Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5511/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyən etdi: İşin halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 823 nömrə ilə qeydiyyata alınmışdır.
2. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-602/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən birgə nikah dövründə əldə olunmuş qazancdan 20000 manat pulun və ödədiyi 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, cavabdehlə 20 iyul 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə uşaqları doğulmamışdır. Cavabdehlə birgə nikah dövründə yaşadıqları müddətdə və hal-hazırda da cavabdeh mebel sexi işlədir və yaxşı qazanc əldə edir. Birgə yaşadıqları dövrdə mebel sexi yaşadıqları evin həyətində idi. O, dərzi peşəsi ilə məşğul olurdu və cavabdeh tərəfindən yığılan divanların və digər yumşaq mebellərin üzlüklərini tikirdi. Cavabdehlə birgə yaşadıqları müddətdə, yəni 12 il müddətində o, yığılan bütün yumşaq mebellərin üzlüklərini tikmişdir. Bir divanın üzlüyünü başqa dərzilər 50 manata tikir. Cavabdeh isə onun sayəsində həmin 50 manatı ödəməkdən azad olmuşdur. Ona görə ki, bütün üzlükləri o tikirdi. Birgə nikah dövründə qazandıqları pulları isə cavabdeh öz bacı, qardaşları və valideyinləri üçün xərcləmişdir. Cavabdeh birgə nikahda yaşadıqları 12 il ərzində onun dərzilik etməyi vasitəsi ilə külli miqdarda qazanc əldə etmişdir. Həmin müddət ərzində əldə olunan qazanc barədə rəsmi məlumat olmadığından ağlabatan məbləğdə pul tələb etmək iqtidarındadır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı ümumiyyətlə işləməyib, bundan başqa hansısa bir ev işində qısa müddətə kömək etmək işləmək deyil. Buna görə ona əmək haqqı verməli deyildi. Əslində bu işlə onun atası Novruzov Nəsib məşğul olub, anası tez-tez iddiaçını köməyə çağırırdı. Ərin ev işinə görə arvada maaş ödəməsi qaydası hələ ki, mövcud deyil. Qazandığı pulları qardaş-bacısına xərcləməyi də doğru deyil.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Cavabdeh məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, iddiaçı ilə dost olublar, əlaqələri olub. İddiaçıgilin evinə gedəndə onların həyətində sexlərinin olduğunu və iddiaçının da orada işlədiyini görüb. Bir neçə dəfə iddiaçının mebel üzlükləri tikdiyi yerə gedib, hətta bir dəfəsində atasının şalvarını düzəltdirmək üçün gedib. Sexdə tikiş maşının ölçüsü, rəngi və forması yadında deyil.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, 2000-ci ildən iddiaçının atasının qonşusudur. Cavabdehin mebelləri düzəltdiyi sexdə olmayıb, lakin eşidib ki, iddiaçı ilə birgə yumşaq mebel düzəldib, tikirlər.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, cavabdehlə qohumdurlar, bir neçə dəfə cavabdehə divan və kreslo hazırlanması üçün sifariş verib, həmin vaxt mebellərin üzlüklərini iddiaçı tikib.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ramin Mollayev izahat verərək bildirdi ki, iki dəfə cavabdehə divan düzəldilməsi üçün sifariş verib, birinci dəfə mebeli cavabdehin evindən götürüb, həmin vaxt həyətə daxil olub, ancaq mebellərin hazırlandığı sexə və dərzi otağına daxil olmayıb.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası
15. 26-cı maddənin İ hissəsi: Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
16. 60-cı maddənin İ hissəsi: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
19. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
20. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
27. Məhkəmə işdə iştirakı edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.
28. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
29. İddiaçı nikahda olduqları müddətdə cavabdehlə birgə məişət əşyalarının (yumşaq mebellərin) hazırlanması ilə məşğul olduqlarını, həmin avadanlıqların üzlüklərinin onun tərəfindən tikilməsini və bu işlərin yerinə yetirilməsi nəticəsində əldə edilmiş qazancın bir hissəsinin ona verilməsini tələb edir. Daha konkret, iddiaçı cavabehlə birgə nikah dövründə əldə etdikləri əmlakın (pulun) bir hissəsini iddia edir.
30. Ailə Məcəlləsi ər-arvadın birgə əmlakının 2 hüquqi rejimini – qanuni və müqavilə rejimlərini müəyyən edir. Ər-arvadın birgə əmlakının müqavilə rejimi o zaman qüvvədə olur ki, onlar arasında nikah müqaviləsi bağlanmış olsun. Hazırkı mübahisə üzrə tərəflər arasında nikah müqaviləsi bağlanmamışdır.
31. Qanuni rejim isə o halda qüvvədə olur ki, ər-arvad arasında nikah müqaviləsi olmur, yaxud bağlanmış nikah müqaviləsində əmlakın müqavilə rejimi ilə bağlı başqa qayda nəzərdə tutulmamış olur. (§ 18 və 19).
32. Qanunvericilik əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən etmişdir. 1) tərəflərin birgə nikahda olmaları, 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsası aradan qaldırmış olur.
33. İddiaçı ilə cavabdehin xx.xx.2007-ci il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas).
34. İkinci hüquqi əsas əmlakın tərəflərin birgə nikahda olduqları müddətdə əldə olunmasıdır. İddiaçı cavabdehlə birgə nikahda olduqları müddətdə yuxarıda göstərilən işlərin yerinə yerinə yetirilməsi nəticəsində külli miqdarda pul əldə etdiklərini bildirsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
35. Məhkəmə qeyd edir ki, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət etdiyi halda (§ 21), mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Qanun isə tələb edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəməlidir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki icraatda da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı isə bunu sübut edən faktları məhkəməyə təqdim etməmişdir (§ 22, 25 və 26).
36. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı).
37. Yəni sübutetmədə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur.
38. Məhkəmə şahid ifadələrinə münasibətdə bildirir ki, şahidlərdən Yasin Gülməmmədov və Ramin Mollayev ümumiyyətlə heç vaxt sifariş olunan mebelllərin hazırlandığı emalatxanada olmayıblar, digər iki şahid isə sadəcə güman edilən və başqa şəxslərdən eşidilmiş fikirlər səsləndirərək, iş üzrə onları dəvət edən tərəfin maraqlarına uyğun ifadə vermişlər. Buna görə də məhkəmə hesab edir ki, şahid ifadələri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
39. Əmlakın iddiaçı ilə cavabdehin birgə qazancı hesabına əldə edilməsi ilə bağlı üçüncü hüquqi əsasa gəldikdə isə məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə ikinci hüquqi əsas (pul vəsaitinin birgə nikah müddətində əldə olunması) mövcud olmadığından onun araşdırılması zərurəti arardan qalxmış olur.
40. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin oluna bilməz.
41. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı