Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5089/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Məmmdəova Gülnar Rəfailovnanın Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar.
2. Tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir.
3. Cavabdehlə münasibətlər bir müddət normal və mehriban olsa da sonradan tamamilə əks xarakterli insanlar olduqlarını anlamış və ailə münasibətləri davam etdirilə bilməmişdir. Birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X2 hazırda anası- İddiaçı himayəsindədir. İddiaçı övladının saxlanılması üçün cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının tələbi:
4. Yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, uşaq 3 (üç) yaşına çatana qədər ana üçün hər ay 100 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, uşaq üçün hər ay 235 manat və uşaq 3 yaşına çatana qədər özü üçün də hər ay 100 manat aliment təyin edilməsini xahiş etmişdir. İddiaçı qeyd edir ki, nikahın pozulması üçün müraciət edərək vəkil tutsa da ona bildirilmişdir ki, uşağın yaşı çox aşağı bir yaşından da az olduğu üçün boşanma mümkün deyildir. Efirdə onun barəsində nalayiq şəkildə danışmışdır. Cavabdeh onun keçmiş həyat yoldaşını öyrətmişdir və o da hazırda uşaqları iddiaçının əlindən almaq niyyətindədir. Doğrudur ki, cavabdeh uşağın ehtiyaclarını da evdə olduğu müddət ərzində qarşılayır, lakin cavabdeh bir müddət evdə olur, bir müddət yox. Hələ o, uşağa hamilə olduğu dövrdən indiyə qədər də aralıqlarla “qabyuyan” işləyir, gecə növbəsində işləyir, özü öz pulunu qazanaraq uşaqlarına baxır. İddiaçı bildirmişdir ki, bu onun 2-ci evliliyidir, ilk evliliyindən də iki övladı olmaqla, cəmi 3 övladı vardır. Məhkəmədən bütün bu halların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı ilə barışmışlar, hazırda da bir yerdə yaşayırlar, övladına da baxaraq onun ehtiyaclarını qarşılayır. Bütün bunları onun qonşuları və tanışları da təsdiq edə bilər. O da əvvəl 2 dəfə evli olmuşdur. Hazırda məhkəmə iclasına da evdə birlikdə yemək yedikdən sonra gəlmişdirlər. İddiaçı uşaq üçün yox, sadəcə öz xəyalları üçün- burun əməliyyatı olmaq üçün aliment tələb edir. İddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışa əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
9. AZ-İİ 600318 №li Nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 4013 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdurlar.
10. AZ-İV 958162 №li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır.
11. AZ-İ 458322 №li Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır.
12. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00479 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
14. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:
3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
25. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). (§23)
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§22).
28. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§17). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§15), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
29. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
30. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablabmalıdır. Alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
31. İddiaçının aliment tələbi yalnız yetkinlik yaşına çatmayan uşağın saxlanması ilə bağlı olmayıb həmçinin, iddiaçı məhkəmədən uşaq 3 (üç) yaşına çatana qədər ana üçün hər ay 100 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab edir və iddia tələbinin həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin hazırki iş üzrə iddiaçı və cavabdehin məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah pozulmamış və ailə münasibətləri hələ də davam etməkdədir, tərəflər hazırda da birgə təsərrüfat aparmaqdadırlar. İddiaçı öz izahatında özünün işlədiyini və maddi cəhətdən övladlarının ehtiyaclarını qarşılaya bildiyini, həmçinin, cavabdehin də müəyyən qədər övladının ehtiyaclarını qarşıladığını qeyd etmişdir. Odur ki, hazırda tərəflərin ailə münasibətlərinin davam etdiyini, iddiaçının özünün maddi cəhətdən saxlanılması üçün cavabdehin köməyinə ehtiyacı olmadığını və cavabdehin zəruri vəsaitə malik olduğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının özü üçün yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatana qədər hər ay 100 manat alimentin ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq 48,20 manat (235x12=2820 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin.
3. İddia qalan hissədə təmin edilməsin.
4. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın.
5. Cavabdeh 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.
6. Qətnamə dərhal icra edilsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova