Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-524/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1986-cı ildə Azərbaycan Respublikasının Astara rayonunda doğulmuş Cavabdeh 1956,04 manat borcun, Astara rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 140 manat məbləğində icra ödənişinin və Bakı şəhər Xətai rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı qiddia tələbini müdafiə edərək qısa izahatında bildirdi ki, "xxxx" ASC-nin ona və cavabdehə qarşı ərizə ilə Astara rayon Məhkəməsinə müraciət edərək, onlardan 1205,82 manat əsas, 750,22 manat faiz borcu, cəmi 1956,04 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu alınıb ona ödənilməsini xahiş etmişdir, bu barədə ərizəyə 22 yanvar 2016-cı il tarixdə baxılaraq, ərizənin təmin olunması barədə 2(018)-310/2016 nömrəli məhkəmə əmri qəbul edilmişdir, Astara rayon Məhkəməsinin 2(018)-310/2016 nömrəli xx.xx.2016-cı il tarixli əmri icra olunması üçün Culfa rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi icra edildiyindən 25 oktyabr 2021-ci il tarixli qərar qəbul edilərək məhkəməyə və tərəflərə göndərilmişdir, iş materiallarında olan arayışlardan da görünür ki, onun tərəfindən "xxxx" ASC-nin xeyrinə 1976,04 manat məbləğində kredit borcu və icra sənədi üzrə yaranmış 140 manat icra ödənişi tam şəkildə ödənilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “teleqram” ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə izahatını verdiyini, maddi imkansızlıqdan sonrakı məhkəmə iclasında iştirak edə bilməyəciyini, bu səbəbdən iclası onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Məhkəməsinin 2(018)-310/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin əsli ilə düz surətindən görünür ki, borclu ünvan 1 ünvanında yaşayn xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh və Naxçıvan MR, Culfa rayonu, Göydərə kənd sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı müştərək qaydada 1205,82 manat əsas, 750,22 manat faiz borcu, cəmi 1956,04 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu alınıb Bakı şəhər, ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan “icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 182109/2016 №-li Qərardan görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Astara rayon Məhkəməsinin 2(018)-310/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Culfa rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Astara rayon Məhkəməsinin 2(018)- 310/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə 1976,04 manat məbləğində kredit borcunu tam şəkildə ödəmişdir. İş materiallarında olan Culfa rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Astara rayon Məhkəməsinin 2(018)- 310/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 140 manat məbləğində icra ödənişi pulunu xx.xx.2021-ci il tarixdə ödəmişdir. İş materiallarında olan Vulfa rayon Vergilər Şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Culfa Rayon Vergilər Şöbəsində vergi ödəyicisi kimi qeydiyyatda durmur, eyni zamanda da vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta haqqı ödəmir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Arayış”dan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Xətai rayon Məhkəməsinə 42 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı, Cavabdeh və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində zamin durmuşdur, müqavilə üzrə borc ödənilmədiyindən, bank tərəfindən məhkəməyə müraciət olunmuş, Astara rayon Məhkəməsinin 2(018)-310/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada 1205,82 manat əsas, 750,22 manat faiz borcu, cəmi 1956,04 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu alınıb "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir, məhkəmə əmri icra edilməsi üçün müvafiq icra şöbələrinə göndərilmiş, İddiaçı icra vərəqəsi üzrə 1976,04 manat məbləğində kredit borcunu, habelə icra sənədi üzrə yaranmış 140 manat məbləğində icra ödənişini ödəmişdir. Bununla belə, iddiaçı tərəfindən ödənilmiş məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, İddiaçı, zamin kimi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliyini tam ödədiyindən, o, ödədiyi məbləği (1976,04), habelə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini (icra ödənişi üzrə 140 manat) cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1956,04 manat borc, Astara rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, 140 manat məbləğində icra ödənişi olmaqla, cəmi 2116,04 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin həcminin 1000 manatdan çox (2116,04 manat) olması nəzərə alınmaqla, dövlət rüsumu qismində ödənilmiş 42 manat cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2116 (iki min yüz on altı) manat 04 (dörd) qəpik və dövlət rüsumun qismində ödənilmiş 42 (qırx iki) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-524/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-524/2023
03.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver