Məhkəmə qərarları › İş №2(011)-5599/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5599/2022

28.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5599/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcları ödəməkdən azad edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X7 qarşı – qızı X1 üçün cavabdehin xeyrinə tutulmalı olan aliment üzrə borcları ödəməkdən azad edilməsi, aliment alan cavabdeh Akçalı (Musayeva) Zibeydə yeni nikaha daxil olduğundan aliment öhdəliklərinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan xx.xx.2012-ci ildə anadan olmuş qızı Zəhranın saxlanılması üçün hər ay 120 manat pul tutulur. Eyni zamanda iddiaçının cavabdehə qarşı qızı Zəhra ilə hər şənbə və bazar günləri görüşməsi barədə iddiası da Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsilə təmin edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı xəstə olduğundan və işləmək iqtidarında olmadığından, alimenti iddiaçının atası və anası öz pensiyalarından ödəyirlər ki, bu da onların özlərinin səhhətlərinə mənfi təsir göstərir, normal qidalana bilmirlər. Hal-hazırda iddiaçının aliment borcu 3900 manat təşkil edir. İddiaçı 2011-ci ildən paranoid şizofrenia əsəb xəstəliyindən əziyyət çəkir və həmin vaxtdan müalicə olunur. 2017-ci ildən iddiaçı AR Səhiyyə Nazirliyinin Baş psixiatrı Gəray Gəraybəylinin müşahidəsi altında və onun təyin etdiyi qaydada müalicə olunur. İddiaçı xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı illərdə Baş psixiatr tərəfindən müayinə olunmuşdur. İddiaçıya müalicə üçün dərmanlar yazılmışdır. İddiaçı xəstəliyi ağırlaşdığından xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 2 nömrəli X4 stasionar qaydada müalicə almışdır. İddiaçı AR ƏƏSMN-nin Xətai rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olsa da, işsizlik müavinəti almamış, alimenti qoca atası və anası (65 yaşında) pensiyası hesabına ödəmiş, icra məmurları tərəfindən aliment borcunu ödəmək tələbləri iddiaçının xəstəliyini şiddətləndirmişdir. İddiaçı qızı Zəhranın saxlanılması üçün az da olsa valideynlərinin hesabına aliment ödəsə də, cavabdeh qızları anadan olandan iddiaçının onunla görüşməsinə nə Bakıda yaşayanda, nə də türk vətəndaşına ərə gedəndən sonra icazə verməmiş, bu barədə məhkəmə qətnaməsini icra etməkdən də imtina etmiş, həmin qətnamə bu günə kimi icra edilməmişdir. Cavabdeh Türkiyə Respublikasında yaşadığından, məhkəmə iclaslarında onun etibarnaməsi əsasında atası X10 iştirak etmişdir. İddiaçının qızı Zəhra ilə ünsiyyətdə olmaq tələbi barədə iddiasına xx.xx.2018-ci ildə baxılarkən İ.M.Musayev qızı Zəhra ilə yalnız tətillərdə görüşə biləcəyinin mümkün olmasını bildirsə də və məhkəmə hər ilin iyul və avqust aylarında iddiaçıya qızı ilə görüşüb ünsiyyətdə olmaq barədə qərar versə də, İ.M.Musayev (cavabdehin atası və nümayəndəsi) həmin qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Cavabdeh 2016-cı ildən qızı Zəhra ilə Türkiyədə, İstanbul vilayətinin Esenyurt rayonunda yaşayır. Zəhra Esenyurt rayonunda yerləşən ibtidai məktəbin birinci sinifində təhsil alır, qətnamədə göstərilən vaxtlarda atası ilə görüşməsi qeyri-mümkündür. M.Musayev apellyasiya şikayətində həmçinin göstərmişdir ki, qızı-cavabdeh X13 ailə həyatı qurmuş, həmin nikahdan bir körpə uşağı var, onun körpə uşağını qoyaraq Azərbaycana gəlməsi mümkünsüzdür. İddiaçı xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir, yeni ailə qurmuş və bir övladı var. Məşğulluq İdarəsində qeydiyyatda olsa da, heç bir müavinət almır, aliment borclarını ödəmək iqtidarında deyil. Eyni zamanda cavabdeh Akçalı (Musayeva) Zibeydə Türkiyə Respublikasında yaşayır, Türk vətəndaşı ilə nikaha daxil olmuş, həmin şəxslə bir övladı var. Bu faktı cavabdehin atası İ.Musayev apellyasiya şikayətində təsdiq etmişdir. Cavabdeh iddiaçının qızı ilə görüşməsinə də bu səbəbdən mane olur. İddiaçı cavabdehin orada işləməsini və maddi durumunun iddiaçıdan tutulan alimentə ehtiyacı olmamasını, həmin alimentin cavabdehin atası İlham Musayev tərəfindən alınmasını nəzərə alınmasını xahiş edir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, qızı X2 üçün cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızının xeyrinə məhkəmədə iddia qaldırılan günə kimi tutulmalı olan aliment üzrə borcu ödəməkdən tam azad edilməsi, ondan tutulan alimentin miqdarının əlillik pensiyasının ¼ hissəsi – 45 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin adının səhvən “Zülfiyyə” olaraq göstərildiyini qeyd etmiş və cavabdehin adının Akçalı (Musayeva) Zibeydə İlham qızı olaraq qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8448/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə (İş № 2(011)-1285/2014) həmin iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13055/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3417/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X9 cavabdehin iştirakı olmadan hər ilin qış və yay tətillərində Azərbaycana gələndə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək atası İddiaçı ilə görüş vaxtının müəyyən edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4064/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilk iddiası və İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 17/74№ 17715/15 saylı məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1285/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixə olan aliment borcu 5460 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 17/74№ 54457/5 saylı məktubundan görünür ki, İddiaçı borclu Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə ölkədən getməsi və hazırda ölkə hüdudlarından kənarda olması, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13055 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının hal-hazırda mümkün olmaması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə ailə münasibtələrindən 2012-ci il təvəllüdlü bir uşaqları anadan olmuş, hazırda uşaq cavabdehin yanında qalır. Cavabdehin yanında saxlanmış uşağın saxlanması üçün iddiaçıdan hər ay 120 manat məbləğində aliment cavabdehin xeyrinə tutulmuşdur. Hazırda isə iddiaçı cavabdehin türk vətəndaşı ailə həyatı quraraq, Türkiyə Respublikasında yaşamasına, uşağın alimentə ehtiyacının olmamasına, özünün xəstə olduğu üçün aliment ödəyə bilməməsinə və alimenti yaşı ana və atasının pensiyasından ödəməsinə istinad edərək, yığılmış aliment borclarının silinməsini və növbəti aylar üçün alimentin onun pensiyasının ¼ hissəsi miqdarında tutulmasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Hazırda isə iddiaçının aliment verməkdən azad edilməsi xeyrinə aliment tutulan yetkinlik yaşına çatmayanın mənafeyinə zidd olardı. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin məbləği 2022-ci il uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən də xeyli azdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi aliment borcu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmuş alimentin ödənilməməsi nəticəsində yaranmışdır. Bu isə özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtı-vaxtında icra edilməməsinə gətirib çıxarır ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassızıdır və təmin edilməməlidir. Məhkəmə iddianının “iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin pensiyasının ¼ hissəsi miqdarında tutulması” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Lakin iddiaçı ondan tutulan alimentin tutulma qaydasının dəyişdirilməsini xahiş etsə də, aliment barədə qətnamə qəbul edildikdən sonra onun ailə və ya maddi vəziyyətində mühüm dəyişikliklərin baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, alimentin formasını dəyişdirilməsini tələb etmək hüququ aliment ödəyənə yox xeyrinə aliment ödənilən şəxsə məxsusdur. Odur ki, iddia göstərilən hissədə də əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızına qarşı – qızı X2 üçün cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızının xeyrinə məhkəmədə iddia qaldırılan günə kimi tutulmalı olan aliment üzrə borcu ödəməkdən tam azad edilməsi, ondan tutulan alimentin miqdarının əlillik pensiyasının ¼ hissəsi – 45 manat məbləğində müəyyən edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar