Məhkəmə qərarları › İş №2(011)-5297/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5297/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5297/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artırılaraq hər ay uşaq üçün 235 manat məbləğində alimenin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-cı il təvəllüdlü X6 adlı övladları olmuş və nikahları Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-835/2015 saylı qətnaməsi ilə ləğv edilmiş və uşaq onun himayəsinə verilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-835/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aylıq 110 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməsinə qət edilmişdir. Hal hazırda uşağın tək saxlamağın necə çətin olduğu hər kəsə məlumdur. Həmçinin, artıq oğlu böyüdükçə onun tələblərinin də artmışdır, indiki bazar qiymətləri ilə 2014-cü ildə olan bazar qiymətləri qətiyyən eynilik təşkil etmir. Cavabdeh ilə birgə nikahdan olan övladının saxlanılması üçün aylıq 110 manat aliment məbləği 2014-cü il tarixdən bəri ona ümumiyyətlə ödənməmişdir. Tərəf ona hər dəfə müxtəlif hədə-qorxular gəldiyindən hər dəfəsində Qax rayonu icra şöbəsinə ona borclu olmadığına dair ərizə vermiş, lakin ona cavabdeh tərəfdən bir manat belə olsun ödəniş edilməmişdir. Sonuncu dəfə isə yenə onu ölümlə hədələmiş və dekabr 2023-cü il tarixdə təzyiq altında icraçının yanında ərizəsini almışlardır. Cavabdeh ümumiyyətlə ona heç-bir pul məbləği ödəməyib və onu hədələdiyi üçün polisə belə müraciətləri olub. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Övladına baxan zaman maliyyə çətinlikləri ilə üzləşməmək və övladıma daha yaxşı qayğı göstərə bilmək üçün, övladının atası olan cavabdehin onun üçün maliyyə yardımı göstərməsi vacibdir. Cavabdeh şəxsin övladının daha yaxşı yaşaması üçün kifayət qədər imkanı və vəsaiti vardır, rəsmi iş yerindən əlavə digər gəlir yerləri də vardır, lakin bunlar rəsmi deyil. Cavabdeh indiyədək yığılmış aliment pullarını qəti surətdə ödəmir və uşağın qayğısını ümumiyyətlə düşünmür. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-835/2015 saylı Qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X5 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində qeydə alınmış 593 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş 21 mart 2008-ci il təvəllüdlü X3 anası X1 yanında saxlanılması, Cavabdeh 21 mart 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çalanadək saxlanmaları üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 110 (bir yüz on) manat sabit pu] məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ 212188 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 139 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 072269 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 mart 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası - Cavabdeh, anası - X4r. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli MŞB/6-00216 saylı Arayışdan görünür ki, İddiaçı Baab qızı mediasiya prosesində iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Cavabdeh mediasiaya prosesində iştirak etməmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də sürücü vəzifəsində işləməklə, əmək haqqı 515 manatdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh adına torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı "xxxx" QSC-də inzibatçı vəzifəsində işləməklə, əmək haqqı 350 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 21 mart 2008-ci il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var və hal-hazırda da iddiaçının yanındadır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-835/2015 saylı Qətnaməsinə əsasən, uşaq üçün hər ay 110 manat miqdarında aliment tutulması qət edilmişdir, iddiaçı və cavabdeh işləyirlər, iddiaçı 350 manat, cavabdeh isə 515 manat əmək haqqı alır, aliment 2015-ci ildə təyin edildikdən sonra məhkəməyə müraciət edildiyi tarixə qədər aliment məbləği artırılmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən hər ay 110 manat miqdarında ödənilən aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, birgə nikahdan olan uşaqların saxlanılması üçün əvvəl aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu 100 manatdan çox artmış, illik inflyasiyalar və üç dəfə baş vermiş devalivasiya nəticəsində gündəlik tələbat olunan digər məhsulların dəyəri də bir neçə dəfə artmışdır. Qeyd edilən hallar iddiaçının maddi vəziyyətini ağırlaşdırmış, cavabdeh tərəfindən ödənilən aliment ilə uşaqların əvvəlki kimi tələbatlarını ödəməyə kifayət etmir. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)- 835/2015 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi (artırılması) məsələsini müzakirə edərkən, tərəflərin maddi və əmlak vəziyyətini, uşağın yaş həddini, təhsilini, əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar, uşağın saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, yaşayış şəraitini və ailə vəziyyətini, cavabdehin işləməsini və əmək haqqının məbləğini, alimentin uzun müddət ərzində (2015-ci ildən 2024-cü ilə qədər) artırılmamasını, həmin dövr (108 manat) ilə hazırki dövrdə (235 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu arasındakı fərqi, habelə 2024-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, aliment təyin edilən tarixdən hazırki tarixədək dolanacaq xərclərinin əhəmiyyətli dərəcədə artımını, əvvəl təyin aliment miqdarını, və diqqətəlayiq digər halları nəzərə alaraq, uşağın saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını məqsədmüvafiq hesab edir. Məhkəmə, alimentin artırılması müddətinə münasibətdə isə hesab edir ki, alimentin artırılmış məbləğdə tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 21 mart 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, hazırki iddia qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 2820 (235x12) manat olduğundan cavabdehdən dövlət mədaxilinə 48,2 manat dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-835/2015 saylı qətnaməsində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 21 mart 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 48 (qırx səkkiz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar