Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5251/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “məhv edilmiş torpaq sahəsinə görə sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “məhv edilmiş torpaq sahəsinə görə sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhv edilmiş 24 ha torpaq sahəsinə görə 26.543 manat sığorta ödənişinin Aqrar Sığorta Fondu adından "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Çallı kəndində yerləşən 32.6 ha torpaq sahəsi iddiaçıya məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 07 dekabr 2018-ci il tarixdə ******* nömrəli, RX Seriyalı çıxarış verilmişdir. Həmin torpaq sahəsində 2021-ci ilin noyabr ayında iddiaçı tərəfindən dənli bitki olan arpa əkilmişdir. Həmin torpaq sahəsində baş verə biləcək risklərin (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri) qarşısının alınması məqsədi ilə Aqrar Sığorta Fondu adından “X4 Sığorta Şirkəti” ASC ilə 01 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Bu barədə iddiaçıya X3 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Şəhadətnaməsi verilmişdir. Sığorta ödənişi kimi iddiaçı tərəfindən 421.37 manat aqrar sığortalı kimi sığorta haqqı ödənilmişdir. Aqrar Sığorta müqavilələrinin bağlanmasına dair razılaşmanın 1 nömrəli əlavəsindən görünür ki, 32.6 ha torpaq sahəsinin sığorta məbləği 36.055,60 manatdır. Daha sonra Zərdab rayon mexaniki suvarma idarəsi tərəfindən torpaq sahəsinə su verilmədiyindən 32.6 ha torpaq sahəsinin 24 ha hissəsi zədələnmişdir. Bununla bağlı iddiaçı müvafiq dövlət qurumlarına və eləcə də Kənd Təsərüffatı Nazirliyinə müraciət etmişdir. Kənd Təsərüffatı Nazirliyinin 28 iyun 2022-ci il tarixli məktubundan da görünür ki, iddiaçının müraciəti əsasında yerində araşdırılmış, Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab rayon X1 mütəxəssisləri tərəfindən 10 iyun 2022-ci il tarixdə arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik və zərərvericilərin populyasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir. Sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir. Bununla bağlı iddiaçı dəfələrlə Aqrar Sığorta Fonduna müraciət etsə də X6 16 dekabr 2022-ci il tarixli məkubu ilə X3 və bitkiçilik məhsullarının sığortası üzrə BS- **********-XS saylı sığorta müqaviləsi əsasnda sığortanın arpa sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən iddiaçıya sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir. İmtina məktubundan sonra iddiaçı məsul şəxsin qəbulunda olmuş və ona bildirmişlər ki, imtinaya əsas torpaq sahəsində əkilmiş arpanın məhv olması ilə bağlı onlarda məlumat olsa da, ərazi üzrə polis idarəsinin müvafiq arayışı olmalıdır. Belə ki, həmin arayışda torpaq sahəsində əkilmiş arpanın suyun verilməməsi nəticəsində məhv olması göstərilməlidir. Daha sonra iddiaçı Zərdab rayon Polis İdarəsinə müraciət edərək arayışın verilməsini xahiş etmişdir. Polis İdarəsindən isə belə bir arayışın verilməsi onların səlahiyyətində olmamasını bildirmişlər. Bununla bağlı təkrar olaraq müxtəlif dövlət orqanlarına müraciətlər ünvanlasa da, müraciətlərə baxılmamışdır. Bu səbəbdən iddiaçı hazırda məhv olmuş 24 ha torpaq sahəsinə görə sığorta şəhadətnaməsi üzrə 26.543 manat ödəniləcək məbləğin ona verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, torpaq sahəsinə suyun verilməsi vəzifəsi Zərdab rayon Mexaniki Suvarma İdarəsinin öhdəliyindədir. Eyni zamanda Zərdab rayonunda olan hər bir kənddə sudan istifadəçilər birliyi təşkilatı mövcuddur, hansı ki, həmin birliyi yaradan kənd təsərüfatı ilə məşğul olan şəxslərdir. Mexaniki suvarma idarəsi ilə kəndlərdə olan sudan istifadə birlikləri arasında əməkdaşlığa dair müqavilə mövcuddur. İddiaçı da kənddə sudan istifadəçilər birliyinin üzvü olduğu üçün mexaniki suvarma idarəsi onunla ayrıca müqavilə imzalamamışdır. Onun sözügedən birliyə üzv olmasını təsdiq edəcək yeganə sənəd həmin birliyin ildə bir dəfə keçirdiyi iclasın protokoludur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Zərdab rayonu Çallı kəndində yerləşən 32.6 ha torpaq sahəsi çıxarış əsasında iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində təsərrüfat işləri aparır. Tərəflər arasında 01 dekabr 2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvədə olma tarixi 30 iyul 2022-ci ilədək müəyyən edilmişdir. Sığorta məbləği olaraq 48.995,80 manat müəyyən edilmişdir. İstinad olunan müqaviləyə əsasən iddiaçıya kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsindən görünür ki, sığorta risklərinə "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları”na (bundan sonra - Qaydalar) əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri. Aşağıdakı tələblərə cavab verən bitkilər aqrar sığortanın predmeti hesab olunur: sığorta predmeti Qaydaların 2.1.2-ci yarımbəndində əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə arpa sığortanın predmeti hesab olunur. Sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının aşağıdakı hissələrinə sığorta təminatı verilir; arpa - dən. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan olunan, habelə karanlin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki kənd təsərrüfatı məhsulları sığortanın predmeti ola bilməz. Şəhadətnaməyə əsasən sığorta hadisəsinin baş verməsi halında sığortalı və ya faydalanan şəxs 10 gün ərzində vasitəçi Aqrar Sığortaya və ya idarəedici quruma, eyni zamanda qanunverciliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanına məlumat verməlidir. İddiaçı sığorta şirkətinə müraciət etmiş, sığorta şirkəti tərəfindən yazılı qaydada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinə sığorta ödənişi həmin yarımbənd ilə müəyyən edilən sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Sözügedən yarımbəndin 6-ci abzasına əsasən üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq Səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənədin olması sığorta ödənişinin edilməsi üçün əsasdır. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən “Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. "xxxx" ASC tərəfindən Zərdab rayon Polis şöbəsinə göndərilən sorğulara (xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il) cavab olaraq hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini əks etdirən məlumatlar göndərilməmiş, sığorta hadisəsinin baş vermə halı Zərdab rayonu Polis şöbəsi tərəfindən təsdiq edilməmiş və bu səbəbdən sığorta hadisələrinin araşdırılması və tənzimlənməsi ilə bağlı hərəkətlərin edilməsi mümkün olmamışdır. Eyni zamanda, iddiaçı tərəf də məhkəmə araşdırması zamanı dəfələrlə şifahi qaydada polisə müraciət etdiyini bildirmişdir. Şifahi müraciətin cavabı olaraq ona hazırkı məsələnin araşdırılmasının onların səlahiyyətlərinin daxilində olmadığı bildirilmiş və hər hansı sənəd verilməsindən imtina edilmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, məsələnin yerində araşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab rayon X1 mütəxəssisləri tərəfindən 2022-ci il 10 iyun tarixində arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik və zərərvericilərin populyasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir. Sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir. "xxxx" ASC Zərdab rayon Polis şöbəsinə ünvanladığı məktubdan görünür ki, sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını və (və ya) səbəbini, hadisənin baş vermə vaxtını, hadisənin baş vermə yerini və koordinatlarını, bitkinin növünü, əkin sahəsinin ölçüsünü və sığortalını ad, soyadını əks etdirən sənədlərin təqdim edilməsi istənilmişdir. İddiaçı tərəf sığorta şirkətinin tələb etdiyi və polis tərəfindən verilməsi nəzərdə tutulan arayışı ala bilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi üzrə tələb edilən məbləğə münasibətdə araşdırma zamanı iddiaçı bildirmişdir ki, onun mülkiyyətində olan 32.6 ha torpaq sahəsi ümumilikdə 48.995,80 manat məbləğində sığortalanmışdır. Sığorta hadisəsi torpağın 24 ha sahəsində baş vermişdir. Odur ki, o, hesablamanı 24 ha torpağa münasibətdə aparmış və 26.543 manat ziyan dəydiyini müəyyən etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.3-cü maddəsinə əsasən, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1.8-ci maddəsinə əsasən, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən əkin sahəsinə vaxtında suvarılmadığına görə ziyan dəymişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, sığorta şirkəti sığorta hadisəsinin üçüncü şəxslərin hərəkətləri nəticəsində baş verdiyini bildirmişdir. Eyni zamanda, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinin 6-cı abzasına istinad edərək sığorta ödənişinin üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd mövcud olduğu halda həyata keçirildiyini bildirmişdir. Cavabdeh bənddə qeyd olunan səlahiyyətli orqanın polis olduğu qənaətinə gələrək arayışın məhz həmin orqandan təmin edilməsini həm iddiaçıya bildirmiş, həm də özü müstəqil surətdə orqana müraciət etmişdir. Məhkəmə istinad olunan hala münasibətdə qeyd edir ki, polis orqanlarının səlahiyyətinə qanunvericilik cinayətin əlamətlərini əks etdirən və inzibati xətanın tərkibini təşkil edən hüquqpozmaların araşdırılmasını aid etmişdir. Hazırkı işin hallarından sığorta hadisəsinin cinayət hadisəsi və ya inzibati xəta nəticəsində baş verməsi halı aşkar edilmir. Bunun əksi olaraq iddiaçının özünün aidiyyatı qurum olaraq Kənd Təsərrüfatı Nazirliyinə müraciəti əsasında ona verilmiş cavabdan görünür ki, istinad olunan qərarın 6-cı yarımbəndində qeyd edilən məlumatları əks etdirən cavab məktubu təqdim edilmişdir. Məktubun mətnində bitkinin növü (arpa), torpaq sahəsinin həcmi və ziyanın dəymə səbəbi açıq olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, yarımbənddə qeyd edilən müvafiq səlahiyyətli dövlət orqanı Kənd Təsərrüfatı Nazirliyi qəbul edilməklə iddiaçıya tələb edilən sığorta ödənişi verilməli idi. Eyni zamanda, məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdə sığorta hadisəsinin baş verməsi nəticəsində vətəndaşın aidiyyatı səlahiyyətli orqana müraciət etməli olduğu göstərilsə də, bu orqanın hara olması öz əksini tapmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və milli qanunvericilik normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, qanun müəyyən olmalıdır. Hər hansı normadakı qeyri-müəyyənlik vətəndaşın ziyanına yozula bilməz. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasında haqlıdır. Məhkəmə iddia ərizəsi üzrə tələb edilən məbləğə münasibətdə qeyd edir ki, cavabdeh tərəf nə araşdırması zamanı, nə də tərəflər arasında baş verən yazışmalarda dəymiş ziyanın məbləğini mübahisələndirməmiş, bununla bağlı hər hansı etiraz və ya sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 171 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 171 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş zərərə görə 26.543 (iyirmi altı min beş yüz qırx üç) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddiaçı ödədiyi 171 (bir yüz yetmiş bir) manat onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5251/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5251/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver