Məhkəmə qərarları › İş №2(011)-5549/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5549/2023

30.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5549/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan üç övladı xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan aralarındakı münasibətlər pozulmuş, Cavabdeh övladlarının məişət qayğıları ilə məşğul olmamış, uşaqlarla maraqlanmamış, ərzaq və kommunal xidmətləri ödəməkdən yayınmış və iddiaçı uşaqlarla birgə çıxılmaz vəziyyətə düşmüşdür. Ailədaxili narazılıqlar səbəbindən hal-hazırda eyni evdə yaşasalar da cavabdeh aylarla evə gəlməmiş, övladlarının qarşısında valideynlik vəzifəsini icra etməmişdir. Himayəsində azyaşlı uşaqların olması səbəbindən iddiaçı işləyə, övladlarının maddi təminatını ödəyə bilməmişdir. Cavabdeh bacarıqlı, işgüzar, qeyri-rəsmi gəlirləri və rəsmi stabil əmək haqqı lan şəxs olaraq ailəni yüksək səviyyədə dolandıra biləcək qədər maddi imkanları vardır. Azyaşlı övladlarının saxlanılması üçün cavabdehə maddi dəstək olmasını həm şifahi, həm də mediasiya qaydasında rəsmi müraciət olunmuş və hazırkı iş üzrə cavabdeh mediasiya qaydasında aliment tələbini qəbul edərək, müqavilə imzalanmışdır. Təəssüflər olsun ki, mediasiya qarşısında öhdəliyinə, müqavilə şərtlərinə əməl etməmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, övladları xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün hər ay 1000 manat olmaqla, ümumilikdə 3000 manat miqdarda sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 142543 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Həsənova (Əsədzadə) Roza Asif qızı arasında nikah 15 avqust 2016-cı il tarixdə nikah bağlanmış və 4238 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 23 iyun 2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 31 avqust 2020-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 6 saylı bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 aprel 2023-cü il tarixdə Bakı şəhərində anandan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2023-cü il tarixli MŞB/8/2023-01339 nömrəli barışıq sazişinin şərtlərindən müəyyən edilir ki, Cavabdeh birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 1000 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında alimentin ödənilməsi bağlı razılıq əldə edildiyindən, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 1000 manat olmaqla, ümumilikdə 3000 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2023cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 1000 manat olmaqla, ümumilikdə 3000 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar