Məhkəmə qərarları › İş №2(011)-5480/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5480/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5480/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat əsas borc və ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 20150 manat məbləğində pulun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki altı-satqı məntəqəsində olan ofisə gedib Dilman adlı şəxslə (cavabdeh) tanış olmuş və özünə həyət evi almaq istədiyini bildirmişdir. 46000 manat dəyərində həmin mənzili almaq üçün xx.xx.2019-cu il tarixində cavabdehə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki alqı-satqı məntəqəsində mənzilin dəyərinin bir qismi kimi 27000 manat pul vermişdir. Qeyd ediləm ev qəzalı vəziyyətdə olduğu üçün alqısatqı baş tutmamışdır. Cavabdeh həmin pulndan özünə 7000 manat qaytarsa da, pulun qalan 20000 manat hissəsini qaytarmamışdır. Bununla bağlı iddiaçı xx.xx.2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Xətai RPİ-yə etdiyi şikayət üzrə həmin idarənin müstəntiqi polis baş leytenantı Rəhman Cəfərov 23 may 2025-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Həmin Qərarda iş üzrə müəyyən olunmuş hallardan da göründüyü kimi, onun cavabdehə mənzilin dəyərinin bir qismini ödədiyi və cavabdeh tərəfindən həmin pul məbləğinin qəbul edilməsi təsdiq edilir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, ev alınması üçün makler kimi müraciət etdiyi cavabdehə 27000 manat pul vermiş, sonradan ev qəzalı və mübahisəli olduğu üçün alqı-satqı baş tutmamış, lakin, onun yalnız 7000 manat pulu geri qaytarılmış, 20000 manat isə bu günə kimi ona geri ödənilməmişdir. O, pulu cavabdehə veridyi üçün hazırda da ondan geri tələb edir. Onun tərəfindən digər şəxsə, o cümlədən, Yaqub adlı şəxsə pul verilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ev alqı-satqısı ilə məşğul olduğunu, iddiaçı tərəfindən ona həqiqətən də evin alınması üçün 27000 manat verildiyini etiraf etmiş, lakin bildirmişdir ki, o, həmin pulu evin əvvəlki alıcısı Yaquba vermişdir. Sonradan Safi evin dəyərinin yerdə qalan hissəsini vermədiyi üçün alqı-satqı baş tutmamışdır. Safinin pulundan 7000 manat onun özünə qaytarılmışdır. 20000 manatı qaytarmaqdan imtina edən Yaqub olduğu üçün və Safinin verdiyi 20000 manat hazırda Yaqubda olduğu üçün ona qarşı qaldırılmış iddia əsassızdır, iddiaçı həmin məbləği İsayev Yaqubdan tələb etməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki: - İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, ... 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki alqı-satqı məntəqəsində olan ofisə gedib Dilman adlı şəxslə tanış olmuşdur. Dilmana özünə həyət evi almaq istədiyini demişdir. Dilman fəaliyyət göstərdiyi ofisin yaxınlığında yerləşən həyət evinin satıldığını bildirmişdir. Bundan sonra Dilman ilə birlikdə Dilmanın Yaqub adlı şəxsə aid olduğunu bildirdiyi həyət evinə baxış keçirtməyə getmişdir. Həmin vaxt Yaqub arvadı ilə evdə olmuşdur. Evi Yaqub özü göstərmişdir. Bundan sonra Safi evi bəyənib almaq qərarına gəlmişdir. Dilman evin alqı-satqısı barədə Dilmanla danışmışdır. 42000 manata evi Dilmandan almaq barədə razılaşmışdır. 2019-cu ilin dekabr ayının ortalarında Dilmana 7000 manat pul məbləğini işlədiyi ofisdə vermişdir. 1 həftə sonra yəni 2019-cu ilin dekabr ayının ortalarında Dilman yaşadığı ünvan 1 32, mənzil 11 ünvanında ev ünvanına gələrək 20000 manat pulu həyat yoldaşı X1 iştirakı ilə almışdır. 2019-cu ilin sonlarında Dilman ilə birlikdə ev ünvanına gedən zaman Yaqub ev ünvanını özü təzə aldığını, lakin evin qəzalı vəziyyətdə olması səbəbindən ödədiyi pulu Sərxandan aldıqdan sonra evi tərk edəcəyini demişdir. Bu zaman Yaqubdan Sərxanın kim olmasını soruşduqda evin sahibinin Sərxan olmasını, məhz həmin ev ünvanının Sərxan tərəfindən satılmasını izah etmişdir. Bundan sonra Yaqubla ailə üzvlərinin Dilmanla mübahisəsi baş vermişdir. Bundan sonra evin həm qəzalı vəziyyətdə olması, həm də Dilmanın Yaqubun dediklərini deməməsi səbəbindən Dilmandan pulunu geri tələb etməyə başlamışdır. Bundan sonra Dilman Sərxanı işlədiyi ofisə çağırmışdır. Sərxanla bir qədər danışdıqdan sonra ofisdə Sərxan 7000 manat pulu geri qaytarmışdır. Bundan sonra evi satdıqdan sonra qalan məbləği verəcəklərini bildirmişdir. Həmin vaxtdan 5 ildən artıq müddət keçməsinə baxmayaraq Sərxan və Dilman pullarını geri qaytarmamışdır. Hər dəfə hər iki şəxslə əlaqə saxlayan zaman isə evi satıb pulu verəcəklərini bildirsələrdə vədlərinə əməl etməmişdirlər. - İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, Bakı şəhəri, NZS qəsəbəsində fərdi olaraq evlərin alqı-satqı ofisini işlədir. Sərxan adlı şəxsi uzun müddətdir ki, tanıyır. Sərxan ev tikib satmaqla məşğuldur. Təxminən 2019-cu ilin payız aylarında Sərxan Yaqub adlı şəxsə məxsus NZS qəsəbəsi, R.Bağırov küçəsindəki 3 otaqlı evi satmaq istədiyini bildirmişdir. Bundan 2019-cu ilin dekabr ayında əvvəllər tanımadığı İddiaçı ofisə gəlib həyət evi almaq istədiyini bildirmişdir. Sərxanın dediyi ev ünvanını Safiyə göstərmişdir. Evin qiyməti isə 49500 manata satıldığını bildirmişdir. Bundan sonra Safi və ailə üzvləri, yəni arvadı və qızı ilə birlikdə gedib evə baxmışdır. Onlar evi bəyənmişdir. Bundan sonra ofisə gəlmişdir. Ofisdə Safi evə görə 20000 manat vermişdir. Bundan sonra həmin pulu Yaquba vermişdir. Bundan bir neçə gün sonra pulun qalanı ilə bağlı Safi ilə əlaqə saxlamışdır. Safi 7000 manat pul düzəltdiyini demişdir. Şəhərdə olması səbəbindən Safinin yaşadığı ünvan 2 ünvanının yaxınlığına yollanmışdır. Orada Safi 7000 manat pul vermişdir. Həmin pul məbləğini də Yaquba verməsi üçün Sərxana təqdim etmişdir. Bundan sonra Safi ilə əlaqə saxlayan zaman Safi Rusiya Federasiyasının Krasnodar şəhərinə gedib qalan pul məbləğini işləyib qazandıqdan sonra verəcəyini bildirmişdir. Lakin həmin dövrdə baş verən pandemiya ilə əlaqədar Safi pulu düzəldə bilməmişdir. Buna görə ofisində Sərxan ilə görüşüb Safinin qalan pul məbləğini ödəyə bilmədiyini və verdiyi pulu Yaqubdan alıb geri qaytarmalı olduğunu bildirmişdir. Sərxan isə Yaqubun evdən narazı olmasını, yalnız həmin ev ünvanının satışını həyata keçirtdikdən sonra Safinin pulunu qaytarmaq mümkün olduğunu bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, cavabdeh daşınmaz əmlakın alqı-satqısına vasitəçilik xidmətləri göstərən şəxs olmuş (qanunvercilikdə rieltor, makler, əmlak brokeri və s. terminlərlə ifadə olunan) və iddiaçı özünə yaşayış evi almaq üçün cavabdehə müraciət etmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında vasitəçilik, brokerlik münasibətləri ilə əlaqədar müqavilə öhdəlikləri yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış müqavilə öhdəliklərinə əsasən cavabdeh öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya dəymiş zərəri ödəməyə borclu olduğu üçün, iddia təmin edilərək, cavabdehdən 20000 manat iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, işin mübahisəsiz halı odur ki, iddiaçı tərəfindən daşınmaz əmlakın alınması üçün cavabdehə 27000 manat ödəniş edilmiş, lakin evin alqı-satqısı baş tutmamış, buna baxmayaraq, həmin məbləğdən 7000 manat qaytarılsa da, 20000 manat bu günə kimi cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Cavabdeh alqı-satqının baş tutmasının iddiaçı tərəfindən evin dəyərinin qalan hissəsinin ödənilməməsi ilə əlaqədar olduğunu bildirmiş, həmçinin iddiaçı tərəfindən ona ödənilən 20000 manatın ortaq tanışları Sərxan vasitəsi ilə evin sahibi Yaqub adlı şəxsə verildiyini, həmin pulun hazırda da Yaqubda olduğunu, lakin pulu geri tələb etmələrinə baxmayaraq Yaqubun məbləği qaytarmaqdan imtina etdiyini, iddiaçının 20000 manatı Yaqubdan tələb etməli olduğunu bildirərək iddiaya etiraz etmişdir. İddiaçı isə sonradan evin qəzalı vəziyyətdə olduğunu, eləcə də, ev sahibi Yaqub ilə, evi Yaquba satan şəxslər arasında mübahisə olduğunu öyrəndiyini, bu səbəbdən qəzalı və mübahisəli vəziyyətdə olan evin alqı-satqısından imtina etdiyini qeyd etmiş, digər şəxsləri əvvəldən tanımadığını və onlara pul vermədiyini, makler kimi cavabdehi tanıyaraq 20000 manatı ona verdiyi üçün hazırda da həmin pulu cavabdehdən tələb etdiyini bildirmişdir. İş materialları ilə təsdiq olunur ki, sözügedən ev həqiqətən də qəzalı vəziyyətdə olmuş və mübahisəli olmuşdur. Odur ki, cavabdeh daşınmaz əmlakın alqı-satqısına vasitəçilik edən şəxs kimi əmlakla bağlı bütün məlumatları iddiaçıya verməli, həmçinin alqı-satqı baş tutmaqdıqda ödənilmiş məbləği geri qaytarmalı idi. MM-nin yuxarıda qeyd edilən 448.1, 443.10, 779.1-ci maddələrinin tələblərinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş 20000 manat zərər üçün cavabdeh məsuliyyət daşıdığından 20000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 manat tutularaq İddiaçı ödənilsin. 150 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar