Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5330/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı “öhdəliyin qoyulması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini iddia ərizəsini araşdırıb, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “öhdəliyin qoyulması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.
5. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində uzun illərdi yaşadığı Bakı şəhəri Xətai rayonu, Daşqın Səfərov küçəsi 7 saylı binanın 6-cı mərtəbəsinin girişinin yaşayışçılar üçün piləkən qəfəsində (blokda) cavabdeh tərəfindən qanunsuz olaraq 2024cü ilin oktyabr ayından qoyulmuş giriş çıxışa maneəçilik törədən bir ədəd nimdaş dolabın və bir ədəd 1x1 qutunun yığışdırılmasına dair və bu səkkiz ayda ona əsəb, strest yaşatdığı üçün Cavabdeh mənəvi ziyanın əvəzi 1000 (bir min) manat alınaraq ona ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının tələbi ilə birbaşa əlaqəli olan sübutlar ərizəyə əlavə edilməmiş, eyni zamanda iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu tam şəkildə ödəməmişdir. Belə ki, iddiaçı yaşadığını qeyd etdiyi mənzilin ona məxsus olmasını və orada yaşamasını təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir və tələbin ilk hissəsi qiymətləndirilməyən iddia növünə aiddir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən qiymətləndirilməyən iddia tələbi üzrə dövlət rüsumu 100 manat təşkil edir. Lakin iddiaçı tələbin ikinci hissəsinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
6. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçı öz iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Hal-hazırki ərizəçi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır.
7. Həmçinin MPM-nin 152.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir.
8. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddiaçı tərəfindən əskik ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır.
9. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilir.
10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “öhdəliyin qoyulması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın.
4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova