Məhkəmə qərarları › İş №2(011)-5189/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5189/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5189/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin təyin edilməsi barədədir, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair (xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 400 manat aliment ödənilməsi) barışıq sazişi vardır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi olduğundan və iddiaçı alimentin könüllü ödənilməsi barədə tələblə ilk olaraq cavabdehə, bunun nəticəsindən asılı olaraq isə məhkəməyə müraciət etməli olduğu halda, birbaşa iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxılması da mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı barışıq sazişinin cavabdeh tərəfindən könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması hallarında barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçı, hazırkı tələblə əvvəlcə cavabdehə, onun nəticəsindən asılı olaraq isə xüsusi icraat qaydasında ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar