Məhkəmə qərarları › İş №2(011)-5527/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5527/2025

10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5527/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin gəlirinin bir hissəsi kimi tutulan alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Tahır oğluna qarşı “cavabdehin gəlirinin bir hissəsi kimi tutulan alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tahır oğlundan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün onun gəlirinin 1/3 hissəsindən alimentin tutulma qaydasının dəyişdirilərək, uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat məbləğində alimentin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nikah münasibətində olmuşdur. Münasibətlərindən iki övladları var. xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6. Münasibətləri pisləşdikdən məhkəmə qaydasında, yəni Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3486 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahdan doğulan uşaqlar İddiaçı himayəsinə verilmiş və cavabdehdən əməkhaqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırki şərait nəzərə alınaraq uşaqların saxlanması çətin olduğundan cavabdehin məvacibindən yox, sabit pul məbləğindən alimentin tutulması daha məqsədəmüvafiqdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, cavabdehin gəlirlərinin artması ilə bağlı hər hansı konkret məlumatı yoxdur. Lakin bank vasitəsilə köçürülən alimentin məbləği cavabdehin gəlirinin 1/3 hissəsi olmaqla, dəyişkən olduğundan və cavabdeh xidmət yerini dəyişdikdə məbləğ (maaşı) az olacağından ehtiyat etdiyinə görə alimentin konkret sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdehin rəsmi iş yeri var, o Silahlı Qüvvələrin tərkibində xidmət aparır. Maaşdan başqa gəlirləri ilə bağlı məlumatı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3486/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 120 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023cü il tarixdən hesablanmaqla hər ay Cavabdeh qazancı və digər gəlirlərinin 1/3 (üçdə bir) miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni xx.xx.2025-ci il tarixinədək 100 (yüz) manat məbləğində alimentin xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, İMS-də iştirak edən tərəf İddiaçıdır, iştirak etməyən tərəf isə Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 14 may 2025-ci il tarixli, 3-17-7/2-7-17725/2025 saylı arayışın surətindən görünür ki, İddiaçı (Fin xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçı”sıdır və pensiya məbləği 80 (səksən) manat məbləği təşkil edir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı "xxxx" MMC-də “Satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə)” vəzifəsində işləyir və əmək haqqısı 453,63 (dörd yüz əlli üç manat altmış üç qəpik) manat məbləği təşkil edir. Belə ki, AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (artırılması, bu iş üzrə tutulma qaydasının dəyişdirilməsi) o hallarda mümkündür ki, aliment ödəyən şəxsin maddi vəziyyətində müsbət dəyişikliyin olması iş materialları ilə öz təsdiqni tapmış olsun. Hazırki iş materialları ilə müəyyən edilir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iddia tələbləri cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını və ya dəyişməsini əsaslandıran hər hansı dəlillə əsaslandırımamışdır. Buna görə də cavabdehin gəlirinin bir hissəsi kimi tutulan alimentin tutulma qaydasının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması üçün hüquqi əsaslar mövcud olmadığından, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3486/2023 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulan alimentin tutulması qaydasının dəyişdirilərək hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat, cəmi 492 (dörd yüz doxsan iki) manat məbləğində sabit pul şəklində alimentin tutulması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar