Məhkəmə qərarları › İş №2(011)-5368/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5368/2022

04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5368/2022 04.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi X10, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək- iddiaçının səhhətinə yetirilmiş xəsarətlərə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 100000 manat, valideynlərinin faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 400000 manat, ümumilikdə 500000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçıya mənəvi zərər vurulmuşdur. Belə ki, X18 idarəsinin 3 saylı Qaz İstismar idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işləmiş X12 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən, atasının evinin arxasındakı küçədən keçən qaz kəmərinə dövrü baxış keçirmədiyindən, onun cihazla texniki yoxlamasını aparmadığından, texniki vəziyyətini müayinə etmədiyindən, qaz xəttinin dövrlər üzrə cari və əsaslı təmirini yerinə yetirməyərək yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasmı, zədələnməsini aşkar etmədiyindən, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etmədiyindən, kəmərin torpağın altında olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etmədiyindən, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələnmə və qazsıma yerlərini aşkar etmədiyindən, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onu yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etmədiyindən, həmin qaz kəmərindən evlərinin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından 23 yanvar 2008-ci il tarixdə saat 03 radələrində partlayış baş vermiş, nəticədə həyat üçün təhlükəli olan ağır dərəcəli, yəni bədən səthinin 12-14 faiz hissəsinin 2-3 dərəcəli termiki yanıq xəsarətləri aldmış, atası Zaur Abbasov və ansı Günel Dadaşova isə aldıqları həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətlərindən həlak olmuşlar. Cavabdehin işçisi olmuş X5 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi onun həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətləri almağına, valideynlərinin ölümünə, həmçinin evlərinin məhv olmasına səbəb olduğundan, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Binəqədi rayon məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Partlayış və yanğın baş verərkən iddiaçı 4 ayı tamam olmamış bir körpə idi. Yanıq şoku ilə müşayiət olunan, üzün, burunun, alt çənənin, boyunun, hər iki əlin üst səthlərinin geniş sahəli termiki yaraları, sağ əlin beşinci barmağının proksimal falanqadan və 4-cü barmağın distal falanqadan ayrılması ilə müşayiət olunan yanıq yaraları, yuxarı tənəffüs yollarının yanıqları, bədən səthinin 12-14% hissəsinin 2-3 dərəcəli termiki yanıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri ona davamlı iztirab yaşadır. Həmin xəsarətlərə görə başqa insanların ona qarşı münasibətlərini görəndə sarsılır, iztirab, əzab çəkir və hər gün valideynlərinin faciəvi şəkildə ölməsini xatırlayır. Bütün bunlar onu çox sarsıdır, yaşama həvəsini azaldır, mənəvi hüzurunu pozur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclas zalında izahat verərək bildirdi ki, məlum faiciənin onun kiçik yaşında baş verməsinə baxmayaraq bugün də bir səs eşidəndə həmin hadisə onun gözünün önündə canlanır, mənəvi sarsıntı keçirir. İddiaçının qanuni nümayəndəsi X17 məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona bir il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, X12 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən həmçinin görünür ki, X3 Qaz İstismar idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işlədiyi vaxt Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən X7 evinin arxasındakı adsız küçədən keçən keçən qaz kəmərinə dövri baxış keçirməmiş, onun cihazla texniki yoxlanmasını aparmamış, texniki vəziyyəti müayinə etməmiş, elecə də qaz xəttinin dövrlər üçün carı və əsaslı təmirini yerinə yetirməmiş, yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini, aşkar etməmiş, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etməmiş, kəmərin torpağın altında olduğu təqdirdə kəmər boyu xarici əlamətlər üzrə və cihazlarla qaz sızmasını aşkar etməmiş, qaz kəmərinin yoxlanılmasının nəticələrini qeyd dəftərində yazılmasını təmin etməmiş, qaz kəmərində nasazlıqlar olduğu təqdirdə bu barədə müvafiq qaydada uyğun aktlar tərtib etməmiş, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etməməklə 01 oktyabr 2005-ci il tarixdə təsdiq olunmuş “X1ydaları”nın 3.3.5, 3.3.6, 3.3.8, 3.3.8,3.3.10, 3.3.12, 3.3.19, və 3.3.27 bəndlərinin tələblərini, 26 iyun 1979-cu ildə təstiq olunmuş “X1ydaları”nın 9.29, 9.30, 9.36, 9.44, 9.45, 9.47, və 9.50-ci bəndlərinin tələblərini, 02 aprel 1987-ci il tarixdə təstiq olunmuş “Tikinti norma və qaydalarının” 4.17, və 4.22-ci bəndlərinin tələblərinin, 21 dekabr 2005-ci ildə təsdiq olunmuş “X1ydaları”nın 3.3-cü bəndlərinin tələblərini pozmuş, nəticədə 23 yanvar 2008-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan X7 evinin arxasından divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğın olmuş, Zaur Abbasov sifətinin 2-3 “A” və 4 “B” dərəcəli termiki alov yanığından aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə, arvadı Günel Dadaşova başın tüklü hissəsini vı süd vəziləri istisna olmaqla bütün bədən səthinin 2-3 “A” və 4 “B” dərəcəli termiki alov yanığından aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə ölmüş. Arzu Abbaszadə bədən səthinin 12-14%, İddiaçı isə bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almış, evin və müxtəlif təyinatlı əşyaların yanıb məhv olması nəticəsində zərərçəkmişlərə 7000 manatdan artıq məbləğdə maddı ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 14 iyul 2009-cu il tarixli, 1(001)-149/2009 saylı Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə Göstərişin surətindən görünür ki, Hökm qanuni güvvəsini 14 iyul 2009-cu il tarixdə almışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 03 oktyabr 2007-ci il tarixdı Bakı şəhərində anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 26 yanvar 2008-ci ildə ölmüşdür. Ölümün səbəbi yanığ indoksikasiyası olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 26 yanvar 2008-ci ildə ölmüşdür. Ölümün səbəbi yanığ indoksikasiyası olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının 06 mart 2008-ci il tarixli, 116 nömrəli Sərancamın surətindən görünür ki, vətəndaş X15 2005ci il təvəllüdlü X16 və 2007-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan fotoşəkillərdən İddiaçı yanıq xəsarətləri alması müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. Kentukki məhkəməsi bir qərarında göstərmişdir ki, “ümumi qaydaya görə əgər mühüm bədən xəsarəti vurulmuşsa, onda şəxsin mənəvi sarsıntı keçirməsi ehtimal edilir və sübuta ehtiyac yoxdur” Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının valideynlərinin ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqlar nəticəsində həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətinin alması və valideynlərinin ölmələri ilə nəticələnmiş yanğın hadisəsi baş vermişdir. İddiaçı anasının və atasının ölümü, habelə özünün sağlamlığın həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətinin alması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Buna görə də, iddiaçının həm valideynlərinin ölümü, həm də xarici görünüşündə yaranan xəsarətin izləri ilə bağlı yaşanan stres, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz valideynlərini itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir. Onda kədər, xəyal qırıqlığı, qəzəb, mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaradır. Belə ki, valideynini ələlxüsus hər iki valideynini itirən uşaqlarda güvən duyğusunun zədələnməsi, sevgi çatışmamazlığı, hüzn kimi bir sıra emosional problemlər yarana bilir. Çünki valideynlərin itkisi uşaq böyüdükçə və özünü dərk etməyə başladıqca onun həyatında daha çox boşluq hissinin yaşamasına səbəb olur. Həmçinin yanıq xəsarətləri nəticəsində iddiaçının xarici görünüşündə yaranan qüsurlar onun sosial həyatında daima sıxıntı yaşamasına səbəb olur. Məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən valideynlərinin ölümü və sağlamlığına vurulmuş xəsarətlərlə bağlı, onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin, mənəvi zərərin həcmi iddia tələbində göstərilən məbləğdə deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq baş vermiş hadisə zamanı ana və atasının vəfatı ilə əlaqədar mənəvi ziyana görə İddiaçı xeyrinə 70000 manat məbləğində, baş vermiş hadisə zamanı İddiaçı sağlamlığına vurulmuş xəsarətlərlə bağlı mənəvi ziyana görə onun xeyrinə 30000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70000 (yetmiş min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində, cəmi 100000 (yüz min) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 390 (iyi yüz qırx) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar