Məhkəmə qərarları › İş №2(011)-5244/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5244/2020

19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5244/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təhsil xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası olan Cavabdeh onun təhsil xərclərinin ödənilməsinə cəlb olunması və illik təhsil xərclərinin yarısının ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X2 cavabdeh olan atası Cavabdeh ilə xx xxxxxx 1993-cü ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Onların rəsmi nikahlarından iki övladı xx xxxxxx 1995-ci il təvəllüdlü X3 və xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı anadan olmuşdur. İddiaçının valideynləri arasında bağlanmış rəsmi nikah pozulmuş, iddiaçı anasının yanında saxlanılmışdır. Onun saxlanılması üçün cavabdehdən aliment tutulmuşdur. Hal-hazırda iddiaçının 18 yaşı tamam olmuşdur və o, Ukrayna Respublikası milli mülki müdafiə universitetinə qəbul olunmuşdur, onun təhsil xərcləri 3500-4000 ABŞ dolları həddindədir. İddiaçının anası 1-ci qrup əlildir, o, xərcləri qarşılaya bilmir. İddiaçının atası Cavabdeh isə onun təhsil almasına, təhsil xərclərinə kömək etmək istəmir, iddiaçı təhsili ilə bağlı olaraq işləyə bilmir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında iddiaçının onun oğlu olduğunu, cavabdehin heç vaxt öz oğlu ilə görüşmək istəmədiyini, kirayədə yaşadıqlarını, təhsil haqqını ödəyə bilmədiklərini bildirdi. Məhkəmə iclasında cavabdehin Cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. O, izahatında hazırda işsiz olduğunu, kirayədə yaşadığını, oğlunun təhsil haqqını ödəməyə maddi imkanının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nəhayət Allahverdiyeva İddiaçı anasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X2 ilə Cavabdeh nikahlarını xx xxxxxx 1993-cü il tarixdə bağlamışlar. Birgə nikahdan xx xxxxxx 1995-ci il təvəllüdlü X3 və xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı anadan olmuşdur. İddiaçı xx xxxxxxxx 2019-cu ildə Ukrayna milli mülki müdafiə universitetinə yanğın təhlükəsizliyi ixtisası üzrə daxil olmuşdur. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını onun təhsil xərclərinin ödənilməsinə valideyni olan hazırkı iş üzrə Cavabdeh cəlb edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Qanunvericiliyin tələblərinə əsasən, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Məhkəmə qanunvericilik normalarını təhlil edərək qeyd edir ki, valideynlərin uşaqları saxlama vəzifəsi uşağın yetkinlik yaşına çatmayan dövrünü əhatə edir. Lakin qanunverici istisnaları da nəzərdə tutur. Belə ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Maddədən görünür ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin övladını saxlaması ona alimentin ödəməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, hazırkı iş üzrə iddiaçı ali məktəbə daxil olub təhsil aldığı üçün bununla bağlı vəsaiti, yəni təhsil xərclərini valideynindən tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırkı mülki iş üzrə İddiaçı yetkinlik yaşına çatması iş materialları ilə təsdiq olunmuşdur. Lakin onun maddi yardıma ehtiyacının olması və əmək qabiliyyətinin olmaması iş materialları ilə sübuta yetirilməmiş, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən halın müəyyən edilməsi üçün heç bir əsaslı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9-cu maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, iddiaçı Füzuli rayonundan məcburi köçkündür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “təhsil xərclərinin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar