Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5049/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət üçün ödənilməmiş 2.430 manat pul məbləğinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 aprel 2019-cu ildən cavabdehlə arasında bağlanmış əmək müqaviləsi əsasında Cavabdehndə sürücü işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 200 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, 01 sentyabr 2019-cu il tarixdən əmək haqqının məbləği 260 manat təyin edilmişdir. İddiaçı 14 fevral 2020-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. O, işlədiyi müddət ərzində bir dəfə də olsun əmək haqqı almamışdır. İşdən azad olunanda ona cəmi 130 manat pul ödənilmişdir. İddiaçının işlədiyi müddət üçün şirkət tərəfindən ona ödənilməyən əmək haqqı cəmi 2.430 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O izahatında bildirdi ki, şirkətdə 10 ay ərzində sürücü vəzifəsində işləmişdir. O, əmək haqqı almamışdır. İki aylıq əmək haqqı ilə bağlı ona qol çəkdirmişlər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü və ona əmək haqqının tam olaraq ödənildiyini bildirdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı 01 aprel 2019-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçıya hər ay 200 manat, 01 sentyabr 2019-cu il tarixdən isə 260 manat əmək haqqı ödənilməli olmuşdur. İddiaçı 14 fevral 2020-ci ildə öz xahişi işdən azad olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən 17 fevral 2020-ci il tarixdə Cavabdehnə yazılmış və imzalanmış məktubdan görünür ki, o, şirkətdən azad olduqda şirkətdə işlədiyi dövrə görə axırıncı haqq-hesabını almış və əmək kitabçasını götürmüşdür. Eyni sənəddən iddiaçının şirkətə qarşı heç bir şikayəti və tələbi olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində ona işlədiyi dövr ərzində əmək haqqının ödənilmədiyinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmiş, lakin bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı cavbadeh tərəf iddiaçı tərəfindən cavabdeh şirkətin rəhbərliyinə ünvanlanmış və onun tərəfindən imzalanmış məktubu təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı da öz növbəsində cavabdehin məhkəməyə təqdim etdiyi sözügedən sənədin mötəbərliyini mübahisələndirməmişdir. Məhkəmə qeyd edilən məktuba qiymət verərək hesab edir ki, iddiaçının istinad etdiyi hallar mövcud olmuş olsaydı, yəni ona 10 ay ərzində əmək haqqı ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən belə bir məktubun yazılması ağlabatan olmazdı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə sübut olunmuşdur ki, iddiaçı cavabdeh təşkilata 17 fevral 2020-ci il tarixdə məktub ünvanlamış, həmin məktubda şirkətdən azad olarkən şirkətdə işlədiyi dövrə görə axırıncı haqq-hesabını aldığını və şirkətə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Bu fakt iddiaçının özü tərəfindən də verilmiş izahatlarda etiraf edilmişdir. İddiaçı 17 fevral 2020-ci il tarixdə şirkətə məktub yazaraq ona qarşı heç bir tələbinin olmadığını bildirdiyi halda, 02 iyun 2021-ci il tarixdə, yəni 17 aydan çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, İddiaçı əmək haqqı tələbi ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı-işlədiyi müddət üçün ödənilməmiş 2430 manat pul məbləğinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5049/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5049/2021
30.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver