Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5592/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı X3 Cavabdeh1 iştirakı ilə İddiaçı X3 Cavabdeh1 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X6 Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyana görə 3500 manat və mənəvi zərərə görə 5000 olmaqla, cəmi 8500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Opel Zafira” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirmək üçün 2021-ci il dekabr ayının ortalarında cavabdehin işlədiyi və Köhnə Günəşli qəsəbəsində yerləşən təmir sexinə aparmışdır. Cavabdeh maşına baxandan sonra usta pulu da daxil olmaqla ehtiyat hissələrinin alınıb maşını tam şəkildə təmir edib saz vəziyyətdə təhvil verməsi üçün ona 1500 manat pul verməli olduğunu, 1 həftəyə maşını tam təmir edib saz vəzyyətdə verəcəyini bildirmişdir. Onunla razılaşıb 1500 manatı vermişdir. Ancaq maşının təmir edilib verilməsi 4 həftə çəkmişdir. 2022-ci ilin yanvar ayında cavabdeh təmiri başa çatdırdığına görə maşını götürmüş və həmin gün Qəbələ rayonuna getmişdir. Qəbələyə çatanda maşın yenidən xarab olmuş və motoru dağılmışdır. Maşını Qəbələdə usta yanına aparmış, usta baxıb demişdir ki, maşının motoru köhnə hissələr qoyulduğuna görə də dağılmışdır. Sonra 200 manata evakuator tutub maşını cavabdehin iş yerinə gətirmiş, ona maşının motorunu yenidən təmir etməsini demiş, lakin o bundan boyun qaçırmışdır. Təzədən 1500 manat verib motor almış, ayrı ustaya 300 manat pul verib motoru maşının üstünə qoydurmuşdur. Cavabdehin bu hərəkətlərinə görə ona 3500 manat maddi ziyan dəymişdir. O, bu ziyanı ödəmək istəmir. Maddi ziyanla bərabər ona ən azı 5000 manat məbləğində mənəvi ziyan da dəymişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı əsassız olaraq olaraq ona qarşı iddia qaldırmışdır. Belə ki, iddiaçı avtobilinin təmiri üçün ona 700 manat pul verib, həmin məbləğin klapan 16 ədəd-85 manat, qalovkanın prakladkası 1 ədəd-25 manat, salnik klapan 16 ədəd -35 manat, salnik qabaq krişka 1 ədəd-12 manat, prokladka qabaq krişka 1 ədəd 15 manat, kolça SM 1 ədəd -90 manat, kladiş şatunnu komplekt-50 manat, sep üst komplekt-160 manat, prokladka üst krişka-25 manat, ümumiükdə 497 manat avtomobilin ehtiyyat hissələrinə verilmişdir. Halbu ki, iddiaçı avtomobilin təmir və ehtiyyat hissələri üçün ona 500+300=800 manat verməli idi, lakin 100 manat təmir pulundan verməmişdir. Avtomobili aparıb 4 ay sürəndən sonra yenidən təkrar onun yanına şikayətə gəlmişdir. İddiaçı həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur, gündəlik olaraq rayonlara müştəri aparır, özünün dediyinə görə gündəlik 300-400 kilometr yol sürür. Hətta ona məsləhət görmüşdür ki, avtomobilinə ucuz yağlar tökməsin. Əks halda gələcəkdə bir daha motorunda nasazlıq yarana bilər. İddiaçı avtomobilini onun yanına nasaz vəziyyətdə gətirmişdir, hal-hazırda ondan avtomobilin üstünə qoyulan pulunu, həm də ki, ehtiyat hissələrinə xərclənən pulu artıqlaması ilə əsassız olaraq istəyir. Əlavə olaraqda bildirir ki, iddiaçı sonradan yanına gələn zaman verdiyi 200 manat usta pulunu aralarındakı narazılığa görə ona qaytarmışdır. Bu səbəbdən də, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş edir. VÖEN üzrə mühərrik ustasıdır. İddiaçı müraciət edərək onun avtomobilinin mühərrikinin təmir edilməsini xahiş etmiş, o da öz növbəsində mühərriki təmir edərək saz vəziyyətdə ona təhvil vermişdir. Mühərriki təhvil verərkən ona bildirmişdir ki, Bakı yağlarından istifadə etdiyinə görə mühərrik xarab olmuşdur və yağ keyfiyyətsiz olduğuna görə yağ setkasını tutmuşdur və tövsiyə etmişdir ki, keyfiyyətli yağlardan istifadə etsin. Lakin o görünür ki yenə keyfiyyətsiz yağlardan istifadə etmişdir, belə ki, təmir etdiyi mühərriklə təqribən 4 ay avtomobili istifadə etmiş, yağ kəfgiri tutulduğuna görə yenə maşın xarab olmuşdur. 40 ilin mühərrik ustası kimi bilir ki, mühərrikin 4 ay ərzində xarab olması yalnız keyfiyyətsiz yağdan baş verə bilər. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, çilingərdir. Cavabdeh1 yanında işləyir. Şakirin maşını evakuatorun üstündə gəlmişdi. Mühərriki vurmuşdu. Kəfkir tutulmuşdu. Usta 300 manat dedi. Təmir edib verdilər. Təmir qurtrandan sonra Şakirə xəbərdarlıq etmişdir ki, ventilyator radiatora sürtülür, dəyişdirmək lazımdır. Lakin, o, imkanının olmadığını bildirdi. Mühərriki yığından sonra 30 dəqiqə- 1 saata qədər çalışdırdılar və heç bir problem yox idi. 3-4 gündən sonra Şakir gəldi ki, radiatordan su axır. Ventilyator sürtüb deşmişildi. 3-4 dörd gün sonra termostatı xarab olmuş, onu da dəyişmişlər. 3 dəfə dəyişdilər işləmədi, 3-cünü alıb gətirib dəyişdikdən sonra termostat işlədi. Motordan şikayəti yox idi. Pul da vermirdi. Mühərrikin təmirindən 2 aydan da çox vaxt keçəndən sonra yenə gəldi ki, mühərrik vurub, yenə düzəldin. Bu dəfə artıq Novruz usta təmirdə imtina edib dedi ki, “özünə başqa usta tap”. Mühərrikin valı normal idi, yonulmağa ehtiyac yox idi, “vkladış-kolsa”nı dəyişmişlər. Motorun “kəfkiri” tutulmuşdu, xarab olmasının səbəbi də, keyfiyyətsiz yağdan istifadə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, çilingərdir. Şakir birinci onun yanına gəlmişdi, vaxtı olmadığından onu Novruzun yanına göndərmişdir. Motorun xarab olmasının səbəbi “kəfkirin” tutulması olmuşdu. İkinci dəfə də, motorun xarab olması yenə də “kəfkirin” tutulması olmuşdur. Şakir ikinci dəfə gələndə motor alıb qoydu üstünə. Yağlanma normal olmayınca motor dağılıb. Əgər pis yığılsaydı, maksimum 1 həftə işləyərdi. Novruz mənə demişdi ki, Şakirdə aldığı 200 manatı onun özünə qaytarmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, X7 Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamə əsasında 2001-ci il buraxılışlı, “Opel Zafira” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi X4 etibar etmişdir. Bakı Şəhəri Xətai RPİ-nin 35-ci PB tərəfindən X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti əsasında araşdırma aparılmış, lakin ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün mülki qaydada məhkəmədə iddia qaldırmasının məqsədə müvafiq olduğu bildirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh1nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı X6, ona məxsus olan “Opel Zafira” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin Cavabdeh1 tərəfindən düzgün təmir etməməsi nəticəsində təqribən 4 ay sonra yenidən sıradan çıxmasını, bununla əlaqədar olaraq cəmi 3500 manat məbləğində maddi ziyana məruz qaldığını, həmçinin, cavabdehin hərəkətləri nəticəsində ona ən az 5000 manat mənəvi zərər dəydiyini iddia etsə də, bunun cavabdehi təqsiri üzündən baş verməsi barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iş üzrə araşdırılmış sübutlarl və şahid ifadələri ilə də, iddiaçının tələbinin əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X3 Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-5592/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5592/2022
17.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver