Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5542/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İşin faktiki hallarına görə xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Lokomotiv” idman sağlamlıq mərkəzinin qazanxanasının qarşısında divarın dibi ilə qanunsuz olaraq çəkilmiş qaz xəttindən sızan qazın partlaması nəticəsində iddiaçının əri X4 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, X7 isə ağır bədən xəsarəti almışdır.
2. Baş vermiş partlayış hadisəsində Cavabdeh İB-nin Binəqədi rayonu X11 9 saylı Yaşayış yerlərində qaz xəttələrinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən X5 təqsirli bilinərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
4. İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdehdən 500.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası cavabdehin əməkdaşının cinayət əməli nəticəsində həyat yoldaşı X2 itirmişdir. Belə ki, cavabdehin Binəqədi rayonu X10 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustası vəzifəsində işləyən X1 üzündən 27 dekabr 2013-cü il tarixdə qaz xəttindən sızan qazın partlaması nəticəsində həyat yoldaşı X4 aldığı xəsarətlərdən ölmüşdür. Binəqədi rayon məhkəməsinin 27 may 2014-cü il tarixli 1(001)- 150/2014 saylı hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon məhkəməsinin qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Həyat yoldaşının həlak olmasına səbəb olaraq onu tənha qoyan cavabdeh mənəvi hüzurunu pozmuşdur. Uşaqlarının atası, ailəni dolandıran, qürur hissi keçirdiyi həyat yoldaşını itirdiyinə görə əvvəlki sevincli həyatı artıq təkrar yaşaya bilməyəcək. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun mənəvi əzab çəkməyi şübhəsizdir. Əzizinin ölməsi ilə bağlı çəkdiyi iztirab və əzablarının müəyyən dərəcədə yumşalması üçün vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə haqqı var. Cavabdeh həyat yoldaşını həyata qaytara bilməz.
7. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşılsa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə 11.000 manat məbləğində müəyyənləşdirilib. Öllüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11 000 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçının həyat yoldaşının itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 500 000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçı məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanə iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
25. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün cavabdehin təqsirliliyi və iddiaçıya mənəvi və maddi zərərin dəyməsinin müəyyən edilməsi vacibdir.
26. Yuxarıda qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. (§16)
27. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Fariz Mirzəyevin əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının ərinin ölməsi iş materialları öz təsdiqini tapır.
28. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Fariz Mirzəyev Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Fariz Mirzəyev ona görə təqsirləndərilmişdir ki, o, "Qazdan istifadə qaydalarının 1.3-cü, 3.1.3-cü. 3.1 5-ci, 3.1.7-ci. ‘Qaz təsərrufatırda təhlükəsizlik qaydalarının 3.89-cu, “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın 2.2-ci bəndinin tələblərini pozmuş, nəticədə xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Lokomotiv” idman sağlamlıq mərkəzinin qazanxanasının qarşısında divarın dibi ilə qanunsuz olaraq çəkilmiş qaz xəttindən sızan qazın partlaması ilə X4 aldığı xəsarətdən hadisə yerində ölmüş, X7 isə az ağır bədən xəsarəti almışdır.
29. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının ərinin ölməsində cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən, eləcə də Mülki Məcəllənin 1099.1-ci maddəsində işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması müəyyən edildiyindən, iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır.
30. İddiaçıyın mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
31. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının əri ölmüşdür. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2014-cü il tarixli rəyinə əsasən Şahvələd Məmmədovun meyitində ənsə nahiyəsində əzilmiş yara, alın nahiyəsinin sıyrığı, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol qabırğaların sınıqları, baş beyin toxumasına qansızma, sol ağ ciyərin cırılması xəsarətləri aşkar edilmişdir. Ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
33. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
34. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının ərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.
35. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
37. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərərə görə pulu ərinin ölümü ilə bağlı tələb edir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının ərinin ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20 000 manat pulun tutulmasını mütənasib hesab edir.
38. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində cavabdehdən tutulmalıdır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 20 000 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 150 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı