Məhkəmə qərarları › İş №2(011)-5450/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5450/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5450/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. Tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 1037 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. Uşaqlar iddiaçı ilə birlikdə yaşayırlar.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdehdən birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, uşaqların hər birinə 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində hər ay ödənilməli olan sabit pul şəklində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə rəsmi nikaha birgə nikahlarından iki övladları dünyaya gəlib. Cavabdehlə münasibətləri həmişə normal olsa da, təxminən 2021-ci ilin yaz aylarından etibarən cavabdeh ona və uşaqlarına diqqətsiz yanaşmağa başlamış, ailə işlərinə biganə yanaşmış və nəticə etibarilə sonrakı aylarda yaranmış çətinliklərə səbəb olmuşdur. Yaranmış vəziyyəti onunla dəfələrlə müzakirə etməyə cəhd etsə də, heç bir nəticə olmayıb, ünsiyyətdən yayınıb və hazırda ünsiyyətləri demək olar ki, artıq mövcud deyil. Evdə olduğu müddətlərdə onun mobil telefonuna gələn zənglərdən və həmin zənglərin uzun olmasından və telefon zəngi zamanı danışığındakı bəzi məqamlardan ona agah olmuşdur ki, onun həyatında başqa bir qadın var. Bu barədə onunla danışmaq istəsə də, heç bir reaksiya verməmiş, faktiki başqa qadın və ya qadınlarla yaşadığını inkar etməmişdir. Sonradan sosial şəbəkə hesablarında xüsusən “Tik-Tok” sosial şəbəkəsində müəyyən videolar müşahidə etməyə başladı və həmin videolardan ona artıq tam aydın olmuşdur ki, həyat yoldaşı faktiki başqa bir qadınla həyat sürür, 2021-ci ilin yay aylarında rayona istirahətə yollanıblar və s. 2021-ci ilin may-iyun aylarından etibarən isə cavabdeh ümumiyyətlə nadir hallarda evə gəlir, ailənin maddi və mənəvi qayğılarının həll edilməsində isə iştirak etmir. Nəticədə 1 ildən artıq müddətdir ki, yaxınlarının maddi yardımı hesabına və ərzaq mağazalarına borclu qalmaqla övladlarını çətinliklə dolandırır. Özünün və ailə üzvlərinin çağırışlarına baxmayaraq cavabdeh onlarla maraqlanmır, uşaqların saxlanması üçün vəsait ayırmır və ya hər hansı başqa formada yardım göstərmir. Cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir və ona məlum olduğu qədərilə aylıq əmək haqqı məbləği 1000 manat civanndadır. Aylıq əmək haqqı məbləğindən əlavə məzuniyyətə çıxması ilə əlaqədar məzuniyyət pulu, xəstəlik pulu, xidmətlə və ya bayram günləri ilə əlaqədar əlavə maddi yardım və mükafat aldığı vaxtlarda isə onun aylıq gəliri 3000 manat civarında ola bilir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi

8. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərk bildirdi ki, gücü çatan qədər uşaqlarını saxlamağa çalışır, X7 xidmətində işləyir.

9. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

10. 34-cü maddənin İV bəndi: Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Maddə 75.4 Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Maddə 76.1.2 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir

19. Maddə 119.2 İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 9.1.2 Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

24. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən alimentin tutulması barədə əsaslı olsa da, tutulacaq alimentin məbləği hissəsində qismən əsaslıdır.

25. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.

26. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment o halda tutula bilər ki, bu barədə tələb olsun, habelə aliment tutulmalı olan valideynin (yaxud digər tərəfin) qazancı qeyri-stabil və dəyişkən olsun, qazancının bir hissəsini natura və ya xarici valyuta ilə alsın, yaxud onun qazancı və ya sair gəliri olmasın.

27. Hazırkı mübahisə üzrə cavabdeh atanın daimi iş yeri var və o, Pirallahı RPŞ-də post-patrul xidmətində işləyir. Məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində tutulması barədə iddiaçının tələbi olsa da, cavabdehin daimi iş yeri olduğundan ondan tutulacaq aliment qanunun müəyyən etdiyi birinci qaydaya uyğun, yəni cavabdehin qazancı nisəbində tutulmalıdır.

28. İddiaçı da cavabdehdən hər ay iki uşağa görə ümumilikdə 1000 manat aliment tələb edərək onun kifayət qədər maddi imkana malik olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə alimentin tutulmasını mövcud qanunvericliklə müəyyən edilmiş əsaslar daxilində tutulmasını məqsədə uyğun hesab edir.

29. Məhkəmə, həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

30. Şərh edilən əsasları, eləcə də, alimentin tutulmasının tərəflərin birgə nikahından doğulmuş uşaqların rifahının və maddi vəziyyətinin daha da yüksək təmin olunmasına xidmət edəcəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehin qazancından və digər gəlirlərinin 1/3 hissədə aliment tutularaq iddiaçıya ödənilməlidir.

31. Alimentin tutulmasının hansı vaxtdan hesablanması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır.

32. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar