmüşdür. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və nümayəndəsinin çıxışını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə hesab edir ki, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6870/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən 06 avqust 2014-cü il təvəllüdlü X4 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin yeni qaydada tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilməli olan 40 manat; mediasiya təşkilatına ödənilmiş 60 manat. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərclərinin tutulması ilə bağlı tələbi olmadığından, eyni zamanda iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad olduğunundan, Cavabdeh 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6870/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən 06 avqust 2014-cü il təvəllüdlü X4 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment İddiaçı ödənilsin. Cavabdeh 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar