Məhkəmə qərarları › İş №2(011)-5381/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5381/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5381/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 19 aprel 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ misli qədər alimentin və uşağın üç yaşı tamam olanadək 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikahları 12 iyul 2022-ci il tarixində, 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış, 3092 saylı akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından 19 aprel 2023-cü il təvəllüdlü X3 adlı bir övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsa da sonradan cavabdehin iddiaçıya qarşı laqeyidliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Halhazırda ayrı yaşayırlar. Birgə nikahlarından doğulmuş övladları iddiaçı ilə yaşayır. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsində qaldığı üçün cavabdehdən alimentin tutulması zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək, bildirdi ki, cavabdeh qazancının və başqa gəlirlərinin ¼ qədər alimentin ondan tutulmasına etiraz etmir. Lakin cavabdeh uşağın üç yaşı tamam olanadək 100 manat pulun tutulması hissəsində iddia tələbini qəbul etmir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehin nikahı 12 iyul 2022-ci-ci il 5 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Tərəflərin birgə münasibətlərindən 19 aprel 2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 85.1.3-cü maddəsinə əsasən, nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment almaq hüququna malikdir. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 12 iyul 2022ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə münasibətlərindən 19 aprel 2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən cavabdeh "xxxx" QSC-də “idarə qulluqçusu, ödəniş haqqında məlumatların kompüterə daxil edilməsi” vəzifəsində çalışır. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, cavabdehin "xxxx" QSC-də “idarə qulluqçusu, ödəniş haqqında məlumatların kompüterə daxil edilməsi” vəzifəsində çalışmasını, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, sağlamlıq vəziyyətini, həmçinin cavabdehin aliment ödəməyə razı olmasını, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilməsini və cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin uşağın üç yaşı tamam olanadək cavabdehdən 100 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin kifayət qədər yaxşı olmasını bildirsə də, bu halı sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmiş, yalnız cavabdehin "xxxx" QSC-də çalışdığını və əmək haqqının 1185 manat olduğunu bildirmişdir. Qeyd olunanlar iddia tələbinin həmin hissədə qismən təmin edilməsini və uşağın üç yaşı tamam olanadək cavabdehdən 50 manat alimentin tutulmasına əsasdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə münasibətlərindən anadan olmuş 19 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalı, 10 iyul 2023-cü il tarixdən başlayaraq 19 aprel 2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 19 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. 10 iyul 2023-cü il tarixdən başlayaraq 19 aprel 2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar