Məhkəmə qərarları › İş №2(011)-551/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-551/2022

27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-551/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “qəsdən sağlamlığa vurulmuş ağır zərərin və böyük mənəvi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 MMC-nə qarşı – cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 törətdiyi cinayət əməlinə görə qəsdən övladının sağlamlığına vurulmuş ağır zərərə görə və iddiaçıya dəymiş böyük mənəvi zərərə görə cavabdehdən 20000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci ildə 8 yaşlı oğlunu Bakı şəhərində yerləşən Cavabdeh1 MMC-nin klinikasına aparmışdır. Cavabdeh2 iddiaçının uşağının altıncı dişini müayinə edərək tam sağaldacağını əminliklə söyləmiş və müalicə dəyərinin 200 manat olmaq şərti ilə tam müalicə üçün 6 dəfə gəlmək lazım olduğunu bildirmişdir. İddiaçı övladının dişinin sağlam və gözəl görünüşə malik olmasına görə məmnuniyyətlə razılaşmışdır. İkinci gəlişdə cavabdeh uşağın yan tərəfdən eyni dişdən olan altıncı dişində az qaralma olduğunu demiş və sinirsiz müalicə olduğuna görə bunun qiyməti 100 manat olduğunu bildirmişdir. Beləliklə, iddiaçı altıncı gəlişdə cavabdehdən uşağının çürük qalan süd dişini də müalicə etməyini istəmişdir. Lakin iddiaçının ona olan etibarından sui-istifadə edərək, ondan gedib kresloda əyləşməyi xahiş etmişdir. Cavabdeh əlavə qazanc əldə etmək məqsədi ilə qəsdən yuxarıdan hər iki tərəfdən iki tam sağlam həmişəlik olan dişlərini yonaraq, uşağının sağlamlığına çox ciddi zərər vurmuş və yonulmuş sağlam dişlərinə görə ondan 200 manat pul tələb etmişdir. Bundan sonra uşağının bəyaz, parıldayan, gözəl, qüsursuz dişləri solub qaralmağa başlamışdır. Bu hadisədən sonra iddiaçı Xətai rayon prokurorluğuna şikayət ərizəsini yazmış və onun Cavabdeh2 ödədiyi ümumi 500 manat pulu ona qaytarılmışdır. Hətta az müddət sonra Cavabdeh1 MMC-nə getmə səbəbi olan uşağının altıncı dişində şişərək yararsız hala düşdüyü məlum olmuşdur. Cavabdeh2 uşağının dişlərində apardığı çoxsaylı səhv müalicələr nəticəsində uşağının dişləri tamamilə dəyişilib yararsız hala düşmüş, damaqlarda qaralma ağrıları əmələ gəlmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdehlər qəsdən törətdiyi ağır cinayət əməlinə görə, qəsdən övladının sağlamlığına vurmuş zərərə görə Cavabdeh1 MMC-dən maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat və Cavabdeh2 maddi zərərə görə 20000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, ümumilikdə cavabdehlərdən 50000 manat məbləğində pul vəsaitlərinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi məlum olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cu il tarixində Qusar rayonunda anadan olmuşdur. Onun valideynləri qrafasında anası “İddiaçı” olaraq göstərilmişdir. İş materiallarında olan Azərbyacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 155/KEŞ saylı ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssiz müayinələrinə əsasən, 36-cı dişin kanal müalicəsinin rentgenoloji və kliniki olaraq adekvat olduğu, 16-cı, 26-cı dişlərin kariesə görə müalicə olunmuş və plomblanmışdır. 84 və 85-ci süd dişlərinin çıxarılması isə düzgün seçim olmuşdur. Göründüyü kimi, İddiaçı iddiasının əsası kimi övladı azyaşlı xx.xx.2013-cü il təvəllüdlü X1 dişlərində Cavabdeh1 MMC-də həkim Cavabdeh2 tərəfindən aparılmış müalicələr nəticəsində uşağın sağlamlığına qəsdən ağır zərər dəyməsini göstərmiş və nəticədə uşaqda yaranmış fəsadların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 10000 manat Cavabdeh1 MMC-dən, 20000 manat məbləğində isə Cavabdeh2 pul vəsaiti tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən göstərilən halların müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş ekspert rəyinə əsasən, uşağın dişlərində aparılmış müalicələrin düzgün olduğu və müalicə nəticəsində hər hansı fəsadın yaranması müəyyən edilməmişdir. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2013-cü il təvəllüdlü Cami Bayramov adlı uşağının sağlamlığına cavabdehlərin təqsiri ucbatından hər hansı zərərin dəyməsi iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia maddi ziyanın vurulması hissəsində əsassızdır. Məhkəmə İddiaçı Cavabdeh1 MMC-dən mənəvi zərərə görə 10000 manat və Cavabdeh2 mənəvi zərərə görə 10000 manat məbləğində pulun tutulması barədə iddia tələblərini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissələrdə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 20000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsinə dair iddia tələbləri də əsassızdır. Odur ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissələri də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC -nə və Cavabdeh2 qarşı – cavabdehlərin qəsdən törətdiyi ağır cinayət əməlinə görə, qəsdən övladının sağlamlığına vurmuş zərərə görə cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat və Cavabdeh2 maddi zərərə görə 20000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, ümumilikdə cavabdehlərdən 50000 manat məbləğində pul vəsaitlərinin tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar